Biz imzaları yox, əsərləri dərc edirik...

Nəsiminin “Həqq mənəm” kitabı rumın dilində
924
05 Dekabr 2019, 14:39
 Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzindən verilən məlumata görə dekabrın 4-də Moldovanın paytaxtı Kişinyovda, Moldova Milli Tarix Muzeyinin "Bürünc zal”ında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib və şairin rumın dilində çap edilən seçilmiş qəzəl və rübailərindən ibarət "Həqq mənəm” kitabı təqdim olunub. Azərbaycanın Moldovadakı səfirliyi, Moldova Azərbaycanlıları Konqresi və Moldova Yazıçılar Birliyinin birgə tərtib etdikləri tədbirdə  Moldovanın tanınmış ədib və alimləri, mədəniyyət xadimləri, habelə Moldovadakı Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
 

 Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu da tədbirə qatılıb. Bizə eksklüziv açıqlamasında Səlim Babullaoğlu bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2019-cu ili "Nəsimi ili” elan edilməsinə müvafiq sərəncamının icrası çərçivəsində gerçəkləşib:  "Biz hələ bu ilin əvvəlində məlum sərəncam imzalanandan dərhal sonra həm Moldovadakı səfirliyimizə, səfir hörmətli Qüdsi Osmanova, eləcə də Moldova Azərbaycanlıları Konqresinin sədri, hörmətli Vüqar Novruzova böyük şairimizin əsərlərinin tərcüməsinin vacibliyi və konkret layihə ilə müraciət etdik. Sağ olsunlar, həm cənab səfir, həm də Vüqar müəllim təklifimizi və layihəni dəstəklədilər. Səfirimiz tərcüməyə, Konqresin sədri isə kitabın nəşrinə və tədbirin keçirilməsinə dəstək oldular. Böyük şairimizin 27 qəzəl və 19 rübaisinin toplandığı bir kitab – bütövlükdə 650 misradan ibarət bir kitab ərsəyə gəldi. Qeyd edim ki, bu, Nəsiminin rumın dilindəki ilk nəşridir.   
 

 Həm Moldovada, eyni zamanda Rumıniyada da oxunacaq. Qəzəl və rübailəri rumın dilində tanınmış moldovan şairi və tərcüməçisi İliya Zeqra çeviribdir. Rumıncaya tərcümələr  rus dilindəki məlum bədii tərcümələr, eyni zamanda bir qisim isə  Mərkəz tərəfindən hazırlanan sətri tərcümələr əsasında icra edilib... Ümumiyyətlə, kitab Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin bazasında nəşrə hazırlanıb.
 Kitaba böyük maraq və sevgi sezdim. Biz eyni zamanda yeni nəsil rəssamlıq sənətimizin təmsilçisi olan, istedadlı rəssam Pəri Miniatürə də kitab üçün 12  illüstrasiya sifariş vermişdik. Bu da kitabı xeyli dərəcədə maraqlı etdi. Kitabın təqdimatı zamanı o işlər də nümayiş etdirildi. Olduqca maraqlı çıxışlar oldu. Məncə, mühüm bir ədəbi hadisə baş verdi.  Ümumiyyətlə, bugünlərdə Kişinyovda baş verən tədbirləri Moldovada "Nəsimi günləri” də hesab etmək olar. Çünki dekabrın 3-ü və 4-ü tarixlərində, yəni 2 dəfə Moldova İcitimai kanalında "Nəsimi” bədii filmi rumınca subtitrlərlə translyasiya edildi. Yeri gəlmişkən, filmin tərcüməsini İvan Pilkin həyata keçirmişdi. Dekabrın 5-də isə Moldova Milli Kitabxanasında səfirliyimizin Türksoy və Beynəlxalq Multikulturalizm Mərkəzi Moldova nümayəndəliyinin birgə hazırladığı bir tədbir də var. 
 
 

 Mən bütün görülən işlərə görə səfir Qüdsi Osmanova, konqresin sədri Vüqar Novruzova  dərin təşəkkür edirəm. Qeyd etməyi özümə borc bilirəm ki, Moldova Azərbaycanlıları Konqresi Azərbaycan-Moldova ədəbi-mədəni əlaqələrinin inkişafı, qarşılıqlı mübadiləsi üçün xeyli dərəcədə böyük işlər görüblər. Bunlar nümunəvi, dəyərli işlərdir. Məsələn, elə  20-ə yaxın kitab nəşr edilib... Bu işlərin böyük hissəsinin gerçəkləşməsində Moldova Yazıçılar Birliyinin layihələr üzrə katibi, dostum Nkolae Spetarunun zəhməti də çox böyükdür. Biz ona da  çox minnətdarıq...”
 
 

 Görkəmli Moldova ədibi, Yazıçılar Birlyinin sədri Arkadi Suçevyanunun moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycanın Moldovadakı səfirliyinin müşaviri Leyla Orucova, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov,  Bədii Tərcümə Mərkəzinin sədri  Səlim Babullaoğlu,  filologiya elmləri doktoru Ana Bantoş, kitabın tərcüməçisi İliya Zegra, tərcüməçi və şair İvan Pilkin, Moldova Elmlər Akademiyası Filologiya İnstitutunun əməkdaşı Dumitu Apetri çıxışlar edib, tanınmış ədəbi tənqidçi, filologiya elmləri doktoru Miroslava Metlyayevanın Nəsimi yaradıcılığına həsr olunmuş məruzəsi dinlənilib.
 
 

 Tədbirin sonunda Azərbaycanın Moldovadakı səfiri cənab Qüdsi Osmanova, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova, Nəsimi əsərlərini rumın dilinə tərcümə etmiş İliya Zeqra və şair Nikolae Spetaruya "Nəsimi irsinin təbliğinə görə”  Azərbaycan Yazıçılar Birlyinin "Nəsimi-650” fəxri diplomları verilib. Eyni zamanda Nikolae Spetaru Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib. Diplomaları və fəxri üzvlük vəsiqəsini Azərbaycan Yazıçılar Birlyinin sədri, Xalq yazıçısı Anarın adından Səlim Babullaoğlu təqdim edib.