Biz imzaları yox, əsərləri dərc edirik...

Ağ alınlı qızılı atların vətəni – Qulu Ağsəsin şeiri
2266
23 Noyabr 2020, 14:34
Artkaspi.az saytı Qulu Ağsəsin "Ağ alınlı qızılı atların vətəni" adlı şeirini təqdim edir:

 "Sən öl”ü, " sağ ol”u bəlli
  yaranandan üzü bəri 
  yasında yasin oxunan 
  toyunda tüfəng atılan – 
                            şəhərim!
 Dünyanı bazara çıxaran 
 dünya bazarında satılan –
                            şəhərim!
 Yuxarı başına keçən kafirə 
 yuxarıdan aşağı baxan,
 Allahdan da çəkinməyən 
 bircə əsarətdən qorxan!
 Ağ alınlı qızılı atların vətəni,
 seyid cəddinə içilən andların vətəni!
 Sən dar gündə 
 Şuşaya arxa,
 Xocalıya ümid oldun.
 Son nəfəsəcən döyüşdün,
 son nəfərəcən şəhid oldun...
 Ağam şəhərim!
 Adam şəhərim!
 Ağdam şəhərim!
 Şükür külünə,
 şükür qayıdış gününə!
 Sevincdən ağlımız çaşıb 
 yüz min dəliynən gəlirik.
 Bir "Uzundərə” havası çal,
 çıx Bərdə yoluna –
 Uzundərəynən gəlirik!..