Biz imzaları yox, əsərləri dərc edirik...

Gördüm ki, məni təbrik edirlər, şok oldum – Prezident mükafatçıları danışır
982
03 May 2017, 12:29

  Gördüm ki, məni təbrik edirlər, şok oldumPrezident mükafatçıları danışır:


 Mayın 1-də prezident İlham Əliyev "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” sərəncam imzaladı. Sərəncama əsasən səhnə fəaliyyəti ilə bağlı bir çox incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin pul mükafatları verildi. Mükafatçıların fikirlərini öyrəndik:

 


 

  Xalq artisti, xanəndə Mələkxanım Əyyubova bizimlə söhbətində bunun aldığı ilk mükafat olmadığını qeyd etdi: "Sağ olsun, cənab prezidentimiz, məni bu mükafata layiq görüb. İllərdir səhnədəyəm, sənətimi sevirəm. Dövlətimiz tərəfindən indiyədək bu kimi çox mükafatlar almışam. Bunlar mənim üçün çox dəyərlidir. Buna görə hər zaman dövlətimizə minnətdaram. Bir sənətçi üçün çox böyük diqqətdir. Prezidentimiz tərəfindən mükafat almağın mənəvi dəyəri mənim üçün daha yüksəkdir. Mükafata layiq görülmək sənətçinin daima diqqətdə olduğunun göstəricisidir. Əlbəttə ki, diqqətdə olmaq, yaşının, sənətinin hansı dövründən asılı olmayaraq hər bir insana stimul verir. Belə mükafatlar aldıqdan sonra insanda daima öz üzərimdə çalışıb, bu etimadı bir daha doğrultmaq istəyi baş qaldırır. Hər dəfə mükafata layiq görüldükdə, hesab edirəm ki, məsuliyyətim ikiqat artır”.

 

 


  Əməkdar artist, rejissor, aktyor Nicat Kazımov mükafata layiq görülən zaman Konyada festivalda idi. Belə ki, Moldovanın Tanasoğlu adına Qaqauz Milli Teatrında rejissorun quruluş verdiyi "Öldür məni ayolcum” tamaşası ilə "1000 nəfəs, 1 səs” teatr festivalında uğurla çıxış edib. Onu iki xoş hadisə münasibətilə təbrik edib, təəssüratlarını öyrəndik: "Mayın 1-də səfərimiz başa çatırdı. Vətənə dönmək üçün hazırlıqlara başlamışdıq ki, təbrik mesajları aldım. Sosial şəbəkəyə daxil olanda gördüm ki, məni təbrik edirlər, şok oldum. Eşidəndə ki, dövlət başçımız məni mükafatlandırıb, sevindim. Təbrikləri hələ də qəbul edirəm. Sənət dostlarım, kollektivimiz məni təbrik etdi. Mən də fürsətdən istifadə edib hər kəsə minnətdarlığımı bildirirəm”.

 


  Əməkdar artist Şövqi Hüseynov da mükafat alanlar sırasındadır. Rusiyanın Kineşma vilayətində keçirilən III Beynəlxalq Rus klassik dramaturgiya festivalında iştirak edən, orada "Ən yaxşı kişi rolu”na görə mükafata layiq görülən aktyor üçün bu, ikiqat bayram idi. Dövlət başçısı tərəfindən belə mükafata layiq görülməyi teatr cameəsinə böyük diqqət və qayğı kimi qiymətləndirən Ş.Hüseynov bu dəyərləndirmələrin onların yaradıcılığına böyük stimul verdiyini də əlavə etdi: "Bizə göstərdiyi bu etimada görə dövlət başçımıza minnətdarlığımı bildirirəm. Bu, prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə və teatr sənətinə göstərdiyi yüksək diqqətin göstəricisidir. Bu kimi mükafatlandırmalar teatrlarımızı yeni yaradıcılıq uğurlarına, Azərbaycan teatrının daha da inkişaf etdirilməsinə və onun ölkə hüdudlarından kənarda tanıdılmasında yorulmadan çalışmağa ruhlandırır. Bu münasibətlə məni təbrik edən hər kəsə təşəkkürümü bildirirəm”.

 

 


  Əməkdar artist Naibə Allahverdiyeva da bunu onların sənətinə verilən dəyər kimi qiymətləndirdi: "Buna görə mən cənab prezidentimizə təşəkkürümü bildirirəm. Sənət adamına qiymət vermək sənətçini ruhlandırmaq, yaşatmaq deməkdir. Bunun əsası da ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Allah ona rəhmət eləsin. O, hər zaman sənətkarlara qiymət verib. Mən də bu mükafata layiq görüldüyüm üçün çox sevinirəm. Buna çox böyük ehtiyacım var. Çünki övladım təhsil alır. Mən bu mükafatı onun təhsilinə sərf edəcəyəm. Bu, mənim üçün çox böyük köməkdir. Eşidən kimi hər kəs məni təbrik etdi. Mən də həmkarlarımı təbrik edirəm. Bu siyahıya bizim teatrımızdan yeni aktyorlar və rejissorlar qatılıb. Buna görə çox sevindim. Hesab edirəm ki, hər kəsin əməyi qiymətləndirilməlidir. Sənət adamına stimul verəndə, o daha çox həvəslənir, ona verilən bu dəyərlə yaşayır. İncəsənət nümayəndələri çox həssasdırlar. Bizə göstərilən qayğıya çox həssaslıqla yanaşırıq. Hər kəsə öz təşəkkürümü bildirirəm. İlk növbədə tamaşaçılara minnətdarlığımı bildirirəm ki, bizi yüksəldən də, sevindirən də onlardır. Onlarsız biz heç kimik”.

 

 


  Bu yaxınlarda 60 yaşını qeyd edən əməkdar artist Rəhman Rəhmanov isə dedi ki, dövlət tərəfindən mükafat almaq fərəhli haldır: "Hiss edirsən ki, bu sənətdə səni istəyirlər, hörmət edirlər. Əgər prezident mükafatına layiq görülmüşəmsə, bu mənim böyük uğurumdur. Həm sənətdə, həm də həyatda. Çox razıyam. Ölkə başçısına minnətdarlığımı bildirirəm ki, mənim sənətimi bu cür yüksək qiymətləndirdi. Sözün açığı, gözləmirdim. Nə xoş mənə ki, digər sənətçilərin sırasına məni də əlavə etdilər. Mənim üçün ikiqat bayramdır, gözəl bayramdır”.

 


  Kukla Teatrının baş rejissoru, əməkdar artist Qurban Məsimov da öz təşəkkürünü bildirərək bunu sevindirici və qürurverici hal kimi qiymətləndirdi: "Bu mükafata layiq görüldüyüm üçün məni teatr və kino ictimaiyyətindən olan dostlarım təbrik etdi. Əslində, bu mənim üçün gözlənilməz oldu. Çünki heç vaxt mənə mükafat verəcəklər deyə oturub gözləmirəm. Mükafata layiq görülməyim xəbərini aldığım anın özü elə mənə ən böyük sevinc oldu. Mən öz işimlə, çox sevdiyim sənətimlə məşğulam. Əməyimizin dəyərləndirilməsini əlbəttə ki, istəyərəm. Bunun üçün cənab prezidentə, Mədəniyyət və Turizm Nazirliyimizə təşəkkür edirəm”.

 


  Əməkdar artist, aparıcı Əkbər Əlizadə 22 ildir ki, Musiqili Teatrda çalışır. O, bu illər ərzində televiziyada və müxtəlif teatrlarda maraqlı layihə və obrazları ilə tamaşaçıların sevgisini qazanıb: "Çox şadam ki, teatrımızın repertuarında yer alan bir çox tamaşalarda varam. Zamanında tanınmış rejissor Cənnət Səlimovanın rəhbərlik etdiyi Bakı Kamera Teatrında, Afaq Bəşirqızının "Bəşir Teatrı”nda da işləmişəm. Bu günə kimi bir çox rollarım olub. Televiziyada bir çox layihələrin müəllifi və aparıcısıyam. İncəsənət aləmində hərtərəfli çalışmışam. Bu gün tamaşaçılar tərəfindən qəbul olunuramsa, bu, mənim üçün fəxrdir. Bütün bunların müqabilində dövlət başçımız tərəfindən mükafata layiq görülməyim isə başqa bir hissdir. Çox sevinirəm ki, bu gün mükafata layiq görülən incəsənət nümayəndələri arasında mən də varam. Dövlət başçımıza sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu, teatr fəaliyyətimə verilən böyük dəyərdir, qiymətdir. Mənə elə gəlir ki, bundan o tərəfi yoxdur. Yaşasın Azərbaycan teatrı! Çalışacağam ki, bundan sonra da oynayacağım rollarla tamaşaçılarımızı sevindirim”.

  Aktyor 2017-ci ilin ona uğurlu gəldiyini deyir: "Bu il mənə çox düşərli oldu. Yanvarın 13-dən 18-nə qədər Təbrizdə 35-ci Beynəlxalq Fəcr Festivalında "Ər və arvad” tamaşasını oynadıq. Orada mən "Ən yaxşı kişi rolu”na görə mükafata layiq görüldüm”.

 


  Ağdam Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev qeyd etdi ki, əslində, dövlət başçısının incəsənət nümayəndələrinə verdiyi bu mükafat sənət adamı üçün bir stimuldur: "Bu, ölkə başçısı tərəfindən bizə göstərilən böyük bir dəstəkdir. Bu il ilk dəfə olaraq Ağdam teatrından iki nəfər mükafatçılar siyahısında yer alıb – mən və əməkdar artist Aida xanım Qasımova. Buna görə çox sevincliyik. İnanın ki, bölgə teatrında çalışan teatr nümayəndələri, yəni bizlər üçün bu, böyük diqqət və qayğıdır. Mükafata layiq görülən bütün incəsənət xadimlərimizi, həmkarlarımı təbrik edirəm. Respublikamızın prezidenti İlham Əliyevə, Teatr Xadimləri İttifaqına göstərdiyi diqqət və qayğıya görə dərin təşəkkürümü bildirirəm”.

  Təbriklərə gəlincə isə, Sərvər Əliyev dedi ki, onu ilk olaraq Ağdam Teatrının direktoru təbrik edib: "İlk zəng teatrımızın direktoru Məhəmməd Hüseynovdan gəldi. Bundan başqa, "Facebook” səhifəmdə çoxlu təbrik mesajları almışam. Buradan məni təbrik edən hər bir kəsə dərin təşəkkürlərimi bildirirəm”.

 


 


  Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovanın da sevincinin həddi-hüdudu yox idi: "Kim istəməz ki, belə çətin vaxtda əlavə məbləğ alsın? Dövlət başçımızın mənə qarşı göstərdiyi etimadı görəndə çox şad oldum. Sevinirik ki, dövlət öz incəsənət nümayəndələrinə diqqətini əsirgəmir. Dünəndən zənglər bitmir. Eşidənlər təbrik edirlər. Bunun bizə həm maddi, həm də mənəvi xeyri çoxdur. Bu həm də mənə böyük stimul verdi. Bu stimuldan sonra daha çox, var gücümlə işləmək eşqi yaranır”.

 

  Hazırladı: Xəyalə Rəis