Biz imzaları yox, əsərləri dərc edirik...

“Gənc qırğız şeiri antologiyası”nın təqdimatı
909
23 İyul 2019, 09:04
 "Qırğızıstandan Azərbaycana böyük bir heyət qonaq gəlib. Onlar gənc şairlər olsalar da, öz ölkələrində tanınırlar. Onların gəlişi ədəbi əlaqələrimizin daha da möhkəmlənməsinə təkan verəcək”. Bakıda səfərdə olan Qırğızıstanın bir qrup gənc şairinin "Kaspi” qəzetinin kollektivi ilə görüşündə səslənən bu fikirlər Azərbaycan-Qırğız ədəbi əlaqələrinin daha da möhkəmlənməsinin nümayişi oldu. Görüşdə "Gənc qırğız şeiri antologiyası”nın təqdimatı da keçirildi.
 
 

 Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı bu görüşün Qırğızıstan-Azərbaycan ədəbi əlaqələri ilə yanaşı, ədəbi qurumlar arasında yeni əlaqələrin yaranmasına təkan verəcəyini qeyd etdi: "Bu antologiyada müstəqillik dövrü qırğız şeirinin 35 gənc nümayəndəsinin şeirləri toplanıb. Ziyalılarımız bu kitaba rəy, məsləhətçi və ön söz müəllifi kimi öz töhfələrini veriblər. Həmçinin Azərbaycanın Qırğızıstan Respublikasında Fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov və millət vəkili Cavanşir Feyziyevin də antologiya ilə bağlı təəssüratları kitabda qeyd edilib”. 
 
 

 Ə.Qoşalı Qırğızıstan-Azərbaycan ədəbi əlaqələrinin köklü keçmişi olduğunu söylədi: "Bəlkə sovet dövründə daha yaxın olmuşuq. Ancaq müstəqillik illərində bu əlaqələrdə bir qədər geriləmə oldu, son illərdə isə ortaq türk qurumlarının, o cümlədən "Kaspi” kimi tarixi qəzetlərin sayəsində bu münasibətlər yeni bir mərhələyə keçdi. Dünya Gənc Türk Yazarlar Birliyinin də bu əlaqələrin formalaşmasında rolu var”. Qırğız ədəbiyyatının dünyada Çingiz Aytmatov kimi görkəmli nümayəndələrinin olduğunu deyən Ə.Qoşalı, həmçinin sosializm realizminə uyğun gəlmədiyinə görə yaradıcılığı pərdə arxasında qalan, tanınmayan, repressiya qurbanı olan qələm adamlarının olduğunu dedi: "Milli düşüncəni yaşatmış, ancaq təəssüf ki, qırğız elində indiyə qədər tanınmamış insanları da var. Biz həmin yazarları türkdilli ölkələrdə, o cümlədən Azərbaycanda tanıtmaq məqsədilə işlərə başladıq”.  
 
 

 Tanınmış şairə, filologiya üzrə elmlər doktoru Sona Vəliyeva Milli Mətbuat Gününə təsadüf edən görüşü ikiqat bayram adlandırdı: "Hər bir türkdilli xalqın nümayəndəsi üçün Azərbaycan həm də onun ikinci vətənidir. Biz eyni ruhun daşıyıcılarıyıq. Biz bir-birimizlə dil vasitəsilə, ruh vasitəsilə, düşüncə vasitəsilə anlaşırıq. Bununla da qürur duyuruq ki, biz türkük, kökən etibarilə hər birimiz eyni bulağın suyunu içmişik, eyni ağacın koğuşundan çıxmışıq. Yer üzündə ilk dəfə Tanrının səsini eşidən türk övladıdır və bununla qürur duymağa dəyər. Ona görə də bu gün türk coğrafiyasında, eləcə də özbək, qazax, Azərbaycan, Türkmənistan diyarlarında mövcud olan ilk türkdilli xalqların Tanrıya münasibətini qoruyub saxlayan pirlər, ocaqlar var. Bax, buna görə də qürur duyuruq ki, ilk dəfə Tanrını tanıyan, Tanrıya münasibəti olan türk millətiyik. Bizdən sonra dinlər yaranıb. Məhz bununla qürur duymağa dəyər. Sovet dövründə bu ideologiyanı qoruyub saxlamağımız ciddi uğurdur”. 
 
 

 S.Vəliyeva "Gənc qırğız şeiri antologiyası”nı yüksək dəyərləndirərək, şeirlərdən təsirləndiyini bildirdi: "Hər bir şeir Tanrı duasıdır. Mən oxudum, çox təsirləndiyim şeirlər də oldu. Əlbəttə, bizim tərcüməçilər də bunu çox gözəl çevirib. Yəni bizi çox da böyük dil fərqi ayırmır. Bu şeirlər dua kimi içimdə yer aldı”. S.Vəliyeva layihənin rəhbəri, millət vəkili Cavanşir Feyziyevə, Türk Dünyası Gənc Yazarlar Birliyinin fəxri rəhbəri Əkbər Qoşalıya təşəkkürünü bildirdi: "Harda bir türk varsa, iki cümlə şeir yazılıbsa, Əkbər Qoşalının ondan xəbəri var, onu tapıb bizə çatdırır, özümüzünküləşdirir. Bu yazarlar birliyi böyük işlər görür. Həm də Qırğızıstandakı səfirimiz, qələm adamı Hidayət Orucova təşəkkürümü bildirirəm. Onun Qığızıstandakı fəaliyyəti sözə xidmət üzərində qurulub. Bu yaxınlarda Hidayət müəllimlə söhbətimizdə sonuncu sufi şairimiz Hüseyn Cavidin əsərlərinin qırğız dilində tərcümə olunub, oradakı universitetdə təqdimatı haqqında danışdıq. İnanıram ki, bu təqdimat tezliklə olacaq”. 
 
 

 S.Vəliyeva antologiyada yer alan şeirlərin - insan, sevgi, təbiət, ətraf aləm, dünya, ölkə, Vətən haqqında mətnlərin müəlliflərinə təşəkkürünü bildirdi: "Bu şeirlər özümün və ya Azərbaycanın hər hansı bir şairinin yazdığı kimi bizə doğma gəldi. İnanıram ki, Qırğızıstanda da Azərbaycanın gənc şairlərinin şeirlərindən ibarət antologiya çap olunacaq. Belə görüşlərimiz də davamlı olacaq və əlaqələrimizin möhkəmlənməsinə xidmət edəcək”. 
 Qırğız Milli Yazıçılar Birliyinin (QMYB) başqanı Nurlan Kalıbekov səmimi münasibətə görə təşəkkür etdi: "Bizi birləşdirən ədəbi əlaqələr, mədəniyyət və sənətdir”. O, bundan sonra ədəbi əlaqələrimizin daha da inkişaf edəcəyini bildirdi. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvləri Altınbek İsmail, Kaliça Yaqub və Bekbolat Sarıbay da çıxış edərək Azərbaycana səfər etməkdən məmnun olduqlarını söylədilər.
 Daha sonra QMYB başqanı Nurlan Kalıbekov Birliyin "Qızıl qələm” mükafatını Sona Vəliyevaya təqdim etdi. S.Vəliyeva "öz yaradıcılığımla bu qələmə layiq olmağa çalışacağam» - deyə bildirdi. O, "Kaspi” qəzeti adından iki ölkənin müştərək duyğularından bəhs edən ornamentlərdən hazırlanmış xalçanı Ə.Qoşalıya təqdim etdi.
Qeyd edək ki, "Gənc qırğız şeiri antologiyası”nın layihə rəhbəri - Milli Məclisin deputatı Cavanşir Feyziyev, baş redaktoru - Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır. Antologiyaya Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və yazıçı-publisist Yunus Oğuz rəy verib. Nəşrin məsləhətçiləri akademik Nizami Cəfərov və fəlsəfə üzrə elmlər doktoru Sona Vəliyevadır.
 Antologiyanı Qırğızıstanın istedadlı gənc yazarları - DGTYB üzvləri Altınbek İsmail, Kaliça Yaqub və Bekbolat Sarıbay tərtib ediblər. Kitaba ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov "Təqdim”, Cavanşir Feyziyev "Ön söz”, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov isə "Bişkekdən Bakıya poeziya buketi” adlı ürək sözü yazıb.
 Otuz beş gənc qırğız şairinin müxtəlif mövzularda yaradıcılıq örnəklərinin toplandığı nəşrə daxil edilən şeirləri dilimizə İbrahim İlyaslı, Rəsmiyyə Sabir, Təranə Turan, Pərvanə Məmmədli, Gülnar Səma, Əkbər Qoşalı və başqaları çevirib.
 
Təranə Məhərrəmova