Biz imzaları yox, əsərləri dərc edirik...

145 yaşlı “qoca”, ad günün mübarək!
1295
12 Mart 2018, 16:55
 Bu gün Beynəlxalq Qadınlar Günüdür. Kişiləri deyə bilmərəm amma, qadınlar bu günü böyük sevinclə qarşılayır,  xüsusi olaraq qeyd edirlər. Qadının bayramı olmur deyirlər. Onlara  hər gün bayram kimidir. Kimi olmasa da əvəzləyicisidir. Yazıma niyə belə başladığımı bilmirəm, bəlkə özüm də qadın olduğum üçün bunu xüsusi vurğulamaq istəyimdən irəli gəldi. Amma sizə Azərbaycan teatrından bəhs etmək istəyirəm. Axı 2 gün sonra Azərbaycan teatrı 145 yaşını qeyd edəcək. Yəni yazacağım mövzu qadınların teatra təsirindən tamamilə uzaqdır.  Sadəcə 145  ildir qarda, boranda, çovğunda yol gələn yaşlı, bəlkə də yorğun teatrımızdan danışmaq istəyirəm.
 
 
 Üç əsrin şahidi olan teatrımız bu illər ərzində nələr görmədi, hansı sınaqlardan keçmədi, nələrdən bir üzü ağ, bir üzü qara çıxmadı? Tarixin ən çətin dövrlərində, xalqımızın başına gətirilən müsibətlərdə belə mədəniyyət beşiyi olan bu ocağımız sönmədi, yıxılmadı, budaqları qırıldı, qanadları əyildi, amma süqut etmədi, ayaqda durmağı bacardı. Bu gün isə 145 yaşlı qoca teatrımız beynəlxalq arenalarda az-çox tanınır. Qatıldığımız festivallardan, müsabiqələrdən əli dolu qayıda biliriksə, nə xoş bizə...
 "Qoca” teatrın tarixindən, əzəmətindən, bir ocaq, məbəd funksiyası daşımasından danışmaq istəmirəm. Əgər siz bu yazını oxuyursunuzsa, demək ki, teatrşünas Aydın Talıbzadənin təbirincə desək, teatrın nəmənə olduğunu artıq bilirsiniz. Əgər bilmirsinizsə, gəlin sizə qısa bir arayış verim: Azərbaycan peşəkar teatrı zəngin inkişaf yolu keçib. Milli xalq oyunları, meydan tamaşalarından başlanan sənəti XIX əsrin sonunda böyük maarifpərvər ziyalılar teatr ənənəsinə çevirərək Azərbaycan professional teatr tarixini yaradıb. XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə olub. Belə ki, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyulub. Bu şərəfli işdə H.Zərdabi və N.Vəzirov mühüm rol oynayıblar. Müəllimlərimin dediyi, kitabların yazdığı kimi, Azərbaycan teatrının yaranma tarixi 1873-cü ildən hesablansa da, ondan əvvəlki illərdə də Azərbaycanda tamaşalar göstərilib. Bu həm xalq meydan və kukla tamaşaları ("Maral oyunu", "Kilimarası"), bayram tamaşaları ("Kos-Kosa"), dini səciyyəli tamaşalar ("Şəbih") və s. olub, həm də dünyəvi, avropatipli tamaşalar. 
 

 
 Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı Şarden, Çuxursəd bəylərbəyisinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən burada ona üç hissəli bir tamaşa göstərmişdilər. Bu tamaşa Şardenə o qədər xoş təsir bağışlamışdı ki, onu "Şərqin operası" adlandırmışdı. 
 Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat H.Z.Tağıyevin böyük xidməti olub. O, 1883-cü ildə Bakı şəhərində ilk teatr binasını inşa etdirib. Azərbaycan səhnəsi Cahangir bəy Zeynalov, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Mustafa Mərdanov, Mərziyə xanım Davudova və başqa onlarla fədakar teatr xadiminin sayəsində təşəkkül tapıb. Səhnəmizi Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi klassiklərin əsərləri bəzəyib. 
 Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər daxil edildi. Cümhuriyyət hökumətinin bu sahədə məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili oldu. Bunu elə belə qeyd etmədim. Nə xoş bizə ki, bu il Azərbaycan Cümhuriyyətinin yaranmasının da 100 illiyini qeyd edirik. Bu, Azərbaycan professional teatrının dövlət teatrı statusu alması demək idi. Bu teatrın pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N.Nərimanovun "Nadir şah" faciəsinin tamaşası ilə açılmışdı. Sovet hakimiyyəti illərində Azərbaycanda teatr sənəti daha da inkişaf etdi. Sovet ideologiyasını və rejimini tərənnüm edən əsərlərlə yanaşı, xalqın həyatı, güzəranı, tarixi keçmişi ilə bağlı əsərlər də repertuarlarda geniş yer aldı. 
 

 
 Hər il martın 10-u (köhnə stillə 22-si) Azərbaycan milli teatrının əsası qoyulan gün dövlət səviyyəsində Milli Teatr Günü kimi qeyd edilir. Təntənə ilə keçirilən bu gün həm də teatrlarımızın keçdiyi yola nəzər salır, onun inkişafından, perspektivlərindən danışırıq. 
 Bəzən teatra olan münasibət məni özümdən soyudur, üşüdür. Tamaşa salonlarımızı boş gördüyüm zamanlar içimdən bir ağrı, yanğı keçir. Teatr hər bir xalqın mənəviyyatının özəyini təşkil edən amillərdən biri, hətta mən deyərdim ki, elə birincisidir. Teatrı olan xalq mütərəqqi ideyaları ortalığa qoymaq imkanı qazanır. Bunu bacaran xalq isə öz mənəvi inkişafını təmin etməyə qadir olur. Biz bunu bacarırıq. Amma unutmayaq ki, teatra sevgi lazımdır. Bu gün 145 yaşlı teatrımızı biz tamaşaçılar ayaqda tutmalıyıq.
 

 
 Çünki teatr tamaşaçı üçündür, tamaşaçısız teatr olmur. Sözüm sizədir, əziz valideynlər: sabaha işıqlı, istedadlı və yüksək təfəkkürlü uşaqlar yetişdirmək istəyirsinizsə, yolunuzu məhz teatrlardan salın. Övladlarınızı maariflənməyə, kamilləşdirməyə aparan yol o qədər də çətin deyil. 145 yaşlı "qoca”nın, 3 əsr görən teatrın sizə, sizin isə ona ehtiyacınız var. Bir-birinizə bərk-bərk sarılın, qucaqlaşın, teatrlarımıza diqqəti, qayğını, nəvazişi əksik etməyin. Axı bizim bir birimizdən başqa kimimiz var. 
 Əziz teatrım 145 yaşın mübarək!
 Xəyalə Rəis