Biz imzaları yox, əsərləri dərc edirik...

III Məmməd Araz poeziya günü
229
23 Aprel 2018, 17:43
 Xalq şairi Məmməd Arazın xatirəsinə həsr edilən poeziya günləri Qazax rayonundan start götürüb.
 
 
 
 Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə Qazax RİHB Aparatının məsul işçiləri, AYB-nin Qazax rayonu filialının üzvləri, mədəniyyət, təhsil, səhiyyə işçiləri, rayonda fəaliyyət göstərən ali təhsil ocaqlarının müəllim və tələbə kollektivi, məktəblilər və KİV nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.
 Sonra Gənclər Mərkəzində davam edən tədbir Xalq şairinin öz ifasında lentə alınmış şeirinin səsləndirilməsi ilə başlayıb. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq Xalq şairi Məmməd Arazın Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadı olmasından danışıb. Qeyd edib ki, dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Onun sənət dünyasında vətən müqəddəsliyi, xalq məhəbbəti, el həqiqətləri yaradıcılığının nüvəsində dayanır.
 
 

 Tədbirin aparıcısı AYB-nin Qazax filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal Məmməd Araz yaradıcılığının və şeirlərinin Azərbaycan ədəbiyyatındakı rolundan söz açıb. "Məmməd Araz poeziya günü”nün  ideya müəllifi, şair Qardaşxan Əzizxanlı çıxış edərək bildirib ki, bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb. O, qeyd edib ki üçüncü dəfə təşkil olunan Məmməd Araz poeziya günləri, həm də böyük şairin anadan olmasının 85 illik yubileyi ilə əlamətdardır və keçirilən tədbirlərə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyi dəstək verir. Layihə rəhbəri bildirib ki, Aprelin 20-dən etibarən Qazaxdan başlayan poeziya günləri ölkəmizin müxtəlif şəhərlərində davam edəcək. 
 AYB-nin Qazax filialının aparıcı məsləhətçisi, şair Mustafa Rasimoğlu öz çıxışında şair və yazıçılara, söz adamlarına göstərdiyi diqqət və qayğıya, poeziya gününün belə yüksək səviyyədə keçirilməsinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığını bildirib.
 Tədbirdə Əməkdar artistlərdən Nuriyyə Hüseynova və İlkin Əhmədov, aşıqlardan Camoy Qurbanov və Yaşar Gülümcanov şairin şeirlərinə həsr olunmuş mahnılar oxuyublar.
 Sonra söz poeziya günlərinin tərkibinə daxil olan "Məmməd Araz poeziya müsabiqəsi”nin iştirakçılarına verilib. Müsabiqənin qalibi və iştirakçısı olmuş məktəblilər Xalq şairinin bir-birindən zəngin olan şeirlərini oxuyub, öz bacarıqlarını nümayiş etdiriblər. Şairin "Azərbaycan-dünyam mənim” və "Qalx ayağa, Azərbaycan” şeirlərini tədbir iştirakçıları ayaqüstə, alqışlarla qarşılayıblar.
 Tədbirin sonunda Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, layihə rəhbəri Qardaşxan Əzizxanlı və digər qonaqlar Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu tərəfindən təsis edilmiş diplomları və hədiyyələri müsabiqə qaliblərinə təqdim ediblər.
Xəbər lenti