Artkaspi.az saytı Ziyadxan Əliyevin rəngkar
Xanımbacı Məmmədovun əsərlərinin estetikası haqqında yazısını təqdim edir:
Təsviri sənət tarixinin bir-birindən maraqlı səhifələrində bu sahədə
yaradıcılıqla məşğul olanların rənglərə bir-birindən fərqli münasibətlərinə
şahidlik etmək mümkündür. Belə imzalar dünya rəssamlığında olduğu kimi, milli
bədii məkanımızda da kifayət qədərdir. Elə bu səbəbdən də təsviri sənətimizin
rəngkarlıq məkanı duyulası dərəcədə cəlbedici və duyğulandırıcı görünməkdədir.
Çoxları rənglərə münasibətini lokal şəkildə, açıq-aydın biçimdə sərgiləyir,
bəziləri isə ürəyinin duyğularını rənglərin alt qatında hifz olunmuş bir
görkəmdə ifadə edir, Belə əsərlərin çox vaxt zahiri görkəmi "aldadıcı” olur,
lap aysberq kimi. Elə bu gün əsərləri barəsində söz açmaq istədiymiz Xanımbacı
Məmmədova da belə yaradıcılardandır...

Bu
gün onun müxtəlif janrlı və məzmunlu əsərlərində müəllimləri K.Xanlarov, B.Maratlı, K.Ramazanov, eləcə də
B.Mirzəzadə, M.Abdullayev, F.Haşımov, A.Əsgərov və V.Ağayevin birbaşa təsiri
görünməsə də, dəstixətti bir-birindən fərqlənən bu məşhur sələflərinin ona
verdiyi düzgün istiqamətin uğurlu nəticələri istedadlı xələfin fərdi estetikaya
malik tablolarında duyulmaqdadır. Yeri gəlmişkən deyək ki, hələ ali məktəbi
bitirərkən işlədiyi "Novruz bayramı” adlı diplom işində gənc rəssam artıq
özünün gələcək yaradıcılıq kredosunun işartılarını sərgiləmiş, müəllimlərində
uğurlu gələcəyinə böyük ümid yaratmışdı...
2005-ci
ildən Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunan və yerli və beynəlxalq
sərgilərdə davamlı iştirakı ilə kifayət qədər tanınan Xanımbacı Məmmədova bu
ümidləri artıq doğrultmuşdur, desək, yanılmarıq. 2018-ci ildə Bakıda baş tutan ilk fərdi sərgisi
də onun rəngkar potensialının nəhayətsiz olduğunu bir daha təsdiqləmişdir.

Zamanında məşhur ustadlardan boyaların bədii-texniki imkanlarını və
fəlsəfi-psixoloji yük daşıyıcılığının sirlərini əxz edən rəssamın Rəsul
Rzanın "Ağrının, sevincin, ümidin də
rəngi var...” deyiminə tapınaraq, həyatımızın görünən və görünməyən qatlarına
özünəməxsus "bədii güzgü” tutmağa qərar verməsi, əslində onun yaradıcı "mən”ini
əyaniləşdirməyə imkan verdi, desək, yanılmarıq. Qənaətimizcə, bunu şərtləndirən
başlıca səbəb onun hər bir əsərinin yaranmasına çoxlarından fərqli
yanaşmasıdır.
Etiraf
edək ki, müxtəlif mənbələrdən "iqtibas”ların epidemiya kimi yayıldığı müasir
təsviri sənətimizdə fərdi bədii məziyyətlərin təzahürü duyulası dərəcədə azdır. Çoxlarının
kimlərdənsə "ilhamlanmaq” mərəzini "sənət axtarışı” kimi qəbul edənlərdən
fərqli olaraq Xanımbacı Məmmədova, molbert qarşısında həmişə səmimi olmağa çalışır. Çox vaxt da onun bu
səmimiliyi hamıya yaxşı tanış olan mövzulara yönəli olduğundan, gəlinən gözlənilməz
bədii nəticələr həmkarlarına qəribə görünür. "Hamı baxır, ancaq hamı görmür”
deyiminin istedadlı rəngkarın əsərlərində elə yeni təfsirinə rast gəlirik ki,
bunu yalnız ruhunda daşıdığı yaratmaq gücünün hesabına ərsəyə gətirməyin
mümkünlüyünə bir daha inanırsan. Onun müxtəlif janrlı "Xəyallarım”, "Kənd
motivi”, "Bağ natürmortu”, "Balıq”, "Pələng ili”, "İstirahət”, "Kamança”
"İçərişəhər”, "Melodiya”, "Harmoniya”, "İntizar xanım”, "Avtoportret”,
"Göyərçinlərlə qız”, "Görüş”, "Gimnast qız”, "Rəssamın portreti” və s. tablolarındakı ovqat daşıyıcılığında bunun ifadəsi qabarıq hiss olunmaqdadır.

Rəssamın
ötən il çəkdiyi "Kənd motivi” tablosundakı adiliyin yuxarıda da vurğuladığımız
səmimiliyə bələnmiş tutumda təqdimatı, müəllifin gözəllik qaynaqları axtarıb
tapmaq və onu özünəməxsus tərzdə
mənalandırmaq bacarığı duyulmaqdadır. Abşeron kəndlərinin birində tuş gəldiyi
mənzərənin estetikasında adiliklə yanaşı, həm də cəlbediciliyi duyan müəllifin kənd
motivinin bənzərsizliyi ilə seçilən ümumiləşdirilmiş obrazını yaratması
diqqətçəkəndir. Zümrüdü yaşıllıqda qərarlaşmış hünd quşlarının bəyaz əski
tikili ilə vəhdəti çox cəlbedicidir. Əsərin rəng estetikasında miniatürlərimizlə
səsləşən rəng yığcamlığında və dekorativ-şərti
bədii şərhində motivin romantik ruha kökləndirilməsi meyli
görünməkdədir. Odur ki, bəyaz, zümrüdü və qara rəngin qovşağında müşahidə
olunan miniatürsayağı təzadında - səthlərin bütövlüyünü şərtləndirən
harmoniyasında səmimiliyi qabardan bədii işartıların cəlbediciliyi hiss
olunmaqdadır...

Müəllifin "Avtoportret” əsərinin
romantik ifadə tərzinə isə nə qədər
şərtiliyin gücləndirilməsi hakim olsa da, kolorit dekorativliyinin bədii bütövlüyə yönəli
məcmusunda rəngin alt qatının təsir gücünə tapınmaq istəyi görünməkdədir. Elə tablonun yığcam, daha dəqiq desək, insan
yaşantılarının düşündürücülüyünü şərtləndirən bəyaz, qara, göyümtül və
bənövşəyi rəng çalarlarında iç dünyası ilə baş-başa qalan yaradıcının psixoloji
auraya bələndiyi hiss olunmaqdadır. Bu çətin durumun rənglərlə ifadəsində -
rəssamın profil təsvirli pozasında psixoloji
durumun cəlbediciliyinə nail olunmasını heç şübhəsiz, ilk növbədə müəllifin fərdi və fərqli
yaşantılarına nüfuzetmə gücünün özünəməxsus-çoxqatlı olmasının ifadəsi saymaq
olar. Portretin ümumi bədii həllində müşahidə olunan ifadəli siluet, axıcı ritm
və bədii lakonikliyi müəllifin klassik bədii ənənələrimizə yaradıcı
münasibətinin görüntüsü saymaq olar...
Rəssamın "Kamança” (2018) əsərində bir çox
əsərlərindən qırmızı xətt kimi keçən "rəng aysberqliyi”nin qabarıq ifadəsini
görmək mümkündür. Ənənəsinə sadiq qalan müəllif qırmızı rəngi yığcam - sumağı,
tünd bənövşəyi və bəyaz çalarlardan "hörülmüş” bədii çələngin dominantına çevirməklə, əsərin daşıdığı yükün
"aysberqliyi”nin məhz onda qərarlaşdığını vurğulamışdır. Kamançanın
çanağından ifaçının əlinə qədər uzanan
"qırmızılığa” qadağadan uzaq məna-məzmun yükü verən müəllif, barmaqların ruhuna təslim edilmiş simlərin
yanğı ifadəsinə kökləndiyini, musiqiçinin üz cizgilərinin tarıma çəkilmiş
görkəmində ifadə etmişdir...
Xanımbacı
Məmmədovanın yaratdığı portretlər qalereyasında ən müxtəlif peşə adamlarının
obrazlarına rast gəlmək olar. Diqqətçəkən məqam, müəllifin kətanda əbədiləşən
insanların ikonoqrafik oxşarlığının əldə olunmasından daha çox, onların əhatələndikləri
həyata münasibətlərinə bədii tutum verməsidir. Rəssam bunu bəzən
"təklənmiş” obrazların bələndikləri
aləmin atributları, çox vaxt da "dərd”ləşdikləri əşyaların yaratdığı aura ilə əyaniləşdirmişdir. Dilə
gətirdiklərimizin çoxqatlı mənəvi dəyərə çevrilməsi isə, bilavasitə, rəssamın
hər bir əsərin "estetik xəritəsi”ni aysberqvari rəng qatına bələməsi sayəsində
baş tutmuşdur. "Ney çalan qız”(2018), "Skripkaçı”(2017), "Gözlənti”
(2016)) və s. əsərlərində vurğuladığımız
məziyyətlər müşahidə olunmaqdadır...
Bütün
rəssamlar kimi çox geniş yayılmış natürmort janrına vaxtaşırı müraciət edən
X.Məmmədova, bu janrın da "estetik xəritəsi”ni genişləndirməyə səy göstərdiyini
sərgiləməyə nail olmuşdur. Onun "Bağ natürmortu” (2019) və "Xrizantemalar”
(2019) adlı əsərlərində digər janrda çəkilmiş işlərində müşahidə etdiyimiz
forma-yaxı ekspressivliyinə rast gəlinməməsi də məqsədli olub, təqdim olunan
əşyaların duyğulandırıcılığını daha görünən etmək istəyindən irəli gəlmişdir.
Bu cür bədii yanaşmanın əksinə onun çəkdiyi mənzərələrdə rast gəlmək mümkündür. Müəllifin "İçərişəhər”
(2018) və "Yay motivi” (2020) tablolarında yaxı ekspressivliyindən qaynaqlanan
ümumi bədii-estetik tutumda cəlbediciliklə yanaşı, onu həm də ovqatyaradıcı
mənəvi dəyərin mövcudluğu qabarıq görünür. Bu əsərlərin uğur qazanmasında
ürəkaçan koloritin də böyük təsiri
vardır...

Rəssamın
yaradıcılığında süjetli kompozisiyalar bir o qədər çox olmasa da, indiki halda
onun bədii irsində yer almış belə əsərlər onun bu yöndə bədii potensialının
kifayət qədər geniş olduğunu təsdiqləyir. "İstirahət” (2019), "Xəyallarım”
(2019), "Göyərçinlərlə qız” (2015) və digər lövhələrində maraqlı formatlara
özünəməxsus bədii tutum verən müəllif, yığcam detallı bu bədii nümunələri
düşündürücü mənəvi qaynağa çevirə bilmişdir. Bu əsərləri bütünlükdə yaşantı məcmusu da adlandırmaq olar. Belə ki,
adlarını çəkdiyimiz tabloların qəhrəmanları tuş gəldikləri, baş-başa qaldıqları
vəziyyətlərdə gah özlərini ifadə etməkdə, gah da tamaşaçını düşündürə biləcək
tutumdadırlar. Çox vaxt estetikasında dekorativ-romantikanın qabarıq duyulduğu
bu əsərlərin məna-məzmun tutumunda – obrazların zahirən donuq görünən
pozalarında da daxili gərginlik duyulmaqdadır. Başqa sözlə desək, onların hər
biri özünün həm də dialoq yaratmaq gücünü sərgiləməkdədir. Bu isə əsərlərin
yalnız zamansızlığa qovuşduğu hallarda baş verir. Yaxşı haldır ki, hazırda
müstəqil yaradıcılıqla yanaşı, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Xanımbacı Məmmədovanın bədii
irsində belə əsərlər çoxdur və bu da bizdə onun yaxın gələcəkdə daha uğurlu əsərlər yaradacağına ümidlərimizi
artırır...