Biz imzaları yox, əsərləri dərc edirik...

Abdulla Şaiqin Mənzil Muzeyində ədibin vəfatının 60 illiyinə həsr edilmiş tədbir
560
16 Oktyabr 2019, 08:55
  15 oktyabr 2019-cu ildə Abdulla Şaiqin Mənzil Muzeyində ədibin vəfatının 60 illiyinə həsr edilmiş tədbir keçirildi. "Abdulla Şaiq "Türk ocağı”nın qurucularından biri kimi” adlı tədbir Azərbaycanda bərpa edilmiş "Türk ocağı” cəmiyyəti  ilə birgə təşkil edilib.
 
 

  3 iyul 1911-ci ildə Məhəmməd Əmin Yurdaqul, Akçura oğlu Yusif, M.Ə.Tevfiq (Yüksələn), Emin Bülənt Sərdaroğlu və Əhməd bəy Ağaoğlu tərəfindən Osmanlıda əsası qoyulmuş "Türk ocağı” türkçülük ideyalarını təbliğ edən bir cəmiyyət olmuşdur. İstanbulda yaradılan bu cəmiyyətin şöbələri çox keçməmiş Türkiyənin bir çox bölgələrində də yaradılmışdır. Cəmiyyətin  bir şöbəsi  1918-ci ildə Azərbaycanda fəaliyyətə başlamışdır. "Türk ocağı”nın Azərbaycan şöbəsinin yaradıcıları Abdulla Şaiq, Əhməd Cavad və Tağı Nağızadə olmuşlar.
  Anım gününə həsr olunmuş tədbirdə "Şərq” qəzetinin baş redaktoru, "Türk ocağı” cəmiyyətinin sədri t.ü.f.d. Akif Aşırlı; t.ü.f.d., dosent, Firdövsiyə Əhmədova; cəmiyyətin üzvləri;  Bakı muzeylərinin əməkdaşları, ADMİU, BDU və ADU-nun müəllimləri və A.Şaiq adına kitabxananın nümayəndələri  iştirak etdilər. 
  Tədbiri  giriş sözü ilə muzeyin direktoru sənətşünaslıq namizədi  Ülkər xanım Talıbzadə açdı. O, qonaqları salamladıqdan sonra tədbirin iki hissədən ibarət olacağını  açıqladı. Birinci hissə  A.Şaiqin anım gününə, ikinci hissə  "Türk  ocağı” cəmiyyətinin fəaliyyətinə həsr edildi. Ülkər xanım  Akif Aşırlıya  Abdulla Şaiqin  fəaliyyətinə  dair  yeni bir faktı - ədibin  "Türk ocağı”nın qurucularından  biri  kimi  fəaliyyətini  meydana  çıxardığı üçün  təşəkkürünü  bildirdi.
  Tədbir  muzeyin böyük elmi işçisi fil.ü.f.d. Arzu Hacıyevanın  "Abdulla Şaiq – milli ideoloq kimi” adlı məruzəsinin dinlənilməsi ilə  davam etdi. Şaiq irsinin tədqiqatçısı  milli  ideologiyanın  formalaşdırılmasında  Şaiqin  misilsiz xidmətlərindən  danışdı. Milli  təhsilin başlanğıcını  təşkil edən Şaiq Nümunə  Məktəbinin  fəaliyyətindən, yetirmələrindən  söz açdı. 
  "Türk ocağı”  cəmiyyətinin sədri  t.ü.f.d.  Akif Aşırlı  belə  bir  tədbirin məhz Şaiq  ocağında  keçirilməsindən məmnunluğunu bildirdi. A.Aşırlıya görə, A.Şaiq  türk  dünyasında  tanınmağa,  təbliğ  olunmağa  layiq bir  sənətkardır. O, ədibin  türkçülüyə  dair əsərlərinin, həmçinin  publisistikasının  tədqiq  olunmasına  ehtiyac oldğunu bildirdi. Çıxışının sonunda  Akif Aşırlı "Türk ocağı” Azərbaycanda”  kitabının 2015-ci il  Bakı və  2016-cı  il  İstanbul  nəşrlərinin nüsxələrini  və  Abdulla  Şaiqin  "Türk ocağı”ndakı  fəaliyyətini  təsdiq edən bir neçə  sənədin  surətini  Ülkər xanıma  təqdim  etdi. 
    
 

  Tarixçi alım Firdövsiyə  Əhmədova  gənc nəsillərin təlim və tərbiyəsinin  məhz Şaiq kimi munis bir təbiətə malik,  vətənsevər, türkçü  bir pedaqoqa  həvalə olunmasını  bizim xoşbəxtliyimiz  kimi  dəyərləndirdi. Firdövsiyə xanım  onu  da bildirdi ki,  uşaq şairi  hesab  etdiyimiz  Abdulla  Şaiq əslində  coşqun təbiətli  bir  şairdir. Onun  turançılıq  təbliğ  edən  şeirləri  buna  nümunədir. Çıxışının  sonunda  Firdövsiyə  xanım  "Türk  ocağı”  cəmiyyətinin  bərpaçıları arasına  dəvət olunduğu üçün  Akif Aşırlıya  minnətdarlığını  bildirdi.
  Tədbir ADMİU-nun professoru, fəl.e.d. Mübariz  Süleymanlının  çıxışı ilə  davam etdi. M.Süleymanlı  türkçülük  əqidəsinin  Talıbzadələr nəslinə  xas  xüsusiyyət  kimi  səciyyələndirdi.  O, A.Şaiqin atası - Zaqafqaziya  şeyxülislamı  Şeyx Əhməd Səlyaninin müavini Axund Mustafa  Talıbzadədən, onun mütərəqqi  görüşlü din xadimi  olmasından  söz açdı. Axund Yusif Talıbzadə kimi  qardaşının olması da, çıxışçının fikrincə, A.Şaiqin türkçü kimi  yetişməsində mühüm amil olmuşdur. M.Süleymanlı Yusif  Ziyanın  hərbi, A.Şaiqin  pedaqoji  sahədə əvəzsiz  xidmətlərindən danışdı.
  ADU-nun dosenti, fil.ü.f.d. Təranə Turan Rəhimli  çıxışında A.Şaiq irsinin dünyada kifayət qədər təbliğ olunmadığını vurğuladı. Onun  sözlərinə  görə, türkçülük  ideyalarını  Azərbaycan  ziyalıları  daha  əvvəl və  daha  əhatəli  təbliğ  etmişlər. Təranə xanım Şaiqin əsərlərinin  xarici  dillərə  tərcümə  olunmasının  vacibliyindən də  danışdı.
 Tədbirdə  Abdulla Şaiqin  həyat  və fəaliyyətini əks  etdirən  slayd-şou nümayiş  etdirildi.  Bədii  hissədə  muzeyin  əməkdaşları -  Elminaz Məmmədli  A.Şaiqin  "Türk müsavat  firqəsinə ithaf - Marş”, Fəridə  Məmmədova  "Neçin böylə gecikdin?” şeirlərini  səsləndirdilər. 
Sonda Ülkər xanım Talıbzadə  tədbirdə  iştirak  edənlərə öz minnətdarlığını bildirdi.