Biz imzaları yox, əsərləri dərc edirik...

Bizim evdə o qədər ulduzlar parlayıb ki…
961
04 Aprel 2018, 14:04
  Mart bayramlar ayı olsa da, ayın elə ikinci günündə Azərbaycanın sevilən bəstəkarı, Əməkdar incəsənət xadimi Tahir Əkbərin ölüm xəbərini aldıq. Tahir Əkbərin Azərbaycan musiqisinə verdiyi töhfələr təbii ki, əvəzedilməzdir. Onun ölümü ələlxüsus da, Tahir Əkbərin qəlbindən notlara süzülən o musiqiləri  sevənləri məyus etdi. 
 
  Mərhum bəstəkarın ailəsinə baş sağlığı verib, onlarla Tahir Əkbərin musiqisindən, mahnılarından danışdıq. Bu barədə danışmaq mərhum bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər və qızı Bəhriyyə xanım üçün çətin idi. 
 
 
 

 
 – Tahir Əkbərin vəziyyəti ağır olanda Bəstəkarlar İttifaqına müraciət etdim  və onlara bildirdim ki, bəstəkarımızın vəziyyəti pisdir. 2015-ci ildə əməliyyat olunandan sonra vəziyyəti getdikcə ağırlaşmağa başlamışdı. Məhz buna görə Bəstəkarlar İttifaqına müraciət etdim. 
 
  – Tahir Əkbərin vəziyyətinin ağır olduğunu deyəndə sizə hansı redaksiyalar verildi?
  – Əvvəla onu qeyd edim ki, vəziyyətdən xəbərdar olan vitse prezidentimiz Mehriban xanım Əliyeva bizə öz yardım əlini uzatdı. Ona təşəkkür edirəm. Tahir Əkbəri 1 saylı Şəhər Kliniki Xəstəxanasından Respublika Diaqnostika Mərkəzinə götürdülər. Xəstəxanaya götürüləndə  Tahir müəllim danışa bilmirdi. Bir dəfə televizorda ona göstərdim ki, səni artıq Mehriban Əliyeva dəstəkləyir. O, sevindiyindən ağladı. Çünki birinci dəfə idi ki, sənətinin, çəkdiyi əziyyətlərin qarşılığını görürdü.  Ondan sonra bəzi dövlət adamları var idi ki, Tahir müəllimə dəstək oldular. 
 
 
   –  Ən böyük arzusu nə idi? 
  – Ən böyük arzusu Azərbaycanda ev almaq idi. Atasının Daşkənddən Bakıya dəyişdirdiyi 2 otaqlı evdə yaşayırdı. Hər zaman deyirdi ki, görəsən mənim öz evim olacaqmı? Onun böyük bir kitabxanası var idi. Qızımızın təhsil haqqını ödəyə bilmədiyimiz üçün evimizi satıb daha kiçik -1 otaqlı evə köçəndə məcbur qalıb, kitablarını köhnə binamızın altındakı zirzəmiyə qoyduq. Arzusu o idi ki, nə vaxtsa evi olsa, o kitabları geri götürsün. Digər arzusu isə opera yazmaq idi. Onun kimi, muğamdan muğama keçidlər edən çox az bəstəkar vardı. Türkiyədə məşhur kanon çalan Halil Karatuman bəstəkarımızın 1989-cu ildə yazdığı "Əzizim” mahnısını öz adına çıxarmışdı. Biz orada milli dəyərləri və musiqilərin qoruyan əlaqəyə girdik və bu mahnıların Tahir müəllimə məxsus olduğunu bildirdik. Türk səfiri ilə görüşdük. Onlar Tahir müəllimdən türk xalqı adından üzr istədilər. Bu əsəri çox bəyənmişdilər. Hansı ki, bu əsər Az.TV-də qızıl fonda saxlanılır. Tahir müəllimin həmin qurumdan qeydiyyatdan keçirmək üçün 30 əsərini topladıq. Ancaq onları qeydiyyatdan keçirmək bəstəkara qismət olmadı. Bu missiyanı isə mən davam etdirəcəyəm. 
 Tahir müəllim öz layiqli yerində deyildi. Özü də kim olduğunu bilirdi, xalq da. 
 
 
 




  –  Siz onu ilk dəfə həkimə aparanda, nə dedilər?
  – Baş həkim dedi ki, artıq gecdir. Onu indiyə qədər qorumaq lazım idi. Beyni zədələnmişdi. Tahir müəllim çox yorulmuşdu. 
  O, uşaqlıqdan çətin günlər görərək gəlmişdi. O qədər vətən həsrəti çəkmişdi ki... Azərbaycan onun üçün çox dəyərli idi. Atası müfəttiş idi. İşi ilə bağlı bir çox ölkələri gəzirdi. Tahir də müxtəlif ölkələrdə məktəb oxuyub və universitetə gedib. Ona görə də onun indi burda nə sinif, nə də qrup yoldaşı var. 
  Tahir Əkbər vətənsiz qala bilmirdi. Öz millətinə, kökünə bağlı bir insan idi. Onunla bağlı keçmiş zamanda danışmaq bizim üçün çətindir... Vətəninə bağlı insan idi və bu səbəbdən davamlı olaraq torpaq və onun müqəddəsliyi ilə bağlı əsərlər yazırdı. Onun əsərləri seçilirdi. Bilirsiniz ki, eyni zamanda simfonik əsərlər də yazırdı. Tahir müəllimin yüzlərlə mahnısı Türkiyədə oxunurdu. Elə adi "Amin” mahnısı  Avropada səslənib. Sizə başqa bir misal da çəkim, Tahir müəllimin 10 il bundan qabaq "Yarəb” mahnısı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınıb. Onun bu mahnısı Filarmoniyada səsləndi və Şəfiqə Axundova efirdə dedi ki, Azərbaycan Filarmoniyasında bu mövzuda əsər qoyulmayıb.  Təklif olundu ki, bu əsər nazirliyə satılsın. O zaman Tahir müəllimin heç bir fəxri adı da yox idi.  Bəstəkar nazirliyin nümayəndəsindən ona nə zaman fəxri ad veriləcəyini soruşmuşdu. Əsərlərini aldıqları halda, ona demişdilər ki, baxaq görək hələ siz bu ada layiqsinizmi? Tahir müəllim yeganə bəstəkardır ki, Azərbaycanda üç nəsillə işləyib. Şövkət Ələkbərovadan tutmuş Mirzə Babayev, Zeynəb Xanlarova, Elmira Rəhimova. İkinci nəsil isə bu günün xalq artistləridir. Bir də bu gün gündəmdə olan gənc nəslin bir qismi səhnəyə məhz Tahir Əkbərin mahnıları ilə gəliblər. 
 
 
 




  – Məsələn hansı gənclər?
  – Çoxdur. Bir-bir onların adlarını çəkmək istəmirəm... Elə birini misal çəkim  Elton Hüseynəliyev. Tahir Əkbər həmin ifaçıya çox kömək edib.  "Azərstar” musiqi yarışmasından çıxanda yaxın dostundan xahiş etdi ki, ona dəstək olsun. O zaman Elton çox gənc idi. Həmin insan Eltona dəstək oldu. Nazpəri Dostəliyeva ilk dəfə 1996-cı ildə Tahir müəllimin "Sən bəyənmədin” mahnısını oxudu. Onda bizim evdə ansambl da yığılmışdı. Tahir müəllim dostundan xahiş etdi, onu efirə çıxarsınlar. Yəni o, ifaçılara hər zaman öz kömək əlini uzadırdı.  Aşıq Samirə ilk dəfə bizə gələndə çox cavan qız idi. Hansı birini deyim? Bizim evdə o qədər ulduzlar parlayıb ki…  Onların heç biri Tahir müəllim xəstə olanda onu yada salmadılar. Tahir Əkbər onlara çox dəstək olmuşdu. İnsanlar var ki, Tahir müəllimin musiqisi onları tarixə salıb. "Dərdin alım”, "Heç küsməyin yeridirmi?”, "Sən elə bir vaxtda rast gəldin mənə”, "Amin”, "Bir qız bir oğlanındır” mahnıların hər biri musiqi tariximizdə qalacaq. 
 
 
 

 
  – Həyat yoldaşı kimi necə bir insan idi?
  –  Çox gözəl insan idi. İndi bizim üçün onsuz çox çətindir. Ailədə üç nəfər idik. Bizi bir-birimizə çox şeylər bağlayırdı. Onun heç kimi olmadığına görə, bizə çox bağlı idi. Hələ də mənə onun yoxluğu çatmır. 
 
 – İnsan yaxşı gündə də, pis günündə də dostunu düşmənini tanıyır. Yəqin ki, bu qısa zaman kəsiyində bəstəkarımıza  dəyər verən insanları daha yaxından tanıdınız. 
 – Ətrafında ona dəyər verən insanlar var idi. Gərək insanın özü dəyərli olsun ki, qarşısındakı insanın dəyərli olduğunu bilsin. Dəyərsiz insan bilmir ki, qarşısındakı kimdir. Tahir müəllimin mahnılarını müğənnilərimizin 80 faizi ifa edib. Onların 10 faizi üzdədir. Onlar haqqında heç bir fikir bildirmək istəmirəm. Çünki onlar başa düşmürlər ki, qarşısındakı kimdir. Türkiyədən Adnan Tayfun adlı bir müğənni Tahir müəllim xəstələnəndə telefon etmişdi. O, Tahir Əkbərin əsərlərini dinləyirdi. Ona bizim müğənnilər ağlamalı idi, türklər yox. Axı Tahir Əkbərin mahnıları ilə kifayət qədər müğənnilər tanınmışdı. 

 
  – İfaçılar Tahir Əkbərin mahnılarını oxuyanda halallıq alırdılarmı?
 – Yox. Mən çox təəssüflənirəm buna. Bir dəfə ona sual vermişdilər ki, həyatda ən çox nədən qorxursunuz? Cavab vermişdi ki, həyatda ən çox biganəlikdən qorxuram. 
 
 
  – Bəstəkarın son sözləri nə oldu?
  – O, danışa bilmirdi. 4 ay xəstəxanada qaldı. Mənə dedilər ki, Qurd Qapısının yanında dəfn olunacaq.  Heç Fəxri Xiyaban arzusunda deyildim. Ancaq niyə də olmasın? Qəmbər Hüseyn tarixdə bir "Cücələrim” mahnısı ilə yadda qaldı. Ancaq Tahir Əkbər "Amin”, "Arazbarı”, "Hər birimiz Mübarizik, Fəridik”, "Dünya azərbaycanlılarının həmrəylik himni”ni yazıb. Mən o mənzərə ilə rastlaşanda çox məyus oldum. Orada şou yaratmaq istəməzdim. Tahir Əkbərin qəbri heç olmasa bir cərgə qəbiristanlığın içində olsa idi, mən yenə də nazirliyimizin qərarına hörmətlə yanaşardım. İnsana bu dünyada qiymət vermək lazımdır. Mən Tahir müəllimi orada görə bilmədim. Mən ondan üzümü çevirib qayıtmalı idim, o da orada kimsəsiz kimi qalmalı idi. Bu çox çətin qərar  oldu. Qəbrinin dəyişdirilməsini mən də istəməzdim və bu qərarı vermək mənim üçün çox çətin idi. Bu qərarı da vermək hər insanın işi deyildi.  Onun məndən və qızından başqa heç kimi yox idi. Onun dəfn olunduğu gün nazirə dedim ki, təşəkkür edirəm, ancaq mən Tahir müəllimi bura layiq görmürəm. Dedilər ki, buyurun, bu sizin haqqınızdır. 
 
 
 

 
    Bəhriyyə:


 – Bir müddətdən sonra bəzi müğənnilərə atamın əsərlərini oxumağa icazə verməyəcəyəm. Çünki atamın pis günlərində onların münasibətlərini gördüm. Zamanında atamın o ifaçılara etdiyi yaxşılıqların şahidi olmuşam. Hansı ki, o ifaçılar atamın mahnıları ilə tanınıblar. Atam xəstələnəndə və son mənzilə yola salınanda belə, gəlmədilər. Bu, mənə çox təsir etdi. Biz onu dəfn edəndə biri "bizim kənddə bir insan öləndə onu basdırmağa bundan çox adam gəlirdi” dedi. Bəs mən buna necə reaksiya verməliyəm? Yerimə siz olsanız hansı reaksiyanı verərsiniz? Atam mənə demişdi ki, əgər məni dəyərsiz şəkildə dəfn etsələr, əsərlərimin ifasına qadağa qoy. Mən də o şəkildə edəcəyəm. Bəzi ifaçılara atamın mahnılarını oxumağa qadağa qoyacağam.  Onun ən azı haqqı idi ki, ikinci Fəxri Xiyabanda basdırılsın. Çünki o, Azərbaycana kifayət qədər dəyərli əsərlər bəxş etmişdi. 
  "Youtube”da onun bəstələrinə diqqət etsəniz, görərsiniz ki, həddən artıq baxış sayı var. Elə "bəstəkarlar” var ki, onlara Tahir müəllimə göstərilən marağın yarısı belə göstərilmir. Çox bəstəkar var, ancaq hamısı xalqın sevimlisi ola bilmir. Bu bir lütfdür.  Tahir Əkbər ziyalı, mədəni insan idi. Elə insanlar var ki, onlar toxunulmazdır və xalq tərəfindən sevilir və onlarla oynamaq olmaz. Xalq sevgisinin qarşısında durmaq olmaz. Baxın görün sosial şəbəkələrdə bir adam Tahir müəllimə söyürmü? Ancaq elə sənətkarlar var ki, titulları, fəxri adları var, ancaq ölkədə o qədər qıcıq doğurub ki, ünvanına nalayiq sözlər yazırlar. Tahir Əkbər yeganə insandır ki, heç kim onun haqqında pis söz yazmır. Bəstəkar olmaq olar, amma mədəniyyət insana Allah tərəfindən verilir. Ziyalılıq insanın qanından gəlir. Bəzi bəstəkarlar var ki, fəxri adlarını, titullarını, ordenlərini saymaqla bitmir, onların ölümünə xalq çox az və zəif reaksiya verir. Ancaq Tahir Əkbərin ölümünə çox reaksiya verildi. Tahir müəllimi, onun mahnılarını heç zaman unutmaq olmaz. Bu xalq Tahir Əkbəri unutmayacaq.
 
  Xəyalə Rəis