Biz imzaları yox, əsərləri dərc edirik...

2017-ci ildə Azərbaycan teatrı mütəxəssislərin gözü ilə
1964
29 Dekabr 2017, 18:20
  Bir ili də beləcə başa vururuq. 2017-ci il teatr aləmində heç də az hadisələrlə yadda qalmadı. Bu bir ildə teatr aləmində bir çox hadisələrin  premyeraların, yaradıclıq mübadilələrinin və qastrol səfərlərinin şahidinə çevrildik. Qənaətimiz budur ki, canlı sənət növü olan teatrda yaradıcılıq işləri dayanmayıb. Teatrlarımız mövsüm boyu yeni tamaşalarla seyrçilərin görüşünə gəlib…
 


 Biz də ilin son günlərində sözü teatrşünaslara verdik. Onlardan 2017-ci ildə hansı tamaşanı ilin ən yaxşı tamaşası hesab etdiklərini xəbər aldıq. Fürsətdən istifadə edib, onların hansı aktyor və aktrisanı ilin aktyoru seçdiklərini də soruşduq. Aldığımız cavablar isə müxtəlif oldu. Teatr prosesinə peşəkar müstəvidən yanaşan teatr mütəxəssislərinin fikirləri üst-üstə düşmədi. 
 
 Əməkdar incəsənət xadimi, ADMİU-nun elmi işlər üzrə prorektoru,  professor, teatrşünas Məryəm Əlizadəisə hesab edir ki, geridə qoyduğumuz ilin ən yaxşı tamaşası Elçinin "Cəhənnəm sakinləri” tamaşasıdır. Çünki əsərin özü çox aktual və güclüdür: "Əsərin hekayəsi maraqlı, oxunaqlıdır, bədii səviyyəsi yüksəkdir. Əsər səhnədə öz bədii həllini tapıb. Bundan başqa, maraqlı aktyor oyunu və peşəkar rejissor işi ilə bu tamaşanı ilin ən yaxşı tamaşası hesab edirəm. Azər Paşa Nemətovun quruluşunda hazırlanan tamaşanın səhnə tərtibatı da çox möhtəşəmdir”.
 O ki qaldı ilin ən yaxşı aktyoruna, Məryəm Əlizadə dedi ki, Xalq artisti  Nurəddin Mehdixanlı bütün illərdə oynadığı obrazları ilə tamaşaçıları özünə valeh edir. Tək bu səbəbdən deyil, 2017-ci ildə oynadığı tamaşalarından dolayı, onu ilin aktyoru elan etməkdə heç bir qüsur görmür. İlin aktrisasına gəlincə isə, teatrşünas YUĞ teatrında hazırlanan "Medeya” tamaşasındakı obrazına görə, Gülzar xanım Qurbanovanın adını çəkdi. 
 

 
 Əməkdar incəsənət xadimi, professor, teatrşünas İsrafil İsrafilov 2017-ci ilin ən uğurlu teatr hadisəsi kimi Rus Dram Teatrında Ərşad Ələkbərovun E.İoneskonun əsəri əsasında hazırladığı "Mərasim” tamaşasının adını çəkdi. Teatrşünasın fikrinə görə, Xalq artisti Fəxrəddin Manafov, Əməkdar artist Mehriban Zəki, aktyorlar Oleq Əmirbəyov, Mariya Dubovitskayanın ifasında tamaşa öz mükəmməl həllini tapıb.
 

 
 
 Əməkdar incəsənət xadimi, professor, teatrşünas Aydın Talıbzadəyə görə, ilin ən yaxşı tamaşası "Zəfər” yaradıcılıq studiyasında gənc rejissor Asiman Ağayevin Rövşən Ağayevin əsəri əsasında qurduğu "Sonluğun sonu” monotamaşasıdır. "Tamaşa ahıl bir qadının öz tənhalığının son həddində yaşantı və münasibətlər mozaikasını reflektiv (öz içinə və idrakına yönəlik) tərzdə sərgiləyir. Bu yaşantılar qadının divarlar arxasından səslərini eşitdiyi qonşularına, piano çalğısına, tavandan daman suya, keçmişinə, həsrət qaldığı övladlarına, qapı dışında gerçəkləşən olaylara və məişətinin predmetlərinə, mühitə emosional ovqat reaksiyasıdır. Qısacası, onu deyim ki, mən ilin tamaşasını məhz bu tamaşa hesab edirəm”.

 
 
 
 ADMİU-nun "Teatrşünaslıq” kafedrasının müəllimi, teatrşünas Elçin Cəfərovgeridə qoyduğumuz ildə ən maraqlı teatr hadisəsinin YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçirilən MAP Beynəlxalq İncəsənət Festivalı və bu festival çərçivəsində nümayiş olunan Gürcüstanın Kral Məhəlləsindəki Teatr adlı kollektivinin "Troya zövcələri” (əslində, qadınları olmalı idi) tamaşası olduğunu bildirdi. "Kral Məhəlləsindəki Teatr”, əsasən, müasir dramaturgiyaya meyllidir. Onların əsas prinsipi Gürcüstanda müraciət olunmamış əsərləri səhnəyə gətirməkdir. 28 yaşlı rejissor Data Tavadzenin Evripidin əsərinin motivləri əsasında quruluş verdiyi "Troya zövcələri” adlı tamaşada çağdaş dövrdə müharibədən əziyyət çəkmiş qadınların gerçək hekayələri və müsahibələri də öz əksini tapıb. Fiziki teatr üslubunda olan tamaşada hərəkət sözdən daha təsirli, daha kəskindir, söz başqa şeydən danışır, hərəkət başqa şeyi anlatmağa çalışır. Tamaşada konkret süjet xətti yoxdur, burada baş verənlər gürcü qadınlarının timsalında müharibə görmüş, müharibə acısı dadmış qadınların başına gələnlərdir, ona görə də verbatim janrında olan tamaşada Evripidin dövrü ilə çağdaş zamanımız arasında heç bir sərhəd duyulmur. 
 O ki qaldı, milli teatr sənətinin təzahürlərinə, gənc rejissor Asiman Ağayevin "Sonluğun sonu” monotamaşasını xüsusi vurğulamaq istərdim. R.Ağayevin əsəri əsasında hazırlanan tamaşada Gənc Tamaşaçılar Teatrının aktrisası Güşvər Şərifovanın ifası mənimçün çox gözlənilməz oldu.  2017-ci ildə özüm üçün kəşf etdiyim aktyor isə Elşən Əsgərov oldu.  

 
 
 AMEA Memarlıq və İncəsənət İnstitunun "Teatr, kino və televiziya” şöbəsinin elmi işçisi, teatrşünas Könül Əliyevaya görə, bu il ölkəmizdə, böyük mənada, heç bir yaddaqalan, parlaq teatr hadisəsi baş verməyib: "İllərdir ki, milli teatr prosesi staqnassiya halı yaşayır. Ən yaxşı aktyor və aktrisa da prosesdə yetişir, prosesdə görünür. Bunlar bir-biri ilə üzvi şəkildə bağlıdır, "vəhdət əl-vücud”dur. Biri yoxdursa, o birindən bəhs etmək nəlbəkidə fırtına yaratmaq cəhdi kimi mənasızdır... Ayrı-ayrı teatrlarda qurulan tamaşalar (hətta nisbətən maraqlı görünənlər də), oynanılan rollar, yazılan yazılar və s. isə proses yox, prosesin imitasiyasıdır. Təkcə teatrda deyil, bütünlükdə Azərbaycanda mədəni proses ölüvaydır. Bu cəmiyyətdə mədəniyyət çox az adamı maraqlandırır. Bu ilki teatr prosesini keçən ilkinə, keçən ilkini inişilkinə, inişilkini ta inişilkinə və s. bənzədirəm. İllah da hansısa bir hadisənin adını çəkməyimi istəyirsinizsə, Azərbaycan Teatr Xadimləri İttifaqı ilə üzbə-üz "Absurd” teatr kafesi açılıb…”

 
 
 
 Teatrşünas Nigar Pirimovaya görə isə 2017-ci ildə bir neçə yaddaqalan və maraqlı tamaşa olub: "Bu tamaşalar içərisində "Qulliver cırtdanlar ölkəsində”ni (qur. rej. Elşad Rəhimzadə) qeyd edə bilərəm. Bu, fərqli formatda hazırlanmış bir uşaq tamaşasıdır. Musiqili Teatrın hazırladığı "Molla Nəsrəddinin beş arvadı” (müəllif İbrahim Sadıqov, rejissor Əsgər Əsgərov) tamaşasının adını çəkmək istərdim. Səhnə əsərində müasir dövrlə səsləşən məsələlər zarafatyana qeyd edilib. Bu tamaşa izləyiciləri həm güldürür, həm də düşündürür. Bundan başqa, ƏSA teatrının təqdimatındakı "Adamlar və siçanlar” (qur. rej. Nihat Qulamzadə) tamaşasını xüsusi vurğulamaq istərdim. Fiziki məhdudiyyətli aktyorlarla belə maraqlı, düşündürücü tamaşa ərsəyə gətirmək heç də asan məsələ deyil.  O ki qaldı bu ilin ən yaxşı aktyoruna, "Eşq-i Nigar” (qur. rej. Ayla Həşimova) tamaşasındakı obrazına görə, bu siyahıya, ilk növbədə, Manaf Dadaşovun adını salmaq istəyirəm. Aktrisalardan isə "Yarımçıq qalmış” (qur. rej. Vaqif Əsədov) tamaşasındakı obrazına görə Günel Məmmədovanın adını çəkərdim”. 

 
 
  "Mədəniyyət” qəzetinin müxbiri Gülcahan Mirməmməd dedi ki, 2017-ci ildə bir çox tamaşaları izləyib, onların içərisində bir neçəsini uğurlu hesab edir: "Geridə qoyduğumuz ildə ən yaxşı tamaşalardan ilk olaraq Opera və Balet Teatrında A.P.Borodinin "Qıpçaq rəqsləri”ni (qur. baletmeyester Aleksandra Tixomirova) görürəm. Bu tamaşanı süjetin bitkinliyinə, klassik balet və qədim türk rəqs motivlərinin ustalıqla çatdırılmasına, dekorasiya və geyim zənginliyinə görə yüksək dəyərləndirirəm. İkinci ən bəyəndiyim tamaşa isə C.Sviftin "Qulliver cırtdanlar ölkəsində” (qur. rej. Elşad Rəhimzadə) tamaşasıdır ki, bunu da romanın ən yaxşı və gözlənilməz səhnə həllinə görə qiymətləndirirəm. Ən yaxşı aktyora gəldikdə isə  Fəxrəddin Manafovun Rus Dram Teatrında E.İoneskunun "Mərasim” (qur. rej. Ərşad Ələkbərov) tamaşasındakı Kral obrazını xüsusi qeyd etmək istəyirəm. Belə ki, çökən cəmiyyətin mütləq hakiminin obrazını və ölümqabağı yaşantılarını dolğun ştrixlərlə çatdırdığına görə aktyorun obrazını çox bəyənirəm. İkinci ən yaxşı aktyor isə "Cəhənnəm sakinləri"ndə (qur. rej. Azər Paşa Nemətov) canlandırdığı fərqli obrazına görə Nurəddin Mehdixanlını hesab edirəm. Rol aldığı 2017-də kəşf etdiyim, ya da heyran olduğum, məni təəccübləndirən aktrisa ilə rastlaşmadım deyə, ad çəkmək çətindir”.
 

 
 Söhbətləşdi: Xəyalə Rəis