Biz imzaları yox, əsərləri dərc edirik...

50 yaşlı foto
169
09 Avqust 2019, 15:20
  "The Beatles” qrupunun pərəstişkarları qrupun studiyasının yanında yerləşən piyada keçidində Liverpul dördlüyünün əks olunduğu fotoşəklin 50 illiyini bayram etmək üçün avqustun 8-də Londonun Ebbi-Roud küçəsinə toplaşıblar. 1969-cu il avqustun 8-də çəkilmiş bu foto "The Beatles”in bütün karyerasında ən uğurlu albomlarından biri sayılan "Abbey Road” albomunun üzqabığı olub.
  AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, sonralar bu piyada keçidi fotoşəklin öz versiyasını çəkdirmək istəyən turistlərin sevimli yerinə çevrilib. Avqustun 8-də Ebbi-Roudda ciddi tıxaclar yaranıb, çünki keçidi "The Beatles” pərəstişkarlarının bir neçə cərgəsi əhatə edib.
 
 

  "Sky News” telekanalının kadrları göstərir ki, küçədən keçənlər arasında geyimi və hətta saç düzümü eynən "The Beatles” iştirakçıları kimi olanlar da olub. Kvartet iştirakçıları orijinal fotoda piyada keçidindən sıra ilə keçiblər: qabaqda Con Lennon olub, onun ardınca Rinqo Starr, Pol Makkartni və Corc Harrison keçiblər. İlk üç musiqiçi ağ, qara və boz kostyumlar geyinib, Harrison isə göy cins və eyni rəngdə köynək geyinib. Maraqlıdır ki, Makkartni küçəni yalın ayaqla keçib.
  Fotoşəklin müəllifi şotlandiyalı fotoqraf Ayan Makmillandır. O, cəmi altı kadr çəkib. Beşinci dubl çox uğurlu alınıb və nəticədə "Abbey Road” albomunun üzqabığı olub. "The Rolling Stones” jurnalının oxucuları 2009-cu ildə bu albomu "The Beatles”in ən yaxşı albomu hesab ediblər.