Biz imzaları yox, əsərləri dərc edirik...

365 gün 365 kitab
90
22 İyul 2019, 15:16
  İyulun 11-də "Cielo” ədəbiyyat marafonu elan etmiş amerikalı yazar Met Zurbo 282-ci kitabını bitirərək, günü yekunlaşdırıb. Tasmaniyada hər səhər günə fermasında başlayan, saat 12-dən sonra qızı Sielo ilə mütaliə və gəzinti saatları təşkil edən, təhlükəli dalğalarda sörflə məşğul olan yazıçı bütün bunlarla yanaşı, uşaqlar üçün hər gün bir ədəd kitab da yazır. Axşam saat 10-dan sonra Met üçün gün bitir. Amma viski və Venesuela balladalarının müşayiəti ilə hər gün qarşısına qoyduğu məqsədə sadiq qalaraq, oxucuları üçün bir hekayəni mütləq tamamlayır. Hər gecə saat birdə artıq yeni bir hekayə onlayn şəkildə dərc olunur. Başlatdığı 365 günə 365 kitab marafonunun tamamlanmasına isə cəmi 83 hekayə qalır. Zurbo: "Xoşbəxt gələcək nə neftdən, nə sülhdən, nə də Avropada doğulmaqdan asılıdır. Bu günün kitab oxuyan, nağıl sevən, xəyal quran balacası özünə elə təsəvvüründəki kimi bir dünya inşa edəcək. Yəni, dünya üçün böyük işlər görməyinizə ehtiyac yoxdur, elə öz övladlarınız üçün xırda işlər görün”.
 
 

  Ədəbiyyat dünyasında ilk körpəsini qucağına alarkən, unudulmaz layihələrə imza atan bir çox yazar olub. Lakin övladının şərəfinə hekayə marafonu başladan ilk yazar Metdir. Qızının iyirmi aylığından etibarən Met bütün həyatını dəyişərək, yeni bir yol tutub. Dəyişməyən yeganə nüans yazarlıqdır.
  İndi o təkcə dörd roman və səkkiz uşaq ədəbiyyatı nümunəsinin müəllifi deyil. Yazdığı onlayn hekayələrlə minlərlə valideyn və uşağın macəralar istehsal edən bələdçisidir: "Cəmi 3-4 il bundan əvvəl mənə nəinki atalıq, evlilik haqqında tövsiyə verəndə istehza ilə yanaşırdım. İndi ən böyük arzum Selionun yanında dünyadan köçə bilməkdir”.
  Onun oxucuları da yazdıqları şərhlərdə yazarın rəngli, əyləncəli və təbiət qoynunda keçirdiyi həyat tərzinin hekayələrində əks olunduğunu xüsusilə qeyd edirlər. Zurbo bu hekayələri əsla çap etdirməyi və onlardan hansısa bir gəlir götürməyi birmənalı şəkildə planlaşdırmır. 
  Müəllif qeyd edir ki, onun indiki həyatının ən möhtəşəm tərəfi xanımı Elenanın da bir əlində istridiyyə torbası, bir əlində macbook olan bu adamın evdə yaratdığı dağınıqlıqdan narahat olmamasındadır. 
Müəllifin hekayələrini "cielo365stories.com” saytından oxuya bilərsiniz.
 
  Elcan Salmanqızı