Biz imzaları yox, əsərləri dərc edirik...

20 Yanvar faciəsi ədəbiyyatımızda – MÜZAKİRƏ
931
20 Yanvar 2018, 08:13

  20 Yanvar faciəsindən 28 il ötür. Xalqımızın azadlıq, müstəqillik yolu uğrunda mübarizəsi o vaxtdan bəri ədəbiyyat və incəsənət adamlarının mövzusuna çevrilib. Ancaq xalqımızın təcavüzə məruz qalmasını daha dolğun əks etdirən nəsr nümunəsinin olmadığı qeyd edilir.

 

 

 

 

 

Elə bir əsər ki, faciənin miqyasını dünya oxucularının diqqətinə yönəltsin, haqq səsimizi dünyaya yaya bilsin. Ədəbiyyat adamlarının 20 Yanvar faciəsinə mükəmməl bir əsər həsr etməmələrinin səbəb nədir?

"Müzakirə”mizdə bu suala aydınlıq gətirməyə çalışdıq.

 


 


Yazıçı Aqil Abbas:

 






- Ədəbiyyatda, jurnalistikada 20 Yanvar faciəsi daim təbliğ olunur. Amma ədəbiyyatda, xüsusən nəsrdə istənilən səviyyədə hadisələrin təfərrüatını əks etdirən mükəmməl bir əsər yazılmayıb. Düzdür, müəyyən şeirlər, poemalar yazılıb - poeziya nümunələri var. Məmməd Aslan, Məmməd Araz, Qabil, Bəxtiyar Vahabzadə bu mövzuda yazıblar. 20 Yanvar hadisələri ilə bağlı film çəkilib. Bilirsiniz ki, film daha böyük auditoriyaya ünvanlanır. Əgər bir əsəri 100 min insan oxuyarsa, bir filmə 100 milyon tamaşaçı baxa bilir. 20 Yanvarla bağlı Rafiq Səməndərin "Şəhidlər” kitabı sanballı bir əsərdir. Ancaq roman və ya povest janrında faciəni tam əks etdirən səviyyəli bir əsərlə rastlaşmamışıq. Qarabağ müharibəsi ilə bağlı isə daha çox bədii əsər yazılıb. Və yaxud əsrin əvvəllərindəki hadisələrlə bağlı romanlar qələmə alınıb. Düzdür, bu mövzuda dövlət sifarişi ilə də əsər yazmaq olar. Ancaq sifarişlə yazmaqdansa, içdən gələni yazmaq lazımdır. Nə üçün dövlət sifariş verməlidir? Sadəcə, dövlət ən yaxşı roman mövzusunda müsabiqə edə bilər. Onda da bəlkə 100 mənasız roman yazacaqlar. Bu cür mövzular insanın içindən gəlməli, onun vətəndaşlıq mövqeyindən süzülməlidir. Dövlət bu istiqamətdə öz təbliğatını aparıb və aparır. Eyni zamanda, dünya ölkələrində bu faciə ilə bağlı tədbirlər keçirilir. Bu faciə ilə bağlı yazmaq yazıçıların işidir”.


Ədəbi tənqidçi Vaqif Yusifli:

 


 


- 20 Yanvar hadisələri başlayandan bəri indiyə qədər poeziyada, publisistikada, nəsrdə bu mövzu işlənməkdədir. Bununla bağlı şikayətlənməyə dəyməz. 90-cı ilin əvvəllərində Qabilin "Mərsiyə” şeiri dillər əzbəri idi. Məmməd Aslanın "Ağla qərənfil, ağla»”şeiri hamı tərəfindən oxunurdu. Mirvarid Dilbazi, Ələkbər Salahzadə, Nüsrət Kəsəmənli və başqa şairlərin yaradıcılığında 20 Yanvar faciəsi ilə bağlı mövzu işlənməkdə idi. Zəlimxan Yaqubun bu mövzuda şeirlərini unutmaq olmaz. Yəni yara hələ təzə idi və Azərbaycan şairləri və yazıçıları daha çox 20 Yanvarın müsibətinin xalqımıza, mənəviyyatımıza, tariximizə gətirdiyi bəlalardan yazırdılar. Yadımdadır ki, Əzizə Cəfərzadə 20 Yanvar şəhidlərinin məzarı üstündə bayatılar deyirdi. Təbii ki, şəhidlik Azərbaycan ədəbiyyatında ilk mövzu deyil. Füzulinin "Hədiqətüs-sühəda” adlı əsəri dünya ədəbiyyatı üçün də şəhidlik mövzusunda yazılan ən yaxşı əsərlərdən biridir. 20 Yanvar faciəsinin ən klassik nümunəsini Xalq şairi Bəxtiyar Vahabzadə yazdı. Şairin "Şənbə gecəsinə gedən yol»” publisistik əsərində 20 Yanvar faciəsinin yaranmasının səbəbləri, mahiyyəti əks olundu. Şairin "Şəhidlər” poemasının alternativi yoxdur. Hələ bu mövzuda elə bir sanballı əsər meydana çıxmayıb ki, bu poemadakı fikirləri həm xalqın faciəsi, həm də qəhrəmanlıq tarixi kimi əks etdirsin. Füzuli də "Həqiqətüs-sühəda” əsərində "Ya şəhid olmaq gərək, ya qəhrəman olmaq gərək” deyir. Əgər şəhidlik adı psixoloji mənada başa düşülərsə, təbii ki, bu, əsas ola bilməz. Çünki igidlər qəhrəmanlığa gedər. 20 Yanvarda da xalq rus ordusunun törətdiyi vəhşilikləri heç cür unuda bilməzdi. Bu mənada Azərbaycan poeziyasında da həmin mövzu layiqli yerini tapdı. Həmçinin faciə poeziyada daha çox əks olundu. Elə bir şairimiz yoxdur ki, 20 Yanvar hadisəsinə aid şeir yazmasın. Təbii ki, yazılan bu şeirlərin, poemaların çoxu bədii nöqteyi-nəzərdən qaneedici deyil. Sadəcə, təsir məqamları var. Ancaq elə şeirlər var ki, onlar həmişə yaşayacaq. Azərbaycan nasirləri isə demək olar ki, 20 Yanvar hadisələrini hələ layiqincə əks etdirməyiblər. Ortada Sabir Əhmədlinin "20 Yanvar” hekayələri, Arif Abdullazadənin "Qanlı yaddaş” romanı, İsi Məlikzadənin povesti var. Amma faciə poeziyada olduğu kimi nəsrdə dolğun əks olunmayıb. Publisistikada isə 20 Yanvar şəhidlərinin hər biri və yaxud bir rayonun, bir kəndin şəhidləri haqqında çoxlu yazılar var. Rafiq Səməndərin, Hidayətin və başqa publisistlərin əsərləri çap olunub. Təəssüf ki, son illərdə bu mövzu sanki unudulmaqdadır. Arzu edirəm ki, xalqımızın tarixində həmişəlik qalacaq, şəhidliyi qəhrəmanlığa çevirən, xalqın özünü dərk etməsinə səbəb olan belə bir mövzunu daim işıqlandıracaq əsərlər yazılsın.


Şair, publisist Vasif Süleyman:

 

 


 


- 20 Yanvar bir millətin milli-azadlıq mübarizəsinin ən şanlı səhifələrindən biridir. 20 Yanvar hadisələri şair və yazıçılarımızın əsərlərində bir çox hallarda əks olunub. Amma ümumilikdə nə ədəbiyyatda, nə tarixin yaddaşında bu hadisə lazımınca əks olunmayıb. 20 Yanvar deyəndə, ilk yada düşən Rafiq Səməndərin "Şəhidlər” kitabı olur. Sonralar Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Mirvarid Dilbazi, Xəlil Rza, Məmməd Aslan, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Musa Ələkbərli və digərləri 20 Yanvar hadisəsinə onlarla şeir həsr ediblər. Hadisələr zamanı Fəqanə Ənvərqızı adlı bir şagirdin yazdığı şeir daha çox yadımda qalıb:

 


Qan rəngində çiçəksən,

Qərənfil!

Allah səni yaradıb,

Ona görə qəşəngsən,

Qərənfil!

 


Hansı prizmadan yanaşmağından asılı olmayaraq, düşünürəm ki, 20 Yanvarla bağlı fundamental bir əsər ortaya qoyulmalıdır.

Bəzən 20 Yanvara "QARA YANVAR” deyirlər. Amma bu qara bədlik, bədbinlik nişanəsi deyil ki. Qara dünyanı yaradan rənglərdən biridir. Qara qorxunc, dəhşətli, vahiməli, zəhmli, olduqca qorxulu, çox dəhşətli epitet funksiyası daşımaqla bərabər, "cəsarət və güclülük” mənasını da daşıyır.

Bu baxımdan, "QARA YANVAR” deməkdən çəkinmək yox, qürur duymaq lazımdır - yəni qəhrəmanlıq tarixinin şərəfli bir səhifəsi kimi. Bu baxımdan, şair Elbarizin 20 Yanvar haqqında yazdığı şeiri bunun ən yaxşı nümunələrindən hesab edirəm:

 


Siz ona baxmayan qara gün kimi,

Elin haqq səsidir, 20 Yanvar.

Bütün zalımlara, qaniçənlərə,

Nifrət hədəsidir, 20 Yanvar.

Nə vaxtdan buxovda donan millətin,

"Azadlıq” - hayqırıb, yanan millətin.

Bu atam millətin, anam millətin,

Savaş həvəsidir, 20 Yanvar.

Namərd yarasıdır, dev günahıdır,

Çox da ki, millətin dərdi, ahıdır.

Bu gün hamımızın səcdəgahıdır,

Şöhrət zirvəsidir, 20 Yanvar.

 

"Azərbaycan ədəbiyyatında kifayət qədər əks olunub”

 


Şair Musa Urud:

 

 


- 20 Yanvar faciəsi Azərbaycan ədəbiyyatında kifayət qədər əks olunub. Belə ki, artıq şair və yazıçılarımız, jurnalistlər, ziyalılar fəal vətəndaş mövqeyi tutaraq, faciə ilə bağlı öz fikirlərini ortaya qoyublar. Məmməd Aslan, Qabil, Bəxtiyar Vahabzadə, Məmməd Arazın 20 Yanvarla bağlı şeirləri mətbuata çıxdı. Mən özüm də 20 Yanvar şəhidlərinə şeir həsr etmişəm və çap olunub. Bundan əlavə, hadisələrlə bağlı tamaşalar səhnələşdirilib, bədii-publisistik əsərlər yazılıb. 20 Yanvar faciəsinin öyrənilməsində, xatırlanmasında istər təhsil ocaqlarının, istərsə mətbuatın, istərsə də ədəbiyyat adamlarının mövqeyi məni qane edir.

 

Ədəbiyyatşünas Rüstəm Kamal:


 


– Nə bir ədəbiyyatçı, nə bir oxucu, nə də bir vətəndaş kimi 20 Yanvar faciəsinin Azərbaycan ədəbiyyatında əksi məni qane edir. Biz bu gün uşaqlarımıza o hadisələri canlandıra, o qəhrəmanları təqdim edə, şəhidlərimizin obrazlarını göstərə biləcək mətnlərə həsrətik. Yalnız göz yaşları və romantika, pafos, çağırışlar, emosiyalar əksini tapır. Xüsusən poeziyada psevdoemosionallıq baş alıb gedir. Nəsirdə isə ümumiyyətlə, 20 Yanvar hadisələrinin təsvirindən danışmaq olmaz. Düzü, bilmirəm, 20 Yanvarla bağlı hansı bədii əsər, hekayə, povest, romanın adını çəkmək olar ki, oxucu bu millətin üzləşdiyi fəlakətin miqyasını anlaya, o milli faciənin bədii ifadəsini görə bilsin. Təəssüf ki, belə bir mətn mənim əlimə keçməyib. Hər halda, belə bir əsər olsaydı, yəqin ki, sorağı yayılardı. Bəxtiyar Vahabzadənin "Şəhidlər” poemasından başqa orta məktəb müəllimləri 20 Yanvarla bağlı əlavə materiallardan istifadə etməyə demək olar normal mətnlər tapmırlar. Görünür, bizim faciəmizdən xüsusən nəsrdə ifadə etmək təcrübəmiz yoxdur. Biz şəxsi acılarımızı bayatıda, oxşamada, ağıda deyə bilirik, amma hələ epik janrda söyləməyə gücümüz çatmır. Baxmayaraq ki, bu xalq zaman-zaman, tarix boyunca müharibələr içində olub, qan-qadalar görüb, torpaqları gedib, şəhidlər verib, işğal olunub, amma bizdə bu faciəni yazmaq ənənəsi yoxdur. Ancaq bu faciəni yazmaq lazımdır. Görünür, hələ bizdə şəhidlik kultu əsas kulta çevrilə bilməyib. Məsələn, Kərbəla şəhidləri bizim ədəbiyyatımızda özünə o qədər kök salıb ki, Füzulidən üzü bəri vətən şəhidləri o mükəmməl obrazların kölgəsində qalır. Bu baxımdan, bizim hələ şəhidlik kultunu qabarda biləcək səviyyədə nə mərsiyələrimiz, nə də romanlarımız var. Bu sahədə böyük bir boşluq mövcuddur. İnanıram ki, bizim müharibə travmalarımız mükəmməl bir ədəbi təcrübəyə çevriləcək. Buna həm Azərbaycan ədəbiyyatının, həm oxucusunun, həm də tariximizin ehtiyacı və tələbatı var. Ola bilsin ki, xalq tarixin bir çox konkret faktlarını və hadisələrini unutsun, ancaq həmin hadisələr, qəhrəmanlar, şəhidlər bədii mətndə əksini taparsa, millət öz tarixini o əsərlər əsasında bərpa edə bilər. Ona görə də, 20 Yanvar faciələrinin ədəbiyyatda əks olunmasına ehtiyac var.

 

Təranə Məhərrəmova