Biz imzaları yox, əsərləri dərc edirik...

Sərhədsiz gözləntilər – Mark Foley
1672
23 Aprel 2019, 09:30
Artkaspi.az saytı Maykl Foleyin "Sərhədsiz gözləntilər" yazısını təqdim edir:

 Qərb dünyasında meydan sulayan daimi qeyri-məmnunluq, nigaranlıq, arzu və ehtirasdan, məntiqsiz dəymədüşərlikdən yaranmış sərxoşedici duyğu kokteylinin təsirilə mənəvi rahatlığı pozulmamış neçə nəfər var ətrafımızda? Kim daha gənc görünür, kim daha istedadlıdır, kim daha tanınmış, daha nüfuzludur, kim daha çox qazanır və ən əsası seksual baxımdan kim daha cəlbedicidir? Dövrün insanı nə qədər şeyin dərdini çəkir... Aramızda daha yaxşısına layiq olduğunu düşünənlərin, əlindən mövcud olandan artığı gəlmədiyi üçün ömrü boyu şikayətlənənlərin sayı-hesabı yoxdur. Aclıqdan dizində taqət qalmamış bir afrikalı sosial ədalətsizliyi orta səviyyəli maaş aldığı üçün bəyəndiyi xanımı başqasına "uduzmuş"-luqdan şikayət edən qərbli həmyaşıdından daha az hiss edir.
 Yenə də xoş haldır ki, ən azından son 3-4 ildə müəyyən bir qrup bu hər şeyi birdən əldə etmək, hər şeyə sahib olmaq arzusunun "səfeh" görüntüsü formalaşdırdığını duyur. Amma yenə də bəzi suallar cavablandırılmağa hazır şəkildə sıralanır: "Bu qədər sərhədsiz gözlənti haradan törəyir?"; "Dünya əhalisinə bu vəziyyətdən çIxmaq üçün nə kimi alternativ yollar var?"; "Alternativ yola necə çıxmalı?"; "Dünənin, bu günün dahilərinin bu vəziyyətdən çıxış üçün bir tövsiyəsi varmı?"; "İrəli sürülən təkliflərdə fikir ortaqlığı varmı?"; "Təklif edilən üsul əsrin insanının həyatına necə tətbiq oluna bilər?". Bu suallar ətrafında fikir çək-çeviri aparaq. Mümkünsə, özünüz də götür-qoy edərkən, bəsit cavablardan, beyninizi yormayan üsullardan kənar qaçın.
 Elə qarışıq məsələdir ki, hədəf təyin etmək belə çətindir. 
 Daxili rahatlıq yaratmayan çılğın əyləncələrin alternativi sizdə tam məmnunluq hissi oyadan ağlı başında addımlardır. Xoşbəxtlik əyləncədən qidalanmır, onun mənbəyi insanın daxilindəki emosional vəziyyət, məmnuniyyət duyğusudur. Eyni zamanda xoşbəxtlik bir məfhum kimi ağlınıza gələ biləcək hər cür problemi özündə birləşdirir. Özüm də daxil olmaqla böyük əksəriyyət hər şeyə sevinclə əl çalmaq, bəsitdən-bəsit şəxsi inkişaf şousuna qurban edilmiş bu sözə dözə bilmir. Xoşbəxtlik sözünü eşidəndə ağlıma ruhani, hiyləgər təbəssümlər, şüarlar, narıncı inqilabi paltarlar, yaxasına "Bu gün qalan ömrümün ilk günüdür" yazılan köynəklər gəlir. Derek Mahon bu şüara özünəməxsus şairanə realizmlə cavab verib: "Bunu qaraciyərinizə, sevgilinizə də izah edin". Xoşbəxtlik kimi boyat, köhnə bir məfhum üçün dövrün insanı həddindən artıq məlumatlı, sofistik, müdrik, post hər şeydir. Hamısı dadına baxmaq istəsə belə, "xoşbəxtlik" iddiasına filosof da, yazar da, şair də, taksi sürücüsü də eyni kinayəli reaksiyanı verəcək: "Ahhaaaaa!” Çoxumuz "həyat çətindir" deyirik, amma heç kim özünü məğlub kimi görmək istəmir.
 
 

 Alternativ terminlər isə insanı məmnuniyyət hissindən uzaqlaşdırır. Akademik sinif insanı bu xaosdan xilas etmək üçün "fərdi yaxşı olmaq" nəzəriyyəsini irəli sürdü, amma buna bir termin tapmaq mümkün olmadı. Nəzəriyyə isə insanları qane etmədi. Bildiyimiz xoşbəxtlik sözünün qədim mənası indiki mənası ilə üst-üstə düşmədiyindən təsvirini vermək də mümkün deyil. Məhşur Oksford lüğəti isə hamını təəccübləndirəcək bir izah təqdim edir: "qismət və ya şans, uğur, rifah və s". Bu Sokratın zamanından qalma iki minillik izahdır. Məfhumun izahına yönələn daha dərin axtarışlar isə insanı bitib-tükənməz mənbə axınına düçar edir.
Praktikada xoşbəxtliyin reseptini tapmaq da qaneedici bir nəzəriyyə tapmaq qədər çətindir. Depressiyadan fərqli olaraq, xoşbəxtlik özünü təqdim etmir. Bu emosional qarışıqlıqda bircə şey dəqiqdir, yalnız bədbəxt hadisələrin mənbəyi məlumdur. Xoşbəxtliyin təməl şərti isə situasiyanı analiz etməməkdir. Çünki analiz cəhdi duyğunu öldürür. Bəlkə də, heç bilərək xoşbəxt olmaq mümkün deyil. İnsan harada, necə xoşbəxt olduğunu ancaq geriyə baxanda dərk edir, itirəndə anlayır. Russo Qızıl Dövrü analiz edəndə bunu daha aydın göstərir: "Dövrün qızıl olduğunu insanlar gec dərk etdilər, zaman keçib, dövran dəyişəndə. İnsanlar dövrün dadını çıxararkən, nələrin keçib getdiyinin, su kimi axdığının fərqinə varmadılar". Başqa sözlə, insan xoşbəxtdirsə, fərqinə varmır, boşluğu duyanda isə artıq xoşbəxtlik itmiş olur.
 Xoşbəxtlik ara-sıra əlçatan olsa da, niyəsə insan bunu daimi vəziyyət kimi görür. Filosof Hanna Arendt: "İnsan həyatında tükənmə və yenilənmə, düşmə-qalxma məqamı var. Daima zirvədə qalma cəhdləri iflasa məcburdur. Xoşbəxtlik bu məqamda əvəzlənmə zamanı duyulur və həqiqətən mövcud olur. Bu məqamın aradan çıxması pozulması həyatın təməl xoşbəxtlik duyğusunu zədələyər".
 Aristotel xoşbəxtliyi bir mübarizə, mərhələ kimi qəbul edir. Qədim yunan termini "eudaimonia" əksər mənbələrdə xoşbəxtliyi təsvir edən sözdür. Mənası inkişaf etmək, gözəlləşməkdir. Bu isə olduqca cəlbedici ideyadır – xoşbəxtlik inkişafdır, gözəlləşməkdir. Lakin bunun çox az insana qismət olan xüsusi bir forması olduğu da iddia edilir. İnsanın qəribə təkrarsızlığını nəzərə alsaq, həmin bəxtəvər azlığın da tamamilə fərqli şeylər hiss etdiyini görərik. Xoşbəxtliyin də, ehtimal ki, ən az depressiyanınkı qədər çeşidləri, təzahür formaları var.
İndi isə gələk əsas məsələyə  – bu təsvirsiz məfhuma necə qovuşmaq olar. Hətta Amerikanın Müstəqillik Aktında bu məşhur "xoşbəxtlik” haqqı özünə xüsusi yer tutur. Amma yazılanların tam əksinə bir qrup xoşbəxtliyin ardınca qaçaraq əldə edilən bir şey yox, tamamilə başqa hadisələrin təsadüfi nəticəsi olduğu qənaətindədir. Con Stüart Mill bu qrupun fikirlərini belə aydınlaşdırır: "Dünyada ancaq xoşbəxtlik axtarışında olmayanlar xoşbəxtdir. Onlar xoşbəxtliyi bir hədəfdə yox, başqa bir hədəfə aparan yolda tapırlar”. Bunu birbaşa yaxşı olmaq arzusu ilə qarşılaşdıra bilərsiniz. Yaxşı olmağa çalışaraq, yaxşı olmaq eyni şey deyil. Özünəməxsus olmaq da bu qəbildən məfhumlardandır. Elə müdriklik də, avtoritarlıq da, liderlik də... 
 İnsan xoşbəxtliyin ayrı-ayrı simalarının axtarışında ola bilər – şöhrətin, pulun, statusun, əyləncənin, uğurun və s. Bunlar fərdə xoşbəxtliyin aşağı səviyyəsinin, məmnuniyyətin qapısını açır. Bu fikri Floberin fəlsəfəsində də görürük: "Ağlı və iradəsi olanların xoşbəxt olması mümkün deyil, amma məmnunluq duyğusunu yaratmaq insanın öz əlindədir”. Bu fikir artıq iki əsrə yaxındır ki, cənnətdən qovulan insanın xoşbəxtliyi əsla tapmayacağı ideyasına söykənən maniheizm nəzəriyyəsinin ana xəttidir. Kant isə xoşbəxtlik axtarışlarının bədbəxtliyin təməlini qoyduğu fikrini müdafiə edənlərdəndir. İnsan özünü axtarışa həsr etdikcə bütün xoş duyğulardan uzaq düşür. Yoxsa sizə elə gəlir ki, axtaranlar xoşbəxtdir? Onda dünyanın xoşbəxti Sokrat idi? Sorğulamaq daha çox sual yaradır. Əlləşmək, çabalamaq sizdə xoşbəxtlik haqqında daha çox fikir qarışıqlığı, təəssüf doğuracaq. Sonra başlayıb "həyata gülümsəyin”, "işinizi sevin”, "müsbət enerji toplayın” kimi bayağı ideyaları qəbul etməyəcəksiniz. Unutmayın, öz problemlərini həll edə bilməyənlər başqalarının problemlərini gözə soxur. Özünüz üçün bir strategiya müəyyənləşdirməlisiniz, amma bunun üçün əsla kiminsə komandalarına uymaq vacib deyil. Dövrün başınızı fırladan "saray uşaqları” yaşadıqları belə bayağı, bəsit xoşbəxtlik nümunələridir. Qədim dövrlərdə cəngavərlərdə gördüyümüz qüsursuz, uğurlu, imtiyazlı, hər şeyə qadir xüsusiyyətlər indi iş adamlarındadır. Bu insanların simasında formalaşan ideya isə kapitalizmin yaydığı ən qırmızı yalandır – hamı milyoner ola bilər. Halbuki dünya yaranandan zirvədə 3-5 nəfərə yer olub.
 İndi başqa bir dərdlə də əlləşirik. "Anonim avtoritarlıq”-da ömür sürdüyümüz üçün artıq qadınlara, fərqli irqə, dinə aidlik haqqına, cinsi seçimlərə, təbiətə və heyvanlara zərər verməyən hər şey "qəbul olunan”dır. Məzhəbimizin sərhədləri də genişləndikcə genişləndi. Anonim avtoritarlığın da bəlası budur – tövsiyələr aksiom kimi danışıqsız qəbul edilir. Ümumi şəkildə qəbul edilmiş fikir və anlayışlara qarşı çıxmaq olmur. Bu rejimə qarşı durmaq, mübarizə aparaq üçün insanın beynində bir qüsur olmalıdır. Çünki "axıntının əksinə üzən” heç kim ağıllı hesab edilmir. Məsələn, iş yoldaşlarının hamısının rüşvətə qarışdıqları üçün ifşa edərək, hərbi rütbələrini aldıran Nyu-York polisi Frank Serpisio haqqındakı filmi nümunə göstərmək olar. Onun iş yoldaşları iyrənc adamlar deyillər, sadə polisdirlər. Amma toplu şəkildə rahat-rahat rüşvət yığıb, həftəsonu bölüşürlər. Onları ifşa etmək üçün Frank polislikdən imtina edib, dedektivliyə başlayır və layihənin sonunda yüksək hərbi rütbə ilə mükafatlandırılır. O bu addımı rütbə almaq üçün yox, rüşvətə cəmiyyətin öyrəşməsini qəbul etmədiyi üçün atır. Filmin Frank haqqındakı səhnələrdə isə rejissor onun heç də sıradan insanlar kimi yaşamadığına diqqət çəkir. Yəni, axının əksinə üzmək arzusu ancaq fərqliliyi beynində, düşüncəsində olan adamlarda yaranır. Bu gün müdir bizdən biridir, dost məclisində oturduğumuz üçün hər vəziyyəti yola verir, qalstuk taxmaya da bilirik. Kim niyə axının əksinə üzmək istəsin ki?!
 
 

İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı