Biz imzaları yox, əsərləri dərc edirik...

Açır öz sirrini könüllər mənə – Balaş Azəroğlunun ilk kitabı
348
22 Sentyabr 2017, 09:27
  artkaspi.az "Gənc şairin ilk kitabı” adlı layihəyə start verib. Bu layihə çərçivəsində şeirləri xalqın, oxucuların könlünə yol tapan, istedadları çoxluq tərəfindən etiraf olunmuş sevimli şairlərin ilk kitabları haqqında kiçik təqdimatla həmin nəşrdən bəzi şeirləri dərc olunur. Bu dəfə Balaş Azəroğlunun ilk kitabından şeirlər və şəkillər oxucuların ixtiyarına verilir:
 


  Balaş Azəroğlu 1921-ci ildə Bakı şəhərində dünyaya gəlib. Şairin ilk kitabı "Şeirlər” 1948-ci ildə "Azərbaycan Nəşriyyatı”nda çap olunub. 5000 tirajla nəşr olunan kitabın redaktoru Məmməd Rahim, texniki redaktoru A.Quliyev, korrektoru Q.Kərimov, qiyməti isə 65 qəpik olmuşdur.
 
Azərbaycan
 

Əziz Azərbaycan, ey gözəl diyar!
Anamın mehriban qucağı sənsən.
Könül tərlanının uçub qonduğu,
Onun çox sevdiyi budağı sənsən.
 
Sənsən düşündüyüm, sənsən andığım
Mənim bu dünyada arxalandığım.
Yetər alışdığım, yetər yandığım,
Şeirimin, qəlbimin sorağı sənsən.
 
Qoy açsın könlümü sözlərim mənim,
Səndən nicat umur gözlərim mənim.
Hələ əyilməyib dizlərim mənim,
Çünki o dizlərin dayağı sənsən.
 
Desəm ki, vurğunam, divanə sanma
Mən öz övladınam biganə sanma,
Bir şamsız, atəşsiz pərvanə sanma,
Yandığım odların ocağı sənsən.
 
Çox vaxt ümid verir bu illər mənə
Gəlib qoşulurlar, çün ellər mənə.
Açır öz sirrini könüllər mənə,
Deyir: Bu gəncliyin növraqı sənsən.
 
Nə olar ki, könlüm bir lalə olsa,
Baharın əlində piyalə olsa
Azadlıq dünyaya şəlalə olsa,
Onun qaynadığı bulağı sənsən.
 
Sıxsa da nə qədər ruzigar məni,
Yandırıb yaxsa da intizar məni,
Boğmaz fırtınalar, dəryalar məni,
Ağır günlərimin dayağı sənsən.
 
Qoy bilsin, ey vətən, hər alçaq yağı,
Solsun o könlünün ümid yarpağı:
Sən  Babək yurdusan, Azər torpağı
Aslanlar məskəni, yatağı sənsən.
 
Əyilməz heç zaman o şah vüqarın
Önündə qan içən qəsbkarların.
Gündüz günəşisən, bizim diyarın,
Gecələr işıqlı çırağı sənsən. 
 
    Bakı 1945
 
 
 
 

   SEVGİLİM
 

Yadinda varmıdır biz ayrılanda
Dedin: – Gələcəyəm özüm, sevgilim!
O gündən yolunu gözləyirəm mən,
Qalmışdı yollarda gözüm, sevgilim.
 
Bilirdim dönməzsən öz ilqarından.
Əzəldən vaqifəm etibarından.
Bu qərib ölkədə intizarından,
Narınca dönmüşdü üzüm, sevgilim.
 
Dostum tənə vurdu, düşmənim qəmə.
Uşaq tək yaşadım mən bu aləmə.
Bil ki, hər çətinə, möhnətə, qəmə
Dedim ki, məcburam, dözüm, sevgilim.
 
Gəldin dar günümdə sən dada gəldin.
Qoymadın baş əyəm cəllada, yada.
Köməksiz dostuna imdada gəldin,
Əhdimiz sınmadı bizim, sevgilim.
 
Demə qış günüdür, nə gül, nə gülşən,
Min baharım vardır məhəbbətindən.
Gəldiyin yollarda icazə ver mən
Şeirimi gül kimi düzüm, sevgilim.
                                                  
Ərdəbil, 1941
 
 
  Hazırladı: Cahan Seyidzadə