Biz imzaları yox, əsərləri dərc edirik...

60 ildən çox səhnədə
1382
20 May 2019, 07:50
 Onu mahir komediya ustası, xarakter maskalarından məharətlə istifadə edən, tipaj yaratmaqda səriştəsi olan, satirik obrazların ifasında qroteskdən həssaslıqla bəhrələnən aktyor adlandırırlar. Kino həvəskarlarına "Bəxtiyar”, "Qızmar günəş altında”, "Əhməd haradadır?”, "O olmasın, bu olsun”, "Bir qalanın sirri”, "Sehrli xalat”, "Görüş”, "Şərikli çörək” və s. filmlərdən yaxşı tanış olan Xalq artisti Ağahüseyn Cavadov teatr və kino sənətində tamaşaçıların yaddaşında yaşayan obrazlar yaratmağa nail olub. 
 

 Azərbaycan klassik aktyor məktəbinin məşhur davamçılarından olan aktyorun teatrda, kinoda yaratdığı rollar insanlara həmişə sevinc bəxş edib ki, bu gün də xatırladıqca üzlərdə təbəssüm yaranır. Elə təkcə "Görüş” kinokomediyasındakı tənbəl kolxozçu Əbülfəzi xatırlamaq kifayətdir. Özbəkistan pambıqçılarının nümayəndə heyətinin tərkibində azərbaycanlı həmkarlarının görüşünə gələn gənc qız Lalaya vurulanda hərəkətlərini ölçüb-biçməyi bacarmayan qocanın bütün əməlləri gülüş doğurur. Rejissor Lətif Səfərovun "Bəxtiyar” musiqili kinokomediyasında klub müdiri Ağabalanın qohumu, huşsuz Rza da tamaşaçılara bolluca gülüş bəxş edir. Bu, "insanlara sevinc bəxş etməkdən gözəl nə ola bilər?” - deyən aktyorun təkcə sənətinə böyük sevgisi deyildi, həm də istedadının qüdrəti idi. 
 A.Cavadov ömrünün 60 ildən çoxunu səhnəyə həsr edib, 200-dən artıq obraz yaradıb. Milli kinomuzun fondunda onun təkrarsız obrazlarının yer aldığı ekran əsərləri qorunur. İstər klassik dramaturgiya nümunələrində, istərsə də müasir əsərlərdə aktyor eyni hərarət və istedadla çıxış edib.
 
 Addımlama xəstəliyi
 
 Ağahüseyn Cavadov Bakının yaxınlığındakı Xırdalan qəsəbəsində doğulub. Əvvəl mollaxanada təhsil alıb. Ancaq anası Hürmət xanım övladının mollaxanada oxumasını istəmirdi. O, tezliklə oğlunu kənddəki mollaxanadan çıxarıb, Bakıdakı məşhur "Səadət” məktəbinə gətirir. Lakin maddi çətinliklər həmin məktəbi müvəffəqiyyətlə bitirən Ağahüseynə təhsilini davam etdirmək imkanı vermir. O, simsar bir tacir yanında işləməklə, ailəsini dolandırmağa başlayır. Ancaq işinin çoxluğuna baxmayaraq, hərdən paytaxt teatrlarına baş çəkməyə vaxt da tapır. Səhnəsində Sidqi Ruhulla, Mirzəağa Əliyev, Cahangir Zeynalov, Ələsgər Ələkbərov kimi görkəmli sənətkarların oynadığı teatr onu cəlb edir. Onlarla birgə səhnəyə çıxmaq kimi xəyallar da qurur. Bəxti onda gətirir ki, xəyallarının gerçəkləşməsi üçün cəhdləri nəticə verir. Hərbi Komissarlığın Siyasi İdarəsinin yaratdığı teatrın tamaşaları ölkədə sovetləşmənin ilk illərinə təsadüf edir. Ağahüseyn Cavadovun "Bəxtsiz cavan”, "Ac həriflər”, "Xor-xor”, "Dursunəli və Ballıbadı”, "Molla Cəbi” və s. tamaşalarda oynadığı rollar truppa rəhbəri Sidqi Ruhullanın diqqətindən yayınmır. Bir il keçməmiş, o, Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır və bu teatrın səhnəsində maraqlı yaradıcılıq dövrünə qədəm qoyur. Aktyor bu teatrın səhnəsində bir sıra pyeslərdə və vodevillərdə komik rollarda oynayır. Elə ilk çıxışlarından məhz komediya aktyoru kimi təsdiqlənir. 
 Sonralar aktyor sənətə üz tutduğu ilk günləri xatırlayıb deyirdi: "İstedad anadangəlmə olur. Elə ilk dəfə səhnəyə çıxanda başa düşdüm ki, teatra həvəs göstərmək, istedad azdır. Sənətdə qalmaq üçün özünə qarşı yüksək tələbkarlıq və işdə inad göstərmək də vacibdir. Səhnədə mənim müəllimlərim Sidqi Ruhulla, Mirzağa Əliyev və Hacıağa Abbasov olmuşlar. Onlar mənə rol üzərində işləməyi, bu sənətin ifadə vasitələrindən peşəkarcasına istifadə etməyi öyrətmişlər”.
 

 1932-ci ilin sonunda Gəncəyə köçürülərək "Dövlət İşçi Dram Teatrı” adı ilə fəaliyyətə başlayan Bakı Türk Azad Tənqid-Təbliğ Teatrının səhnəsində aktyor Hacı Səməd ağa ("Bəxtsiz cavan”), Giko ("Pepo”), Barxudar ("Namus”), Mintoyev ("Morqanın qohumu”) kimi rolları ilə tamaşaçıların sevimlisinə çevrilir. Teatr sənətinə sonsuz sevgisi və həvəsi onu hərtərəfli yaradıcılıq imkanlarını mənimsəməklə bərabər, xarakterik və dramatik rolların da ustad ifaçılarından biri kimi sevdirir. 
 Daha sonra gəncin həyatında sənətinin Bakı dövrü başlayır. A.Cavadov 1920-ci ilin iyunundan müəyyən fasilələrlə Milli Dram Teatrında işləyir. Oynadığı tamaşaların çoxu öz dövrünün hadisəsi kimi dəyərləndirilir. Dəmirçi Musa, Bərbərzadə, Mirzə Salman ("Toy”, "Xoşbəxtlər”, "Nişanlı qız”), Ocaqqulu, Xasməmməd, Həmzə, İmamverdi, Oddamdı ("Almaz”, "Dönüş”, "Solğun çiçəklər”, "1905-ci ildə”, "Od gəlini”), Cəlal, Soraq kişi ("Həyat”, "Yaxşı adam”), Savalan ("Dağlar qızı”), Luka Lukiç ("Müfəttiş”), Brabansio, Qoca çoban ("Otello”, "Qış nağılı”) və s. rolları yaradır.
 Rejissor Ağakişi Kazımovun xatirəsindən: "Ağahüseyn Cavadov "Semaşko” tərəfdə Aktyor evində olurdu. O, həmişə teatra piyada gələrdi və bu, ahıl yaşlarına kimi davam edirdi. Bir dəfə soruşdum ki, Ağahüseyn dayı, niyə piyada gəzirsən? Dedi ki, məndə addımlama xəstəliyi var, həkim məsləhət görüb ki, piyada gəzim”.
 
 Mahir komediya ustası
 
 1938-ci ildə Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü ərəfəsində Bakıda Musiqili Komediya Ansamblı yaradılır. Bu ansambl ümumittifaq baxışında böyük uğurla çıxış edir. Həmin il Azərbaycan Dövlət Musiqili Komediya Teatrı təşkil olunur və A.Cavadov bu teatra dəvət edilir. Teatrın repertuarının zənginləşməsində A.Cavadovun böyük rolu olub. O, bu teatrda Lütfəli Abdullayev, Aliyə Terequlova, İbrahim Hüseynov və digər tanınmış aktyorlarla çiyin-çiyinə çalışıb. Aktyor bu teatrın səhnəsində "Ər və arvad”, "Əlli yaşında cavan”, "Beş manatlıq gəlin”, "Arşın mal alan”, "Toy kimindir”, "Evli ikən subay” və s. kimi səhnə əsərlərində tamaşaçıların marağına səbəb olan rollar oynayır. Yaratdığı komik obrazlarla yadda qalan, sevilən, istər kiçik, istərsə də böyük rollarında həmişə gülüş doğuran, satira və yumora imkan verən A.Cavadov, epizodların, səhnələrin daha canlı, parlaq olması üçün öz aktyorluq imkanlarından məharətlə istifadə edirdi. Aktyor 1942-ci ilə qədər Musiqili Komediya Teatrında çalışır. Bu teatrın səhnəsində həm epizodik, həm də əsas rolları ilə əsl sənət nümunələri yaradır. Aktyorun oynadığı tamaşalar haqqında yazılan resenziyalarda "mahir komediya ustası”, "xarakter maskalarından məharətlə istifadə edən”, "tipaj yaratmaq səriştəsinin tipik nümayəndələrindən biri”, "satirik obrazların ifasında qroteskdən bənzərsiz həssaslıqla bəhrələnən” kimi fikirlər yer alır. 
 
 
 Ən qiymətli mükafat – tamaşaçı sevgisi
 
 Ağahüseyn Cavadov yaradıcılığının mühüm bir dövrü Azərbaycan kinosu ilə bağlıdır. O, milli kinomuzun ən parlaq dövründə yaratdığı obrazlarla geniş tamaşaçı kütləsinin sevgisini qazanıb. Aktyor cəmi on filmdə çəkilib və əksəriyyəti də epizodik rollardır. 
 "Bu rollar arasında nağıl qəhrəmanları da, inqilabdan əvvəl və müharibə dövrünün personajları da, müasir dövrümüzün müxtəlif peşə sahibləri də var” - deyə kino tədqiqtaçısı Aydın Kazımzadə yazır: "Sənətə, öz aktyor peşəsinə olan canıyananlığı, biz A.Cavadovun kino fəaliyyətində də görürük. Zaman və məkandan asılı olmayaraq, A.Cavadov personajlarından hər biri üçün orijinal oyun və danışıq tərzi, hətta yeriş axtarıb tapırdı. Ağahüseyn Cavadovun yumoru baxımlıdır, ürəyəyatandır. O, olduqca realist aktyor idi. Hesab edirəm ki, kinematoqrafçılarımız bu böyük sənətkar qarşısında borclu qalmışlar”.
 A.Cavadov "Bəxtiyar” filmində "Notaxtaran” pianoçu, "Bir qalanın sirri”ndə Rəmmal, "Sehrli xalat”da Vəzir, "Görüş”də aşiq Əbülfəz, "Şərikli çörək” filmində Xırdavatçı, "O olmasın, bu olsun”, "Qızmar günəş altında”, "Əhməd haradadır?” filmlərindəki Bəy, Pirioğlu, Usta Əhməd, İsmayıl baba kimi obrazları ilə tamaşaçıların sevgisini qazanıb ki, bunu da həmişə ən qiymətli mükafat adlandırıb. Aktyorun kino obrazları orijinallığına, koloritinə görə seçilir, baxılır, filmlərə uğur gətirirdi. Buna görə də korifey kinorejissorlarımızdan Ə.Atakişiyev, Ş.Mahmudbəyov, T.Tağızadə, L.Səfərov və başqaları onu böyük maraq və inamla filmlərinə dəvət edirdilər. L.Səfərov aktyorun "Bəxtiyar” filmindəki uğurlu obrazından razı qaldığına görə onu yenidən "Qızmar günəş altında” filminə dəvət edib.  
 

 Bədii əsərlərimizin bir çoxunun efirdə səslənməsində də Ağahüseyn Cavadovun xidmətləri böyük olub. 
Görkəmli aktyorun haqqında "Epizodik rolların ustası” fikirlərini də yazıblar. Ancaq onun epizodik rolları özünə diqqət çəkib, yaddaqalan olub, hətta bəzən baş rolları kölgədə qoyub. Elə onu bu gün də kino həvəskarlarına sevdirən məhz bu obrazlarıdır ki, "Ağahüseyn Cavadov” deyəndə dodaqlara gülüş qonur.
Onun Azərbaycan mədəniyyəti qarşısındakı xidmətləri dövlət səviyyəsində də yüksək qiymətləndirilib. O, Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülüb, 2 dəfə "Şərəf nişanı” ordeni ilə təltif edilib.
125 illik yubileyi qeyd edilən aktyorun oynadığı rollar, filmlərdə səsləndirdiyi ifadələr isə daim yaddaşlardadır.
 
Təranə Məhərrəmova