Biz imzaları yox, əsərləri dərc edirik...

Şeirimin yaşayacağına ümid bəsləyirəm – Azad Yaşarın müsahibəsi
2769
09 Dekabr 2019, 10:16
  "Kaspi” qəzeti şairlərlə "Poeziya söhbəti” adlı layihəyə start verir. Müsahibələrdə yalnız şeir haqqında, klassik və çağdaş şeirimiz, eləcə də dünya poeziyasından danışılacaq. İlk müsahibimiz şair Azad Yaşardır. Artkaspi.az saytı Azad Yaşarla müsahibənin davamını təqdim edir:

 

  – Elə şeirlər var ki, onların ardının olmayacağı əvvəlcədən bilinir. Yəni, o şeirlər bir müddət sonra sanki özü-özünü tükədir. Bu mənada sizin yazdığınız şeirlər, sizcə, hara qədər gedə bilər, yəni şeirinizin yolunu nə dərəcədə davamlı hesab edirsiniz?
  – Hər hansı mövzuda yazılan şeirin ardının, davamının olmaması o zaman baş verir ki, yaradıcı insan onunla bağlı bütün yanaşmalarını ortaya qoyur, bir növ ürəyini, içini boşaldır və eyni mövzunu fərqli rakurslardan işləmə ehtimalı sıfırlanır, həmin mövzu artıq onu narahat eləmir, düşündürmür və bu üzdən o, başqa mövzulara müraciəti uyğun görür. Bunları deyərkən, impressionist rəssamlardan Van Qoqun əkin tarlaları və kartofyığanları, Edqar Deqanın balerinalarla bağlı tablolar silsiləsi, yaxud dünya kinematoqrafiyasında "Rembo”, "Rokko”, "Terminator”, "Rəcəb İvedik” və sair filmlərin rəqəmlərlə  –1, 2, 3, 4... – bir-birindən ayrılan hissələri gəlir yadıma. Məni də düşündürən, narahat edən müəyyən mövzular var ki, onlara dönə-dönə qayıdır, əvvəlkilərlə müqayisədə sezdiyim fərqli məqamlara işıq salmağı sevirəm. Məsələn, "Vətən torpağı” və "Vətən torpağı – 2” belə şeirlərdir. Əslinə qalanda, "Araz” da, "Yerini bilmədiyimiz Vətən” də, "Dünya türkləri üçün təsəlli türküsü” də dolayısıyla həmin şeirlərdəki ana xəttin daşıyıcısıdır. Bütün bunlar Azərbaycan xalqının və doğma yurdumuzun uzaq keçmişi, dünəni, bu günü və sabahı ilə bağlı daxili  narahatlıqlarımdan qaynaqlanır. Hər bir sənətin və sənətkarın başlıca missiyası – zamanın və məkanın fövqünə yüksəlməkdir, bunlara sığmamaqdır. Vətən – məkan, – saatlar – zaman, dörd ünsür  – od, torpaq, hava, su – və metro – yeraltı dünya –ilə bağlı şeirlərimi, o cümlədən bütövlükdə "Maddə və Ruh” silsiləsini buna misal göstərə bilərəm. Yaradıcı, kreativ düşünə bildiyim müddətcə isə şeirimin də yaşayacağına, davam edəcəyinə ümidlər bəsləyirəm.     
      
  – Qarabağ haqqında yazdığınız şeirlər daha çox əsgərlərin dilindəndir. Məsələn, "Materiyanın itməməsi qanunu”, "Haramın haramla çıxması” və s. Qarabağ savaşı haqqında bizdə daha çox ümumu məzmunlu şeirlər yazırlar, siz isə birinci şəxsin dilindən. Müharibə motivlərini şəxsləşdirməyiniz nə ilə bağlıdır?
  – O şeirlərin hamısı olmuş, yaşanmış əhvalatlara, ayrı-ayrı döyüş epizodlarına söykənir, həm qanlı dava dövründə, həm də sonralar müharibə iştirakçısı olan dost, yoldaş və yad insanların xatirələrini əhatə edir. Hələ bir xeyli də yazmadıqlarım var. "Göz yaşına dönmüş səs” şeirim isə hələ də düşmən əsirliyində qalan, qocalan-qarıyan, bir gün qurtulacaqlarını gözləyən vətəndaşlarımız barədədir. Son vaxtlar cəmiyyətimizdə sülh çağırışları səsləndirən kəslər o əsirlərin varlığını, zillətini, onilliklər boyu çəkdikləri işgəncələri əsla unutmamalıdırlar. Onların geri qaytarılmasından nədənsə heç kim söz etmir...  
  Dəqiq elmlərə maddiyyata aid bir qanunun mənəviyyat – ruh üçün keçərsiz olduğunu isbat eləməyə çalışmışam "Materiyanın itməməsi qanunu”nda. Bu – postmodernist bir gedişdir. Əgər həmin şeirdə düşmənin ölüsoyanlığına diqqət çəkilirsə, "Haramın haramla çıxması”nda da bizimkilərin qənimətçilik həvəsi pislənir: burada mən onlara yadelli işğalçılarla bu mübarizənin daha yüksək ideallar, Vətənin ərazi bütövlüyü uğrunda aparıldığını xatırlatmaq istəmişəm. Elə bizim düşməndən fərqimiz də bundadır: biz o torpaqların daimi sahibiyik, onlar isə – işğalçı. Tarix boyu bütün müharibələrdə qəddarlıq və talançılıq faktları olub, bunlar adi hal sayılır. Təhkiyənin birinci şəxsin dilindən verilməsi isə onların yaşanmışlığını, səmimiliyini artırmaqdan ötrüdür. "Birinci Qarabağ savaşı” şeirimdə də alınacaq qisasın, revanşın Qiyamətə qalmamağına vurğu var. Sizin adını çəkdiyiniz hər iki mətn, əslində, ölənlərin, şəhid düşənlərin dilindən oxucuya çatdırılır və birinci şeirin başlığında hətta buna dair ayrıca qeyd də var – "bir şəhid ruhunun anlatdıqları”.  

  – Detalçılığa getmək istəməzdim, amma nədənsə bu məsələnin üstündən adlaya bilmədim. "Qürbət eldə can incələr” şeirinizdə bir misra var – "Qəddim Məcnun söyüddüsə”. "Məcnunu hansı ağaca bənzədərdin” sualını mənə versəydilər, çox düşünərdim. Amma sizin həmin misradan sonra o suala veriləsi cavabım var. İstərdim siz Məcnunu söyüd nəzərində görməyinizi onun obrazı ilə müqayisədə əsaslandırasınız...
  – Adətən, o şairanə ağacı "salxım söyüd” adlandırırlar. Mənə isə həmişə elə gəlib ki, o ağacın sallanıb-yellənən qol-budaqları eşqi ucbatından çöllərə düşən Məcnunun saçlarıdır – axı, Məcnun eşqə hədsiz dərəcədə kilidləndiyindən öz zahiri görkəminin qeydinə qalmır. Həm də o salxım söyüdlərin adətən və nədənsə qəddi bükülü olur. O ağacın şairanə təsvirlərinə dahi rəngkarımız Səttar Bəhlulzadənin tablolarında vaxtaşırı rast gəlirik. Füzuli yaradıcılığının böyük pərəstişkarı sayılan Səttar özü də Azərbaycan təbiətinin, təsviri sənətinin bir mənada Məcnunu idi – ifadə sənətşünas Ziyadxan Əliyevindir – və təsadüfi deyil ki, özünün uzun və daim pərişan, dağınıq saçları ilə həm o salxım söyüdləri, həm də Məcnunu bizlərə xatırladırdı. Bu mənada o bənzərsiz ağacı mən tam arxayınlıqla "Səttar söyüdü” də adlandıra bilərdim.   

  – Elə şairlər var ki, onlar impulsverən şairlərdir. Siz hansı şairin şeirlərini oxuyanda yazmaq istəyirsiniz?
  – Uzun illər ərzində bir çox gənc yazarlar etiraf ediblər ki, mənim şeirlərimdən xoş, yaradıcı impulslar alıblar, hətta ayrı-ayrı şeirlərimi əzbərdən mənə oxuyublar da. Bu, mənim üçün xoş bir etirafdır. Səmimi etiraf etməyənlərin isə yazı tərzlərindən, işlədikləri oxşar mövzulardan bunu sezmişəm. Bütün dövrlərdə yaradıcılığın başlıca qayəsi – insanlara bəlli bir ovqatı aşılamaq, onlara həyat eşqi, yaratmaq şövqü bəxş eləmək olub. Bizim poeziyada ən çox sevdiyim üç şair var – Nəsimi, Sabir və Müşfiq. Onlar mənə həmişə fərqli görünməyi bacaran ustadlardır. Türk dünyasının ən böyük və həmişə diri dühası isə məncə, Molla Nəsrəddindir. Hərçənd ədəbi zövqümün formalaşmasında türk, yapon, fransız, Amerika və almandilli yazarların da təsiri danılmazdır. 
  
  – Şeirlərinizdə çoxsaylı, paralel müqayisələr var. Məsələn, "Qəribə qoxusu var pulların” şeirində deyilir ki, pul qazanmaq üçü,n adətən, tər axıdılır və bu, zəhmətkeşin də alnından axır, yaxalanmaqdan qorxan oğrunun kürəyindən də. Yaxud pulun qoxusundan söz edilir: o, həm kir qoxusunu xatırladır, həm də boğulmaqda olan haqqın ağzına dürtüldüyündən qan qoxusunu. Pul gah əskiyə bənzədilir, gah da onun buyruq qulu kimi şamşax ortada gəzib-dolaşmaqla, insanları aradan götürməsinə diqqət çəkilir və sair. Şeirlərinizdə həqiqətə müqayisəli, çoxtərəfli yanaşmaq ehtiyacınızın kökündə nə dayanır?
  – 1991-ci ildə yazdığım səmimi etiraf xarakterli "Belə danışıb-gülməyimə baxmayın” adlı şeirimdəki sonuncu bölüm, məncə, bu sualınızı tam mənada cavablandırır:
 
Gördüyünüz hələ mən deyiləm, 
çox görməyin danışıb-gülməyimi mənə
bilməzsiniz hər halda 
necə çətin olur 
ağlamalı ikən gülmək.
 
  "Tanınmazlıq dərəcəsi” (1999) şeirim də bənzər temadadır:
 
Ofisdə 
pəncərəmdən görünən
baxışdığım, tapışdığım, dərdləşdiyim
bu gəncəcik fidanlar və köçəri buludlar qədər belə
tanımadı məni həyatda
neçə illik köhnə iş yoldaşlarım. 
 
  Bu şeiri yazandan illər sonra öyrəndim ki, eyni əhvalı, yəni "tanınmazlıq dərəcəsi”ni bəzi türk, ingilis şairləri də yaşayıblar: xatirələrindən öyrəndim ki, onilliklər boyu hansısa nazirlikdə və ya ofisdə işləsələr də, iş yoldaşları onların bir yazar, bir ruh və sənət adamı olduğunun fərqinə əsla varmayıblar. Əslində, bəlkə də, belə olması daha məsləhətlidir, çünki yan-yörəndəkilərin yeri düşdü-düşmədi, bəzən də məzələnərək səni "şair” adlandırması xoş bir şey sayılmaz. Həm də məhz belə davrananlar nə sənin yazdıqlarını oxuyub, bir qiymət verərlər, nə də oxusalar belə, gizli ruhunu duyarlar. Bu barədə yazdığım "Divar” şeiri, məncə, çox mətləbləri özündə əks etdirir. Özünə, içinə qapılan qapı günlərin bir günü dönüb, artıq divar olur, yəni heç kimə açılmır. Burada da kafkavarı, butsativarı bir məzmun çevrilməsinə vurğu var.     
  "Qəribə qoxusu var pulların” şeirimdə də mən pulun ,əslində, göründüyü kimi bir şey olmadığına, fərqli situasiyalarda dəyişik funksionallıq qazandığına diqqəti çəkmişəm və şeir də epiqrafdakı "Xoşbəxtlik pulda deyilsə, onu qonşunuza verin” – Jül Renar – fikrini məhz "çürütməklə” bitir: 
 
Nə qədər üzü pis olsa da
insanın bu ucuz vaxtında 
xoşbəxtlik hələ ki puldadır həm də. 
Odur ki, pul kisənizin ağzını açıb
yoldan ötənə paylamayın – 
hələ üstəlik taleyiniz sınıqsa, 
tavanınızdan damırsa, 
ümidləriniz corablarınız kimi yamaq-yamaqsa,
çaşıb küyə gedərsiniz, 
bilməyənlər qoy bilsin – 
çox baməzə kişi olub
Jül Renar. (1991)       
 
  – "Hamı və heç kim” kitabınızda "Əflatun eşqi” silsiləsi də yer alıb. Bu bölmədəki şeirlər uzaq illərdə yazılıb və həmin poetik nümunələrdə elə o dövrün ovqatı da görünür. Sizdə zamanla lirizmi sosial düşüncə, romantizmi isə acı reallıq və posmodern ironiya əvəz edib sanki. Hər halda şeirinizin təkamül yolu mətnlərinizin altındakı tarixlərə nəzər salanda mənə belə göründü. Amma sualım ondan ibarətdir ki,”Əflatun eşqi” bölməsindəki şeirləri yazanda sizin üçün şeirdə vacib olan nə idi? Sonradan sizin düşüncələrinizdə və onların ifadəsində nələr dəyişdi?
  – Həmin silsilədəki şeirlər əsasən tələbəlik dövrümdə yazılıb, 1978-ci ildən ta 80-ci illərin ortalarına qədər. Bir dənə də 1994-cü ilin şeiri var aralarında. Sözügedən şeirlərdə güclü hissiyyat, metaforalar, əsasən ənənəyə bağlılıq və sevgi tematikası var – fərq etməz, ana sevgisi, yar sevgisi, platonik sevgi – "Əflatun eşqi”, – və sair. Həmin şeirlərdə ənənəvi üslubdan qopma tendensiyası və ikiqütblülük var artıq – ya sıçrayış edib, öz fərdi üslubunu yaradacaqsan, ya də ənənənin isti, alışılmış qanadları altına sığınıb, xoşhallanacaqsan, sıradan bir şair olub-gedəcəksən, orijinallıq iddiandan da həmişəlik vaz keçəcəksən. "Qaranlıqda pıçıltılar”, "Dəniz qeyrəti”, "Qocalıq nişanəsi”, "Xəstəlik tarixçəsi”, "Səni görmək” və "Kitabxanada” məhz belə, fərqli estetikalı şeirlərdir. Sonradan həm öz həyatımda, həm nəhəng ölkənin (imperiyanın) həyatında görünməmiş dəyişikliklər meydana çıxdı, milli-azadlıq hərəkatı baş qaldırdı, ərazi iddiaları, ərzaq və iş sıxıntısı, itkilər, ölümlərin adiləşməsi, Qarabağ müharibəsi, ailə həyatım, övladlarımın dünyaya gəlməsi, Rusiyaya işləməyə getməyim, uzun illər öz əzizlərimdən, dostlarımdan,  kitablarımdan və rəsmlərimdən uzaq düşməm istər-istəməz mənə daxili bir sarsıntı, yenilənmə yaşatdı, dünyaya və insana fərqli baxışlar sistemim yarandı. Qəflətən sosializmdən keçid dövrünün boşluğuna düşdük, sonra isə yarı feodalizmə, yarı quldarlığa bənzər yırtıcı kapitalizmlə üz-üzə qaldıq, Sovet dövründə məktəbdə, institutda öyrəndiyimiz inkişaf qanunauyğunluqları sanki bir xəyala, yuxuya döndü, gərəksizləşdi, əl atıb tutacaq heç nə tapmadıq. Əsl ekzistensial böhran yaşadıq. Dünənə qədər dialektik inkişafa və materializmə söykənən, kommunizm cəmiyyəti qurmaq xülyası ilə bağlı hakim ideologiyanın yerini onun tam ziddi sayılan millətçiliyin və dinin müddəaları tutdu, bunların təbliği gücləndi. Yetmiş il boyu insanlara və dünyaya aşılanan dəyərlər, kultlar, şəxsiyyətlər yerlə-yeksan oldu, hamısı ləkəli, şübhəli, gərəksiz görünməyə başladı, onlardakı ülvilikdən, xoş niyyətdən heç bir əsər-əlamət qalmadı. Açılan arxivlər heç nəyin əslində göründüyü kimi olmadığını ortaya qoydu. Heç siyasətə qoşulmasa belə, ziyalılar həm fəal vətəndaş mövqeyi sərgiləməyə, həm də ətrafında baş verənlərə sağlam düşüncə ilə münasibət bildirməyə məcbur idilər. Onca çətinliyə rəğmən, biz yenə də insan simamızı qoruya bildik, halbuki minlərlə insan o nəhəng miqyaslı hadisələrin axarında, dəyirmanında əridi, ovuldu, məhv olub-getdi. Çox şükür, xalqımızın əziyyətləri də itmədi, müstəqil dövlətimizi qurduq. Hərçənd bu müstəqilliyi də sözdə yox, məhz işdə, əməldə, reallıqda təsdiqləməkdən ötrü hələ çox işlər görməliyik. Bundan ötrü isə geniş həyat təcrübəsinə və dünyagörüşünə malik, zəmanə ilə ayaqlaşa bilən, zamanın sınağından çıxdığı üçün onun nəbzini tutan, eqoist və acgöz yox, məhz vətənpərvər insanlara, ölkədə geniş imkanlar tanınmalıdır.   
      
  Söhbətləşdi: Fərid Hüseyn
  Ardı var...