Biz imzaları yox, əsərləri dərc edirik...

Adamın ürəyi donur – Camal Yusifzadənin ilk kitabı
233
12 Mart 2018, 14:49
   Artkaspi.az "Gənc şairin ilk kitabı” adlı layihəyə start verib. Bu layihə çərçivəsində şeirləri xalqın, oxucuların könlünə yol tapan, istedadları çoxluq tərəfindən etiraf olunmuş sevimli şairlərin ilk kitabları haqqında kiçik təqdimatla həmin nəşrdən bəzi şeirləri dərc olunur. Bu dəfə Camal Yusifzadənin ilk kitabından şeirlər və şəkillər oxucuların ixtiyarına verilir:
 

 
 Şair, dramaturq, nasir Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olmuşdur. Şairin ilk kitabı "Atlılar, qanadlılar” 1975-ci ildə "Gənclik” nəşriyyatında çap olunub. 
  5000 min tirajla nəşr olunan kitabın redaktoru Ə.Salahzadə, rəssamı M.Əhmədov, bədii redaktoru N.Rəhimov, texniki redaktoru N.Süleymanov, korrektoru Ş.Məmmədova, qiyməti 18 qəpik olmuşdur.
 
   
 

  
  Tarixdən Səslər
 
  Atlılar–qanadlılar
 
                                (xalq qəhrəmanlarına)
 
İgidlər vardı, 
igidlər – 
Palıd kimi,
Polad kimi
igidlər,
İgidlər vardı, 
igidlər,
At belində gəlmişdilər,
At belində getdilər.
Gedib yenə gəldilər.
İgidlər vardı, 
igidlər/
 
Atlılar–qanadlılar
Atları gümüş yallı,
Atları gümüş nallı.
Misri qılınc əlində,
Qırat, Bozat belində
Bir səhər atlandılar,
Az getdilər, üz getdilər,
Dərə, təpə, düz getdilər...
Gedib yenə gəldilər.
 
İgidlər vardı, 
igidlər,
Çapdılar, çapdılar, çapdılar
Əlimiz bir yana çatana kimi,
Bir yağı ümidi üzülənədək,
Bir düşmən dəstəsi batana kimi,
Neçə dağdan aşdılar,
Neçə seldən keçdilər – 
Nənəm uzaqlaşan
Nal səslərinə 
Bir ovuc göz yaşı
Atana kimi.
 
Atları gümüş yallı,
Atları gümüş nallı.
Atlılar – qanadlılar
Çapıb, çapıb
əsrlərdən-əsrlərə çatdılar.
İgidlər vardı, 
igidlər...
 
İgidlər vardı, 
igidlər,
Əsr-əsr çapdılar;
Çapa-çapa yaxınlaşıb
Gəlib... bizə çatdılar,
Getdik çiyin-çiyinə.
 
 

  
 Əsgər harayı
 
Nə qəribə qaranlıq,
Nə qəribə sükutdur!
Ehey, kim var orda,
Ehey, kimsən orda?
Hanı mənim avtomatım,
Şəhər hanı?
Hanı mənim boz şinelli
Qana batmış qan qardaşım? 
Bura yaman soyuqdur,
Bura niyə nəm çəkir?
Adamın ürəyi donur soyuqdan.
Ehey, kim var orda,
Ehey, kimsən orda?
Eh, nə yaman darıxdım.
Görəsən, bayırda necədir hava?
Yağış yenə yağırmı?
Günəş yenə doğurmu?
Anam necədir, görən? 
Ehey, kim var orda?
Ehey, kimsən axı?
Bir cavab ver, bir din görüm,
Dilin lal olub, nədir?!
Uzanmaqdan yoruldum,
Bu başımın üstündəki
Nədir axı, nədir belə?
Nə, ağırdır, nə soyuqdur.
Ehey, kimsən orda, götür daşı,
Qoy asudə nəfəs alım.
Qoy burdan bir boylanım,
Görüm axı mən hardayam?
Ehey, kimsən orda?
Kimsən axı?
Bir dinsənə, nə olar.
Ehey, kim var orda?
Ehey, kimsən orda?
Səndən bir xahişim var:
Dur get anamı çağır.
Ehey, kim var orda?
Ehey, kimsən orda,
Kimsən axı?..
 
 

   
 Bakım mənim
 
Qara gözlü Bakım mənim.
Ümid elim, işıq obam.
Zərdüşt babam,
Buruq-buruq, çıraq-çıraq,
Səngiməyən odum mənim –
Od yataqlı yurdum mənim.
Bayraqdarım,
Bahadırım,
Neft çağlayan
Qan damarım.
Sarılmışam tənək kimi boynuna,
Sığınmışam od ürəkli qoynuna.
Həsrətindən üşüyürəm
Ayaq bassam hayana.
 
 

  
  Hazırladı: Aysu Kərimova