Biz imzaları yox, əsərləri dərc edirik...

100 dahi rejissor silsiləsindən: Peter Ştayn – Nigar Pirimova yazır
535
23 Aprel 2018, 09:01
 Artkaspi.az teatrşünas Nigar Pirimovanın "100 dahi rejissor silsiləsindən” növbəti rejissor Peter Ştaynin sənət dünyası haqqında yazısını təqdim edir. 
 
 
 
 "Peter Ştayn (1937) – Alman teatr rejissorudur. Tamaşaları: "Məkr və məhəbbət” (1967), "Ana” (1970), "Nikbin faciə” (1972), "Kəndlilər” (1975), "Oresteya” (1979), "Üç bacı” (1985), "Faust” (2000) və b.
 Peter Ştayn 1937-ci ildə Berlində anadan olub. Uşaq ikən sinif yoldaşları, daha sonralar universitet dostları ona nədənsə adını ruslar kimi Petya deyə çağırıblar. "Almaniyada faşizmi uşaq vaxtımda yaşamışam. Onun yenidən başlaması həyəcan yaradır-deyə rejissor qeyd edir. Lakin mənim xoşbəxt gəncliyim, valideynlərimin möhtəşəm evi olub. Anam gənc yaşlarında heykəltəraş, atam isə mühəndis idi. O, Rusiyanın fanatı idi, Kamedə yük maşını istehsalı üçün iş də yaratmışdı”.
 Peter Ştayn Alman universitetində təsviri sənət və filologiyanı öyrənir. O, sistemli teatr təhsili almayıb. Rejissor kimi ilk debütü Ştayn 1966-cı ildə Münhendə E.Bondun "Xilasetmə” pyesinə verdiyi quruluş ilə edib. 
 
 

 Növbəti iki ildə Bremendə işləyən rejissor 1967-ci ilin oktyabrında Bremen Dramatik Teatrında Şillerin "Məkr və məhəbbət”, ardınca Hötenin "Tarkvato Tasso” əsərlərini tamaşaya qoyur. "Tarkvato Tasso”  tamaşasının premyerasından sonra Ştaynla Bremen teatrının rəhbəri arasında kəskin konflikt baş verir və aktyor truppası ilə teatrdan gedir.
 1970-ci ildə Qərbi Berlin Bələdiyyəsindən iyirmi il işləyəcəyi Şaubyun teatrına rəhbərlik etmək üçün dəvət alır. Alman Boto Ştraus, fransız Koltesin əsərləri Ştayn repertuarında əsas yeri tuturdu. Lakin rejissorun yaradıcılığının əsasını klassika təşkil edirdi. Onun fikrincə, "Avropa teatrı üç əsas hissədən ibarətdir: antik teatr, Şekspir və Çexov”.
 1979-cu ildə Ştayn teatr əfsanəsinə çevrilən Esxilin "Oresteya” faciəsinin tamaşasını hazırlayır. Seyrçiləri Klitemnestrın  ölüm səhnəsi məxsusi təsirləndirmişdi. Əməliyyatxananı xatırladan stolda uzanmış Klitemnestr, ətrafında isə içinə qan damcılayan hansısa şlanqlar qoyulmuşdu və buradaca qədim mətn səslənirdi. 
 Rejissor təkcə dramatik deyil, həmçinin, opera tamaşalarına da uğurlu səhnə həlli verir. 1980-ci illərin əvvəllərində Peter Ştayn Bayreytdə (Almaniya) Vaqnerin "Nibelunqların üzüyü” əsərinin XX əsrdə ən yaxşı tamaşasını hazırlayır. Sonralar o, Uels opera teatrında rejissor kimi fəaliyyət göstərir. 
 
 

 Rus dramaturgiyasına Peter xüsusi maraq göstərirdi. Onun Çexov və Qorki əsəsrləri əsasında hazırladığı tamaşalarda K.S.Stanislavski və Moskva Bədaye Teatrının (MXT) ənənələlərinin dərindən mənimsənildiyi hiss olunurdu. 
 1985-ci ildə Ştayn özünün ən yaxşı tamaşalarından olan "Üç bacı”nı səhnəyə qoyur. "Çexov haqqında düşünclər yalnışdır-deyə o qeyd edirdi. Əgər Çexov yaxşı dramatizə edilsə, o zaman hər kəs onun qəhrəmanlarının əhatəsində olmaq istəyəcək. Onlar keçmişin toz basmış obrazları deyil, bu qəhrəmanlar həyat gücü ilə o qədər doludurlar ki, onlarla danışmaq və yaşamaq istəyirsən! Çexovu yaxşı tamaşaya qoymaq üçün, səhnədə məhz bu cür effekt yaratmaq lazımdır”.
 1986-ci ildən başlayaraq Peter Ştayn xaricdə – İtaliyada, İngiltərədə, Rusiyada çox və səmərəli şəkildə işləyir. 1989-cu Ştayn SSRİ Teatr Xadimləri İttifaqının dəvəti ilə Rusiyaya gəlir. AFR teatr festivalı çərçivəsində "Üç bacı” tamaşasını göstərmək qərara alınır. "İlk dəqiqələrdə artistlərin ifadə etdikləri alman sözlərini eşidirdim – deyə TXİ-nin sədri Kirill Lavrov hisslərini bölüşürdü. Lakin tezliklə tamaşanın atmosferi dəyişdi və sanki səhnədə rus dilində danışırmışlar kimi hiss olunurdu. Mən unutdum ki, səhnədə oynayan alman aktyorlarıdır. Onlar həqiqətən rus idilər – ruslar kimi hiss edirdilər”. Böyük uğur idi. Prazorov bacılarını oyanyan aktrisaların gözlərində yaş vardı. Hətta Ştayn nə qədər çalışsa da, öz emosiyalarını gizlədə bilmədi: "Stanislavski tərəfindən səhnəyə qoyulmuş Çexovu hazırlamaq üçün bura gəldiyimə görə böyük qürur hissi duyuram”. 1991-ci ildə Ştayn Moskvada "Albalı bağı”nı səhnəyə qoyur. Məşqlərə başlayarkən o, "Albalı bağı” nə deməkdir? Sualını verir və özü də cavablayır: "Bu o deməkdir ki, hekayədə bir insanın, yaxud insan qrupunun tarixi deyil, təbiətin bir hissəsi-insanın əlləri ilə "qidalanan” bağdan söhbət gedir. Çexov üçün əsas-insan və təbiət, insan və kosmosdur. Və bu həm ona, həm də mənə görə insanları bir-birinə bağlayan hisslərdən daha vacibdir”. 
 
 

 1990-cı illərdə Peter Ştayn adı alman teatrı ilə nadir hallarda bağlı olurdu. Ştayn Almaniya ilə soyuq vidalaşır, çox nadir hallarda ora gedirdi. O da ancaq pul taparsa tamaşa hazırlamağa (misal üçün "Faust”). 
 Esxilin "Oresteya”sını hazırlamaq üçün Ştayn Rusiyaya gəlir. O, 1993-cü ildə Moskvaya gələndə paytaxtda faciəvi hadisələr baş verirdi. Teatr Xadimləri İttifaqının nümayəndələri onu şəhərdə baş verən çətin vəziyyətlə dərhal məlumatlandırırlar. Lakin ustadın buna reaksiyası birmənalı olur: o işə başlayır. Növbəti gün səhər təxminən on radələrində fövqəladə vəziyyətin şərtlərinə əsasən Ştayn "Oresteya”nın ilk məşqini Rusiya ordusunun teatrında edir. 
 Əvvəllər də Ştayn Moskvaya Çexovun əsərlərini səhnəyə qoymağa gəlmişdi. "Lakin faciəni mən başqa cür görürəm-rejissor vurğulayırdı-baxmayaraq ki, mənim ümumiyyətlə bədii üslubum yoxdur. Yalnız iş üslubum var. Hər halda "Oresteya”da "Albalı bağı”nda gördüyünüz təbii səhnələr olmayacaq. Ancaq həqiqi qan səhnədə olacaq. Xosbəxtlikdən teatrda onu əldə etməyin yolu çətin deyil”. Tamaşada Rusiyanın məşhur aktyorları Y.Vasilyeva, T.Doqileva, Y.Mayorova, İ.Kostolevski, Y.Mironov çıxış edirdilər. 
 Peter Ştayn bütün dünyada alman teatr rejissoru kimi məşhurdur. Onu Stanislavskinin, Brukun, Strellerin böyük davamçısı adlandırırlar. Peter Ştayn teatrda ənənəvi istiqamətlərə əsaslanır. "Mən özümü heç bir çəkildə müəllifin yazdığına hansısa dəyişiklik, yaxud əlavə etməyi haqlı saymıram. Ona görə də Nina məndə narkoman olmayacaq, Arkadi isə səhnədə Triqorini zorlamayacaq. Baxmayaraq ki, Çexovun müasir interpretasiyasında prinsipcə mümkün olan şeylərdir. Mən çalışıram yalnız Çexovun öz yazdığını təqdim edəm və onun təkcə mətninə deyil, eləcə də bütün remarkalarına həssas yanaşım”. 
 10 okytabr 1998-ci ildə Moskvada Ştaynın növbəti premyerası baş tutdu: bu baş rolu Y.Mironovun canlandırdığı "Hamlet” idi. Gənc artist böyük uğur qazandı. Tənqidçilər yazırdılar: "Əgər kimsə şübhə edirdi ki, Yevgeni Mironov öz yaşıdları arasında maraqsız rus aktyorudur, indi bunun yalnış olduğuna tamailə əmin ola bilərlər”. 
 2000-ci ildə Peter Ştayn Qannover səhnəsində dünya teatr tarixinin ən davamlı əsəri "Faust”u stamaşaya qoydu. Almaniya mədəniyyətinin bu fövqəladə hadisəsi "Ekspo-2000” ümumdünya sərgi proqramına daxil edildi. Ştayn seyrçilərə Hötenin fəlsəfi faciəsini ixtisarsız təqdim etdi. "Faust” tamaşası 21 saat davam elədi! Ştaynın quruluşu möhtəşəm idi. Bu, hər sözdə ifadə olunan mətnin dəqiq və toxunulmazlığında özünü büruzə verirdi. 
 Teatra və işinə bu cür ciddi yanaşdığına görə Peter Ştayn çox az istirahət edir. Boş vaxtlarında o, kənd təsərrüfatı işləri ilə məşğul olur, zeytun yağı hazırlayır. "Taleyimdən şikayətlənmək mənə günah olar – deyə rejissor qeyd edir. Belə də ki, mənə elə gəlir şəxsi varlığından razi olmaq mümkün deyil. Yaradıcı insan üçün özündənrazılıq, sükunət ölümə bərabərdir”.