Biz imzaları yox, əsərləri dərc edirik...

50 yaşlı personajlar
1851
19 Sentyabr 2019, 09:12
  Artkaspi.az saytı "Soyuzmultfilm”in yubileyi haqqında yazını təqdim edir:
 
  Dovşan və Canavarın, Çeburaşkanın, Timsah Genanın yubileyidir.

  80 il əvvəl SSRİ məkanında ən böyük animasiya studiyası olan "Soyuzmultfilm” quruldu. Hamıya məlum olan maraqlı və məşhur cizgi filmləri məhz burada çəkilib. Onların sayı bugünkü gündə yarım milyonu keçib. "Soyuzmultfilm” təkcə yüksək keyfiyyətli animasiya filmləri çəkmirdi, həm də təbliğat istiqamətində məşhur idi: cizgi filmlərinin təxminən yarısı tərbiyə və inkişafla əlaqəli idi. Hər kadr əllə yaradılırdı, ona görə də bu filmlər unikal alınırdı. 
 
 

  İzləyicilərə sevinc gətirən sevimli personajlar Moskvanın mərkəzindəki köhnə kilsənin qaranlıq binasında doğulurdu. Məhz burada "Soyuzmultfilm” həyatının bütün 80 ilini keçirib. İndi isə studiyanı yeni həyat gözləyir. Belə ki, qışda Akademik Karalovda tikilmiş təzə binaya köçəcək və cizgi filmlərinin bütün personajları yeni ev əldə edəcəklər. Ancaq bu bina təkcə Rusiya paytaxtının sakinlərinin deyil, həm də qonaqlarının yaddaşından silinməyəcək. Axı binanı həmişə turistlərə tarixi məkan və mədəniyyət obyekti kimi göstərirlər. 
50 yaşlı personajlar 
  "Soyuzmultfilm”in sevimli qəhrəmanlarının 50 yaşı tamam olur! İnsan yaşıyla ölçsək Dovşan və Canavar, Çeburaşka və Timsah Gena və onların dostları tezliklə təqaüdə çıxmalıdırlar. Lakin onlar nəinki öz şöhrətlərinə sığınıb getmək istəmir, həm də gənc cizgi filmlərinin personajlarına stimul verməyə hazırdırlar. 
  Yubilyarlar "Soyuzmultfilm”in girişindəki küknar ağaclarının arxasında gizlənmişdilər. Onlar dörd cizgi filminin qəhrəmanları idilər: "Yaxşı, görərsən!”, "Vinni-Pux və hamı, hamı, hamı”, "Timsah Gena” və "Bremen şəhərinin musiqiçiləri”. Böyük bir nəslin zövqünü formalaşdıran, hər baxışda maraqla izlənən qəhrəmanlar...
  Əgər teatr asılqandan başlayırsa, "Soyuzmultfilm” əksinə - mühafizə postundan başlayır. Mühafizəçi icazə vərəqəsini ciddi yoxlayaraq Dovşanı təslim edir…! Buraxılış vərəqəsində "Yaxşı, görərsən!”nin qəhrəmanı əks olunub. Studiyanın əməkdaşları sonradan aydınlaşdırdılar ki, bu, Vinni-Pux da ola bilərdi. Əgər qapıdan keçən jurnalist müvəqqəti Dovşan ola bildisə, onda, məsələn, kinostudiyanın direktoru Boris Maşkovsev həmişəlik – Timsah Gena ola bilər. Bu personaj "Yastı yaşıl” lövhəcik şəklində onun kabinetində asılıb. 
  Direktorun otağının girişində əlində böyük yol nişanı tutan Çeburaşka da görünür. "Soyuzmultfilm” muzeyində qorunan orijinal fiqur gözlənilənlərin əksinə olaraq çox kiçikdir. Boyu cəmi 5 santimetrdir. Yekə qulaqlı və iri gözlü bu qəribə varlığı multiplikator Leonid Şvapstman düşünüb. Çeburaşka əsla Eduard Uspenskinin kitabında olduğu kimi alınmayıb. "Qulaqlarını çəkməyə başladığım anı xatırlayıram” - deyə Şvarstman yadına salır: "Əvvəlcə yuxarıya doğru, sonra onlar tədricən sürüşüb böyüməyə başladılar. Başlanğıcda ayı quyruğu və uzun ayaqları var idi, amma Yuriy Norşteyn onları qısaltmağı məsləhət gördü. Yeri gəlmişkən, heyvanın adını Uspenski qızının sayəsində düşünüb. Qızı təzə tüklü şubasını geyinib baxmaq istədiyi zaman onun tüklərinə ilişib yıxılır. Atası ona baxıb: "Fu, sən yenə də çeburaşkalaşdın!” - deyir.  Uspenski isə belə xatırlayır: "Söz mənim yaddaşıma daxil oldu – mən onun mənası haqqında düşündüm. Sonradan aydınlaşdırdım ki, çeburaşkalaşmaq yıxılmaq mənasındadır. Beləcə qəhrəmanımın adı meydana çıxdı”. 
  İri qulaqlı bu heyvan tamaşaçıların elə xoşuna gəldi ki, o, poçt markalarının qəhrəmanına çevrildi. Onun şərəfinə abidələr ucaldıldı. 2004-cü ildə o, Rusiya yığmasının olimpiadada talismanı oldu. 
 
 

  Vəhşiləşmiş ayı balası

  "Soyuzmultfilm”in muzeyinə daxil olan an multiplikatorun stolu görünür, üstündə də güzgü asılıb. Muzeyə nabələd olan adam heç vaxt başa düşməz ki, niyə belədir. Sən demə, güzgüyə baxan multiplikator… sifətləri əyir! Və beləliklə, gələcək qəhrəmanlarının sifətini düşünür. Yəqin ki, beləcə güzgüyə baxaraq animatorlar "Yaxşı, görərsən!” cizgi filmindəki Canavarla Dovşanın qorxu və sevincini təsvir etmişdilər. Yeri gəlmişkən, Vyaçeslav Kotenoçkin arzu edirdi ki, Canavarı Vladimir Vısotski səsləndirsin. Lakin hakimiyyət bu fikrə mane olmuşdu. Ona görə də "Böz” Anatoliy Papanovun, dovşan və sovet cizgi filminin bir çox qəhrəmanları isə Klara Rumyanovanın səsi ilə danışdı.
  Məlum olduğu kimi Vinni-Puxu ingilis yazıçısı Alan Miln düşünüb. Tərcüməni yazıçı Boris Zaxoder edib, ayı balasını isə rəssam Vladimir Zuykov çəkib. Onun həmmüəllifi Eduard Nazarov o zamanlar gülümsəyərək: "bu ki, vəhşiləşmiş zəncirotudur” - deməkdən çəkinməyib. 
 
 

  Vinni-Pux əslində ona oxşayırdı: yunu vız dururdu, qulaqları çeynənilmiş kimi, burnu isə yana əyilmişdi. İşi axıra çatdırmaq üçün bütöv bir kollektiv çalışırdı. Onun qulaqlarını çeynənmiş formada da saxladılar. Rejissor Fyodr Xitruk Vinniyə haqq qazandıraraq "o, sadəcə, bu böyrü üstə yatır” – dedi. 
  Yeri gəlmişkən, aktyor Yevgeni Leonovun səsi ayı balasına həmin an uyğun gəlmədi. Səsi sanki çox dərindən gəlirdi. Amma multiplikatorların ustalığı köməyə gəldi. Onlar çəkilişi bir qədər tezləşdirdilər və istədiklərini aldılar. Vinninin sirli dostu Pyatoçkanın danışığı da sirlərlə doludur. İya Savvina boynuna aldı ki, onu səsləndirərkən məşhur Bella Axmadulinanın danışıq tərzini yamsılayıb. Şairə incimədi. Savinnanın nömrəsini yığaraq təmkinlə: "Çox sağ olun ki, səsimi donuza yox, cazibəli donuz balasına vermisiniz” – dedi.
  Cizgi filminin müvəffəqiyyəti fenomenal oldu. Hətta cizgi filmindəki personajların şəkli əks olunmuş əskinaslar da buraxıldı. Fyodr Xitruk isə SSRİ Dövlət Mükafatına layiq görüldü.
  "Bremen şəhərinin musiqiçiləri»nə gəlincə, onlarda Trubadur və Şahzadə meydana çıxdı. "Qrim qardaşlarının nağılı”nda bu personajlar yox idi. Kvartet "Akkord” personajları səsləndirməyə gəlmədi və Oleq Anafriyev tək "üfürməli” oldu. Aktyor demək olar ki, bütün personajlara öz səsini bağışladı. 
 
 

  Qolunda Timsah Genanın tatusu olan qız

  Tamaşaçılara hədiyyə olaraq yubiley ilboyu qeyd olundu. Yubilyarlar bayram üçün necə lazımdırsa bəzəndilər. Budur, milyonların sevimlisi olan cizgi yubilyarlarını əvvəlki şəklinə salmaq qərarına gəldilər. "Biz köhnə, orijinal kinoplyonkaları qaldırıb təmizləyirik”- deyə kinostudiyanın direktoru Boris Maşkovsev gülümsəyir: "Tamaşaçılara belə hədiyyə etmək istəyirik. Sovet vaxtlarındakı kimi kinostudiyanın həyətindəki ipdə cizgi filmi qəhrəmanlarının şəkli təzəcə əks olunmuş rəngarəng qolsuz köynəklər qurumaq üçün asılıb. Onları təzəcə rəngləyiblər. Hazır futbolka və kepkaları "Soyuzmultfilm”in həyətində almaq olar. Tezliklə isə onlar reper Timatinin kolleksiyasında görünəcəklər. Çeburaşkanın, Genanın və onların dostlarının əksi olan krasovkaların hamısı artıq satılıb. Amma kinostudiyanın rəhbərləri deyir ki, onlar yenidən satışda olacaq. 
 
 

  Yubileyi olan cizgi filmi qəhrəmanlarını bütün dünyada təbrik edirlər. Yayın əvvəlində onları Berlində təntənə ilə təbrik etdilər. Rusiya Elm və Mədəniyyət evində "Yaxşı, görərsən”nin eskizlərinin sərgisi açılıb. Yubilyarlar həmçinin Tokioda da bütün gözəllikləri ilə özlərini göstərdilər. Orada Moskva Günü keçirilirdi və Çeburaşka ilə Gena yoldan keçənləri şənləndirirdilər. İnsanlar da öz növbəsində personajları təbrik edirdilər. Qolunda Timsah Genanın tatusunu çəkdirmiş bir yaponiyalı xanım yaxınlaşıb qolunu göstərir. Bu personajın təkcə məşhurluğunun deyil, həm də sevimli olmasının göstəricisidir.
  Bu yaxınlarda isə sosial şəbəkələrdə cizgi personajlarını "Taxt-tac oyunları”nın qəhrəmanlarına da çeviriblər. Beləcə onların simasını Sıktıkvardan olan Prokopiy Ülyaşov dəyişib. "Bəlkə də video dəyişikliklərlə indiki uşaqları bu personajlara yönləndirmək olar” – deyə Boris Maşkovsev bildirir: "Dünya uşaqlar üçün çox dəyişib. Və uşaqlar üçün bizim zamanın multikləri köhnədən qalmadır. O qəhrəmanlar indikilərlə müqayisədə çox astagəldirlər. Nə qədər bu dövrün uşaqlarına yad olsalar da, o obrazlar əsil incəsənət nümunələridir. Bir neçə nəsli tərbiyə edib, onlarda xoş hisslər aşılayıb. Kompyuter dövrünün ekran qəhrəmanlarından fərqli olaraq daha canlı, daha təsirlidirlər. Onların yubileyləri həqiqətən incəsənət hadisəsidir”.    
 
  Rusiya mətbuatından tərcümə etdi: Təranə Məhərrəmova