Biz imzaları yox, əsərləri dərc edirik...

38-ci İstanbul Kitab Yarmarkasından illüstratorlara çağırış
370
08 Avqust 2019, 11:05
 Türkiyə Naşirlər Birliyinin (TNB) idarəçiliyi ilə cari ilin 2-10 noyabr tarixlərində reallaşacaq 38-ci İstanbul Beynəlxalq Kitab Yarmarkası illüstratorları naşirlərlə bir araya gətirmək üçün xüsusi bir proqram hazırlayıb. 
 
 

 Ötən ilki yarmarkada ilk dəfə təşkil olunan naşir-illustrator görüşlərindən olduqca müsbət rəylər alan təşkilatçılar bunu ənənələşdirməyə qərar veriblər. İlk görüşdə 66 illüstrator 32 uşaq və gənclərə aid ədəbiyyatı yayımlayan nəşriyyata öz əl işlərini təqdim edib, yeni platformalara çıxış imkanı qazanıblar. Builki yarmarkada bu xüsusi tədbir noyabrın ayının altısına planlaşdırılıb. Bu dəfə isə görüş tədbirdə iştirak edən bütün naşirlər üçün açıq olacaq. Nəşriyyat nümayəndələri ilə görüşdə illüstratorlar öz portfellərini birbaşa nümayiş etdirə, yeni professional əlaqələr qura biləcəklər. Görüşün səmərəli keçməsi üçün təşkilatçılar tərəfindən xüsusi qrup yaradılıb. Belə ki, təqdimatdan sonra naşirlər maraqlandıqları işlərin sahibi ilə təkbətək görüşüb, danışıqlar aparacaq.
 Bu məqsədlə illüstratorlara çağırış edən TNB və TÜYAP iştirak üçün tədbirin rəsmi internet ünvanında yerləşdirilmiş müraciət blankını doldurulmalı olduğunu açıqlayıb. Müraciət blankı doldurulduqdan sonra illüstrator haqqında avtobioqrafik məktub və əl işlərindən ibarət portfel "istanbulkitapfuari@tuyap.com.tr” internet ünvanına göndərilməlidir. Müraciət üçün son tarix 30 avqustdur. İştirak etmək istəyənlərə qoyulan şərtlər isə belədir:
 - 18 yaşdan yuxarı;
 - Portfeldə üç fərqli nümunənin olması və təqdimat qovluğunun pdf versiyası;
 - Görüş zamanı daha geniş portfellə təmsil olunmaq, nümayiş zamanı komputer və ya planşetdən istifadə etmək.
 - Elektron ünvana göndərilən qovluqların ümumi həcmi 20 mb-ı keçməməlidir.
 
 Elcan Salmanqızı