Biz imzaları yox, əsərləri dərc edirik...

Adam durduğu yerdə necə ölə bilər? – Orxan Fikrətoğlunun hekayəsi
197
22 Yanvar 2018, 14:18
  artkaspi.az Orxan Fikrətoğlunun "Adam" adlı hekayəsini təqdim edir:

  Şəhərə xəbər yayıldı ki, adam ölüb. İnanmadım. "Adam durduğu yerdə necə ölə bilər?” düşündüm. Qar­daşıma zəng vurdum. "Ölüb” dedi. Adamla qohum idik. Bibimin əriydi. Qardaşım – "Yaxşı deyil, yasa gələrsən”, – dedi. Rəhmətlik məni sevmirdi. Olanı üzünə dediyim üçün bir dəfə məni sürü­cü­sünə döydürmüşdü də. Amma arada bibim vardı, getməliydim.
  Qara köynəyimi hüznlə ütüləyən qadınım da: "Daha yasda gic-gic danışma. "Allah rəhmət eləsin” de, qayıt gəl. Unutma ki, oğlunun təhsil pulunu o rəhmətlik verirdi”, – dedi. 
  Xeyir-şər evinə girəndə gözlərimə inanmadım. Adam yuxarı başda qara haşiyəyə alınmış şəklinin altın­da oturmuşdu. Məni görən kimi ayağa qalxıb yanına çağırdı. Yaxınlaşıb dodaqaltı: "Allah sənə rəhmət eləsin”, – dedim. Bir gecəyə sınıxmışdı. Başına gələn bu qəfil işdən sınmış görünürdü. Göz­lə­rində kədər vardı. Özünə acıyırdı. Əvvəlki adamlığından üzün­də əsər-əlamət qalmamışdı. Ona rəhmət diləməyimə köv­rəlib "Sağ ol, keç otur, halvamdan ye”, – dedi. 
 

 
  Keçib onun göstərdiyi yerdə molla ilə yanaşı oturdum. Mollanın başı aşa qarışmışdı. Sağ tərəfimdə oturmuş üzü nurlu kişinin qoluna toxunub yavaşca: "Məni qara basır? Yoxsa sən də mən gördüyümü gö­rür­sən?” – soruşdum. Üzü nurlu kişi: "Adamlar belə ölür də, sənin fik­rin özünə getməsin” – dedi. Üzü nurlu kişinin dediklərini anlamağa macal tapmamış Adam yaxınlaşıb: – "Cənab Əzrayılla tanış oldun?”, – soruşdu. Bədənimi soyuq tər basdı. Üzü nurlu kişi gülümsəyib əlini dizimin üstünə qoydu: – "Əzrayıl mənəm, a bala, qorxma”, – dedi. "Qorxma” sözündən toxtayıb Adamın üzünə baxdım. Əzrayılın yanında artıq-əskik danışmayım deyə qaş-gözlə "Bu nə işdir, başına gəlib?” soruşdum. Adam udqunub: "Onlara bax”, – pıçıldadı. Başımı qaldırıb onun gözüylə yasa gələnlərə baxdım. Heç birinin üzü yox idi. Ancaq ağızları vardı. Ayağa qalxıb ucadan: "Adam ölməyib!” – qışqırdım. Gülüşdülər. Mollanın mikrofonunu dartıb əlindən aldım. Əlimdə mikrofon görən bir çalpapaq qoca əvvəlcə telefonuyla şəklimi çəkdi. Sonra həmin telefondan musiqi səsi eşidilməyə başladı. Kimsə bərkdən musiqinin ritminə uyğun fit çaldı. Mollanın yanında oturmuş üzü tüksüz mədrəsə uşağı ortalığa düşüb şıdırğı rəqs etdi. Əzrayıl tüksüz uşağın qolundan tutmasaydı, uşaq qol qaldırıb ədəli-dədəli yası toya çevirəcəkdi. Adam aramla ayağa qalxıb mikrofonu əlimdən aldı. Qaralmış dodaqlarını mikrafona yapışdırıb aram-aram danışmağa başladı: " lüm əhvalatı belə oldu. Dünən axşama yaxın oturub şəkillərə baxırdım. Xəbərsiz-filansız Əzrayıl gəlib dedi ki, "Vaxtdır, mənimlə getməlisən”. İnan­ma­dım. Məni arxayın etmişdilər ki, ölməyəcəyəm axı. Bəs bu Əzrayıl hardan çıxdı, görəsən? Əvvəlcə onu silahımla vurmaq istədim. Güllə götürmədi. Oğlanlarımı çağırmaq istədim, səsim çıxmadı. Əz­ra­yıl gülə-gülə məni yerə yıxıb sinəmə çökdü. Gözlərindən anladım ki, getməliyəm. Pıçıltıyla "aman ver” dedim. İnsafı varmış. Durdu. Ayağa qalxıb: "Gəl belə eləyək”, dedim. "İcazə ver, qabaqca ölümə sürücümü göndərim. Sürücüm gedib gorda mənim üçün bir rahat yer eləsin. Sonra gəlib mənə xəbər versin. Mən də pal-paltarımı yığıb gəlim də... Nə deyirəm ki”.. "Əzrayıl gülə-gülə üzümə baxıb "Ora gedən geri dönmür. Oranın bir qapısı var. Amma sənə öz yasında oturmaq icazəsi verəcəm. Bax gör dost saydıqların səni əslində necə sevirmiş?”, – dedi. İndi otur­muşam yasımda. Onlardan çox, özümü tanıyıram”. Adamın son sözlərinə yas adam­ları bərkdən gülüş­dülər. O, əlində tut­duğu mikrofonu mollaya uzadıb ağır-ağır kətilə çökdü. Gözüm əzrayıla sataşdı. Min ilin əzrayılı Adamın sözlərindən kövrəlib uşaq təki ağlayırdı. Molla təzə bir dua oxudu. Duadan sonra aş yeyənlərin yarısı ayağa qalxıb yasxanadan eşiyə çıxdılar. Halvadan bir qaşıq götürüb ağzıma qoydum. Acıydı. Molla yağlı barmaqları ilə mikrofonu söndürüb mizin üstünə atdı. Məclis adamları başlarını aşağı salıb aş yeyirdilər. Qəfil gözüm Adamın əllərinə sataşdı. Yarısı yeyilmişdi. Sən demə, yas adamları bayaq­dan aş yerinə Adamın bədənini yeyirlərmiş. Onların totuş bar­maq­larından süzülən yağ aşın deyil, Adamın yağıymış. 
  Üzümü Əzrayıla tutub "Bu nətəhər ölməkdir?” – soruş­dum. 
 

 
  Əzrayıl gülə-gülə: "Sizi çoxdandı mən öldürmürəm ki! Siz özünüz özünüzə bəssiniz”, – dedi. 
  Adamla son dəfə öpüşüb ayrıldım. Halallığımı alandan sonra: "Səni son nəfəsimdə tanıdım. Məni bağışla” – dedi. Bağışladım. Məclisdən çıxanda Əzrayılın da yas adamlarına qoşulduğunu gördüm.
  Səhər şəhərə təzə qıy düşdü ki, Adam ölüb-elə­məyib. Ölən sürücüsüymüş. Yenə qardaşıma zəng vur­dum. Səsimi eşi­dən kimi telefonunu söndürdü. Tənbəllik eləməyib Adamın iş yerinə getdim. İçəri buraxmadılar. İdarənin qarşısında durmuş maşınına yaxınlaşdım. Təzə sürücüdən Adamı soruşmaq istə­yir­dim. Maşının qapısı açılanda gözlərimə inanmadım. Sükan arxasında cənab Əzrayılın özü oturmuşdu. Məni görən təki tanıyıb: "Səma işindən çıxdım, bu gündən şoferlik eləyəcəyəm”, – dedi.
  Mən qorxa-qorxa: – "Bəs yağlı yas adamlarını bundan sonra kim öldürəcək?” – soruşdum...
  Əzrayıl gülə-gülə üzümə baxıb: "O adamlar heç zaman ölməyəcək!” – dedi.

Xəbər lenti