Artkaspi.az teatrşünas Aygün Süleymanovanın "Kral ölür" adlı yazısını təqdim edir:
Gündəlik
həyatında insan ölüm haqqında düşünmür. Avropanın məşhur nəzəriyyəçilərindən
olan R.Moudi yazırdı ki, "insan təhtəlşüurunda belə ölüm haqqında düşünmək
istəmir, sonucda öz ölümündən qorxur”. İnsanların ölümün sirrli qatına
yanaşması iki formada mövcud olub: bir qisim bu məsələ ətrafında bilmək və
düşünmək belə istəmirlər, ikinci qisim insanlar əksinə bu sirrə agah olmaq
niyyətindədirlər. İnsanların "ölüm” fenomeninə varmaq, onu bəsitləşdirmək
istəyi tarix boyu məşhur miflərin, nağılların, romanların, pyeslərin və s.
yaranmasına səbəb olub. Nəticədə bizlər ölümü adiləşdirib, "oyun”a çevirərək
həyatımızın bir ritualı edə bilmişik.

S.Vurğun adına Azərbaycan Dövlət Rus
Dram Teatrında absurd ölümsayağı "Mərasim” qurulmuşdu. Fransız dramaturqu Ejen
İoneskonun "Kral ölür" pyesi əsasında hazırlanmış "Mərasim"
tamaşası... Bu mərasimin tarixçəsi özü-özlüyündə absurdun nişanəsidir. 1962-ci
ildə pyes "Mərasim” adı ilə yazılsa da, "Kral ölür” başlığında çap olunur.
Səbəb isə eyni vaxtda Fransada "Mərasim” adlı filmin kino satışına çıxarılması
olur. Beləcə Rus Dram Teatrının kollektivi tamaşanı əsərin ilk adı ilə "Mərasim”
adlandıraraq təqdim edir.
"Mərasim”in rəsmi hissəsi: "Mərasim" tamaşasının
quruluşçu rejissoru Ərşad Ələkbərov (Sankt-Peterburq), quruluşçu rəssamı Azərbaycanın
Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasova, işıq üzrə rəssamı Nikolay Rudıçevdir.
Tamaşada Xalq Artisti Fəxrəddin Manafov, Əməkdar Artist Mehriban Zəki,
aktyorlar Oleq Əmirbəyov, Həcər Ağayeva, Mariya Dubovitskaya, Natiq Hüseynov,
kütləvi səhnələrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri
iştirak edirlər.
Beləcə: Kral iki saatdan sonra
ölməlidir. Krallıqda ağlasığmaz hadisələr baş verir: divarlar uçur, cəmiyyət
dağılır, hakimiyyətin sərhədləri məhdudlaşır, saray əhli başını itirir,
krallığı qoruyanlar qəfil xəstəlikdən ölürlər, məktəblərdə təhsil alacaq kimsə
yoxdur, ilin fəsilləri nizamsız qaydada bir-birini əvəz edir. Bununla belə əsas
personaj (Kral) hər vəchlə müqavimət göstərir, sona qədər vəziyyəti dəyişmək və
ölümdən qaçmaq istəyir.

Tamaşanın janrı
absurd kimi müəyyənləşib. Səhnənin mərkəzində yerləşən uzun, böyük masa
hadisələrin baş verdiyi mərkəzdir. Absurd kimi oxunan tamaşada böyük kraliça
Marqarita özü-özünə qulluq edir-məsələn, yemək çəkir, içki süzür; kiçik kraliça
Mariya səhnəyə araq şüşəsi ilə gəlir, kral I Beranj isə sanki ruhi əsəb
dispanserinin xəstəsidir. Burada rejissor Ərşad Ələkbərov mətnə yumor əlavə
edir, baş verən hadisəyə yumor ilə yanaşır, naturalizmdən imtina edir. Nəticədə
ölüm ağrı yaratmır, ölən insan nə qədər
ölmək istəməsə də, bu səbəbdən əziyyət çəksə də sanki tamaşaçıda heyfsilənmək
hissi olmur. Səhnə
əsəri dərin fəlsəfi dialoqlarla zəngindir ki, bu da tamaşaçıları həyat və ölüm,
ölümdən sonrakı həyat barədə düşüncələrə aparıb çıxarır.
Ailədə vəziyyət
cəmiyyətdəkindən fərqli deyil, kralın iki arvadı var, böyük kraliça Marqarita
(əməkdar artist Mehriban Zəki), kiçik kraliça Mariya (Mariya Duboviçkaya). Əlbəttə ki onların
biri-birini görməyə gözü yoxdur. Kraliça Marqarita sarayda söz sahibidir,
tezliklə kralın ölümünü görmək arzusundadır. Aktrisanın (Mehriban Zəki) səhnə
tapşırığı da sanki gözləmə mövqeyində dayanmaq və krala ("sən öləcəksən”)
psixoloji təsir etmək idi. O, inandırıcı səhnə boyaları ilə yaradılmış soyuq
qəlbli, qəddar qadın obrazıdır. Aktrisa Marqaritanın mənəviyyatındakı dövlət, mənsəb və hakimiyyət
hərisliyini göstərmək üçün realist aktyor vasitələrindən ustalıqla istifadə
edir. Kiçik kraliça Mariya (Mariya Duboviçkaya) kralın ölümünü qəti istəmir,
lakin o, çox sadə və zəifdir. Onun bu "Mərasim”ə yanaşması da sevgi ilə, diqqət
ilə haşiyələnir. Onu Kral I Beranjdan savayı heç nə maraqlandırmır.

Qızıla bərabər
aktyor oyunu
Fəxrəddin
Manafov, Mehriban Zəki... Aktyor nəslinin, məncə, son korifeylərindən biri...
Səhnəni fəth edib, saatlarla tamaşaçıya nəzarət edə biləcək iki fərqli insan və
iki eyni gücə malik aktyor... Teatrın əlifbası olan tərəfmüqabil texnikası
sanki bu iki sənətkarın oyununda kulminasiya səviyyəsinə qalxır, biri digərindən
sözü alıb, oyunu ötürüb səhnəyə meydan
oxuyurlar. Fenomenal oyun sərgiləyirlər. Tamaşaçını oyunsuz oyuna qatırlar,
istəyəndə tamaşaçıdan alqış (alqış tamaşaçının yadından çıxanda F.Manafov
"gizlincə” əl çalıb, yada salırdı), istəyəndə bir kəpənəyin təsadüfən uçuşundan
oyun qururdular. Aktyorların
parlaq ifası tamaşaçıları səhnədə baş verənləri son dərəcə diqqətlə izləməyə
sövq edirdi.
Azərbaycan teatr
və kino mədəni mühitində müxtəlif obrazlar qalereyasının müəllifi Fəxrəddin
Manafov səhnəyə gələr-gəlməz tamaşaçının diqqətini özündə cəmləyir. Sadə
tamaşaçı aktyoru bu vəziyyətdə görməyə alışmayıb. Tamaşaçı səhnədə kralın
gəlişini gözləyir: "Kral I Beranj təşrif buyurur”! Səhnəyə isə dəli, ruhi
xəstə, ağlını itirmiş görüntüdə Fəxrəddin Manafov gəlir. Tamaşaçı şokdadır.
Aktyor hər mizanda fəqlidir: gah xəstə kimi zəifdir, gah hərbçi kimi güclüdür,
gah gülüşündən təlxəyi, gah da çığırtısından KRALı xatırladır. Kral I Beranj...
Adsız imperiyanın kralı I Beranj (xalq
artisti Fəxrəddin Manafov) ölür... Absurd teatrının əsas ənənələrindən olan
ətrafda hər bir şey dağılır: məktəblərdə şagirdlər yoxdur, cəmiyyətdə yalnız
axmaqlar yaşayır, ordu xəstədir və s. Kral I Beranj öləcəyini bilmir. Kral
(F.Manafov) aydın və dərin fəlsəfəni əks etdirən mürəkkəb insan xarakteri
yaratmaq üçün rəngarəng boyalar, incə və mənalı ştrixlər tapmışdır. O, hələ
həqiqi gerçəklikdən xəbərsizdir. O, heç kəsi dinləmək istəmir, ətrafındakı adamların üzünə baxsa da, onların
qəlbini görə bilmir. Çünki bu adam ömründə heç kəsi dinləməmiş, heç kəsin qəlb
döyüntülərinə qulaq asmamış, bütün ömrü boyu mədhlər eşidib, ətrafında deyilən
yalanları həqiqət kimi qəbul etmişdir. O, ölümün ondan uzaq olduğuna inanır.
Mehriban Zəki
qərarlı, cəsarətli, güclü qadındır. Tamaşa ərzindən qarşıya qoyduğu məqsəd "gözləmək” idi, bütün hakimiyyəti ələ
almaq, qərar vermək, əslində o bütün həyatı boyu bu günü gözləyib. Dəqiqələri
sayır, saniyələr belə çox əhəmiyyətlidir: Kral I Beranj bu saniyə öləcək, bu
dəqiqə öləcək. Mehriban Zəki o qadınlardandır ki, qəddardır, hədəfinə doğru qəti
qərarlıdır. Bəzi hallarda onun bu qərarlılığı tamaşaçını diksindirir. Yəni bu
qədər də acımasız olmaq olar?

Yararsız
qulluqçu
Tamaşada yer
alan yararsız qulluqçu (Həcər Ağayeva) sanki sarayda illərdir yaşayıb, qocalıb,
deməyə sözü, taqəti belə yoxdur. O, heç nəyi düzəltmir, dağıdır, uçurdur. Lakin
sədaqətlidir... Kral I Beranjı sevir... Onun quru nəfəsi belə yararsız qulluqçuya
kifayətdir.
Acımasız
həkim
Həkim deyəndə
ki... bakterioloq, astroloq... (o bizim cəmiyyətdə fəaliyyət göstərən bəzi həkimlərdən
heç nə ilə fərqlənmir). Sonucda "Mərasim”ə həkim kimi qatılan (Oleq Əmirbəyov)
acımasız həkim icraçıdır, kraliçanın qulluğundadır. Tezliklə Kral I Beranjın bakteriya
kimi məhv olmasını gözləyənlərdəndir.
Rejissor Ərşad
Ələkbərovun absurd kimi müəyyənləşdirib, təqdim etdiyi "Mərasim” təyin olunmuş
janrına heç bir şərtilik əlavə etmədən dəqiq mizanları, mükəmməl aktyor oyunu,
təqdirəlayiq bədii quruluşu, sadə-düzgün hesaba alınmış səhnə tərtibatı ilə Rus
Dram Teatrının səhnəsində yaxın zamanlarda baxdığım mükəmməl səhnə işi idi.
Əlbəttə ki, mükəmməl təqdimatı yaradan absurdun atası Ejen İoneskonun "Kral ölür”
əsəri, mükəmməl təqdimatı yaradan bənzərsiz Fəxrəddin Manafov-Mehriban Zəki
oyunu, mükəmməl təqdimatı yaradan rejissor Ərşad Ələkbərovun peşəkar
yanaşmasıdır.
"Mərasim”i
yaradan bu insanlardırsa, mərasimin baş tutması üçün ona düzgün dəyər verən
tamaşaçının olması da çox vacibdir. Yarım saatdan artıq səhnədən aktyorların getməsinə "əngəl” yaradan teatrı, səhnəni, aktyoru, rejissoru
dəyərləndirən MƏDƏNİ TAMAŞAçılara minnətdarıq....