Biz imzaları yox, əsərləri dərc edirik...

İsinmək üçün cəhənnəmi arzulayıram Cahan Seyidzadənin şeirləri
1190
12 Aprel 2017, 09:23

   artkaspi.az gənc şairə Cahan Seyidzadənin şeirlərini təqdim edir:


  

 

***

 


Sönür işıqları bütün evlərin,

səni unutmağa çalışanda.

Bir işıq tapa bilmirəm uzaqda

fikrimi yayındırmaq üçün...

Qadına düşər həmişəki kimi

xatirələri günə atıb

tozunu çırpmaq,

havasını dəyişib təzədən yerinə yığmaq

nimdaş xatirələri təkrar-təkrar yamayıb

yenidən geyinmək.

Toz basmış pencəkdən fərqim yoxdu indi,

çoxdandır isitmirəm heç kimi,

buz bağlamışam,

isinmək üçün cəhənnəmi arzulayıram.

Yeni adlar qoyuram hər şeyə

unutmuşcasına.

Axı səni unutmaq hər şeyi unutmaqdır...

hər gün bir ağacın altında oturub

gətməyimi gözləyirəm,

və sadəcə nəfəs alıram

çünki onda daha asan ötür zaman

və daha asan olur yaşamaq...

 

 

  ***

 


Səni unutsam,

dünyan dağılmaz, bilirəm,

mənim də dağılmış dünyam

qurulmaz yenidən.

Bilirəm, mən getsəm də,

ürəyinin daş hasarları üstünə qonmuş

sərçə ümidlərim

heç vaxt uçmaz isti ürəklərə.

Qorxma,

bir bəhanə uydurarıq

arxamızca sürünən kölgələrə.

Daha əvvəlki kimi deyiləm,

indi

özündən ağır yemi

aparmaq istəyən

qarışqa qədər cəsarətliyəm,

qərarlıyam...

Məsələn,

səsləsə keçmişin

mən cavab verərəm yerinə,

deyərəm ki,

"O daha mənim gələcəyimə aiddir”...

 

 

***

 


Sən barmaqlarını aparanda ovuclarının içində,

gözümdəki yaşlar da seyrəldi,

dünya iki yerə bölündü:

quşlar,

küləklər,

əllər

sənə,

yoxluqlar,

biləklər

ümidlər

mənə tərəf yönəldi...

Arzu-arzu öldürüb,

insan-insan dəfn etdim özümü.

 

Sən günahlarını aparanda baxışlarının içində

mənim də nəfəsim haçalandı:

alışım sənə,

verişim mənə tərəf yan aldı...

və sən Tanrının aparanda dünyamın içində

hər tərəf boş qaldı...
 

***
 

Kölgələrin də tanrısı olur – günəş...

zaman yoxdur ki... yoxdur... zaman donub...

maşınlar hərəkət edir dayanmadan,

şütüyür.

Buludlar boynumu döndərə biləcəyim qədər soldan

gözümün görə biləcəyi qədər uzağa gedir,

amma sən gəlmirsən...

 

Zaman yoxdur ki... zaman donub.

kəpənəklər doğulub ölür...

İnsan gözlərindəki işıqlar

öləziyib sönür...

Yanından ötənlərə

yalvaran xalanın salfetkaları satılıb bitir.

Balaca küçükdən qorxmağım

böyük qorxularımın içində əriyib itir.

sən yenə gəlmirsən...

 

Zaman yoxdur ki... zaman donub,

Tanrı dayanmadan "oğurluq edir”

kopyalayır insanları,

sevincləri,

kədərləri,

təkrar nəşr edir,

gedişləri,

yoxluqları

sənin yenə gəlməməyini...

 

 

 ***

 


Bir gün torpağın yaşıllığına qarışacaq

gözlərimi,

min il sonra tapılanda kimə aid olduğu bilinməyəcək

saçlarımı,

Yem dalınca gedən qarışqaların gəzişəcəyi

üzümü sevməyin

bəs etmir,

ruhumu sevməlisən,

bir də

qanadlarımı.

Ki o bədbəxt qadın kimi

"məncə, biz səninlə dünyanın ən xoşbəxti idik” deyə bilim...
 
 
***
 

Mən gördüm, yağış yağırdı,

yerin hamar səthində

çuxurlar yaradırdı,

deyəsən, kəpənəklər üçün

məzar qazırdı, Tanrı.

Əllərini açmışdı yer üzünə,

səpirdi insanların başı üzərindən

ovcundakı duaları,

ağlayırdı, inildəyirdi,

durun  deyə, yalvarırdı Tanrı...

Xəbər lenti