Biz imzaları yox, əsərləri dərc edirik...

100 dahi rejissor silsiləsindən: Jan Vilar – Nigar Pirimova yazır
657
13 Aprel 2018, 13:43
  Artkaspi.az teatrşünas Nigar Pirimovanın "100 dahi rejissor silsiləsindən: "Jan Vilar" adlı yazısını təqdim edir:
 
 Jan Vilar

  (1912-1971)
 
  Fransız rejissoru və aktyoru, Avinyonda keçirilən teatr festivalının yaradıcısı və rəhbəri. Tamaşaları: "Məbəddə qətl” (1945), "Sid” (1951), "Hamburq şəhzadəsi Fridrix” (1951), "Lorenzaçço”(1952), "Don Juan” (1953), "Mariya Tüdor” (1955) və s. 
 
 
 

  Jan Lui Vilar 1912-ci il 25 mart tarixində Set şəhərində kiçik tacir ailəsində anadan olmuşdur. Valideynləri onun skripkaçı olmasını istəyirdilər. Jan kollecdə oxumaqla yanaşı, musiqi məktəbinə də gedirdi. Artıq on iki yaşında o, kiçik caz-orkestrin tərkibində skripka ilə debütünü edir. Rejissor öz kitabında yazırdı: "Mənim gəncliyim olmayıb” və yenə əlavə edirdi: "Gənclik tərk edilmiş şəhər kimi kədərlidir”. 
  1932-ci ildə Vilar Parisə gəlir, Sarbonna Universitetinin filologiya fakültəsinə daxil olur və eyni zamanda Sent-Barb kollecində tərbiyəçi işləyir. Bir dəfə tanışı onu Şarl Düllenin Atelye Teatrında quruluş verdiyi Şekspirin "III Riçard” tamaşasının məşqinə dəvət edir. Vilar elə buradaca teatrın nəzdindəki məktəbə yazılır və artıq üç aydan sonra kiçik rolda ilk debütün edir. 
  1937-ci ildə hərbi xidmət aktyorun arzusunu yarımçıq qoyur. Yalnız 1940-cı ildə sevimli işinə geri qayıdan Vilar səyyar truppa direktoru Andre Kalve ilə tanış olur və onun truppası ilə birlikdə az qala Fransanın bütün kəndlərində qastrol səfərinə çıxır. Bioqraf Kartin Valon yazır: "Bu təcrübə, şübhəsiz ki, Jan Viların formalaşmasında həlledici rol oynadı. Ona hər axşam improvizə etmək və yeni vəziyyətə uyğun səhnə mizanları yaratmaq lazım gəlirdi. Ən başlıcası isə, ictimaiyyətlə təmasda olmaq idi”. 
  1942-ci ildə Jan Vilar Andre Şlegel ilə ailə həyatı qurur. Onların Dominik adlı qızı (1943), Stefan (1944) və Kristof (1947) adlı oğlanları dünyaya gəlir. 
  J.Vilar böyük şöhrəti 1945-ci ildə Veye Kolumbede "Məbəddə qətl” tamaşasından sonra qazanır. Bu işinə görə o, tənqidçilərin nüfuzlu teatr mükafatına layiq görülür. Həmin vaxt Vilar gələcəkdə daima onunla Milli Xalq Teatrında birgə əməkdaşlıq edəcək rəssam Leon Gişia ilə tanış olur. 
  1947-ci ilin sentyabrından etibarən Vilar qədim Provans Avinyon şəhərində növbəti ildən Avinyon Teatr festivalı adı ilə məşhur olacaq "Dram sənəti həftəsi” təşkil edir. Rejissor Şekspir, Kornel, Molyer və Klodel kimi məşhurların əsərləri ilə yanaşı, nadir göstərilən əsərlərdən olan Büxnerin "Dantonun ölümü” və Kleystin "Hamburq şahzadəsi Fridrix” kimi pyeslərini repertuara daxil edir. 
  Papa sarayında göstərilən qeyri-adi oyun şərtləri qarşıya yeni tapşırıqlar qoyurdu. "Biz təkcə zaldakı teatr arxitekturasını dəyişməli deyil, həmçinin səhnəni də dəyişməli olduq” - deyə Vilar yazır. –İtalyanlardan gələn səhnə qutusu həmişə qapalı olduğundan, biz də səhnəni məcburən buna uyğunlaşdırmalı olurduq. Avinyonda yeni səhnə yaratmaq lazım idi”. 
  Və Vilar onu yaratdı. Bu, seyrçi amfiteatrı qarşısında olan böyük meydança idi. Həmin böyük meydançada heç bir dekor yox idi və bütün diqqət aktyorlara yönəlmişdi. 
1951-ci ildə Vilar Avinyonda Jerar Filipin baş rol aldığı Kornelin "Sid” və Kleystin "Hamburq şahzadəsi Fridrix” əsərlərini tamaşaya qoyur. 
  Rodriqo rolu Jerara çətinliklə başa gəlir. Nəhayət Vilar deyir: "Məncə biz "Sid”i çox ciddi qəbul edirik. Bu ki, trogikomediya, "espanyolada”dır. Çalış yüngül oyna, flamenqo rəqqası addımları ilə hərəkət et”. Jerar Rodriqonun əhvalını dərhal tapır - onu qaynayan gəncliyi, öz iradəsizliyinin mürəkkəb şüuru, istehza ilə yüngül bir şəkildə qarışaraq canlandırır.
  Vilar premyeraya gələ bilməyən "Sid”in rəssamı Leon Gişiaya yazmışdı: "Qoca, özünü sadəcə asa bilərsən. Biz elə bir qələbə qazandıq ki.., sən isə bunu izləməkdən məhrum oldun. Jerar heyrətamiz oynadı... O elə bir Rodriqo yaratdı ki, məni titrətmə tutmuşdu. O özünü əsl insan kimi göstərdi, sənin, mənim olmaq istədiyimiz insan kimi”...
  Lui-Araqon "Sid” tamaşasını həyatı boyu gördüyü ən möhtəşəm tamaşa adlandırmışdı. Avinyondakı "Dram sənəti həftəsi”nin uğuru o həddə çatmışdı ki, Vilara Parisdə, Şayo Sarayının qarşısındakı 2300 nəfərlik seyçi salonu olan teatra rəhbərlik etmək təklif olundu. 
  1951-ci ildə Jan üç illik müqavilə ilə teatra rəhbər təyin edildi. Onun truppasına dərhal Jerar Filip, Mariya Kazares, Daniel Soraio, Kristian Minatsoli və debütantlar Janna Moro və Filipp Nuare daxil olundu. Ona təqdim edilmiş teatrı Vilar Milli Xalq Teatrı adlandırdı.
  Jan Vilar "Abstrakt avanqard”a qarşı çıxış edirdi; o qərara aldı ki, "Stanislavskinin müdrik və əsas formuluna görə hər kəs üçün əlçatan olacaq teatr uğrunda mübarizə aparmaq lazımdır”. Şayo Sarayı Vilar olan müddətdə minlərlə şeyrçi toplamışdı. Hətta illər keçsə belə, hər kəs Viların hazırladığı tamaşalardan danışırdı. Teatrın aktyorları, bir qayda olaraq, hər həftə keçirilən xalq bayramlarında, şənbə günləri fransız xalqının istirahət saatlarında açıq havada qurulan konsertlərdə çıxışlar edirdilər. Teatr tez-tez yerli və xarici qastrol səfərlərinə gedirdi. Truppa Fransanın şəhərlərinə, Elzasa, Lüksemburqa, Belçikaya, Almaniyaya qastrol səfərlərinə gedir və minlərlə seyrçi qarşısında şəhər meydanlarında, yaxud da sirk arenalarında tamaşalar oynayırdı. Jan Vilar haqqında ən qeyri-adi etirafı 1997-ci ildə Milli Xalq Teatrının demək olar bütün tamaşalarına musiqi bəstələmiş bəstəkar Moris Jarr etmişdir. M.Jarr Jan Vilarla işlədiyi həmin on iki ilə geri qayıda bilmək üçün, hətta, kinofilmlərə yazdığı musiqilərə görə qazandığı üç "Oskar” mükafatından belə imtina etməyə razı idi. 
 
 
 
  Vilar 1960-61-ci mövsümdə Sofoklun "Antiqona”, Brextin "Artur Uinin karyerası”, O’Keysinin "Mənim üçün qırmızı qızılgüllər” və Kalderonun "Salameys-bələdiyyə başçısı kimi” əsərlərini, bir neçə ay sonra isə Aristotelin "Dünya”sını səhnələşdirir.Fransız tənqidçisi J.Saltan "Artur Uinin karyerası” tamaşasının final səhnəsi haqqında bunları demişdi: "Tamaşanın son dəqiqələri əzabvericidir. Səhnə yarı zülmət içindədir, səssiz aktyorlar yerlərində qalıblar, birdən qəfil səhnə gur işığa qərq olur. Jan Vilar özünün Artur Ui maskasını çıxarır – Hitler kimi seyrçi salonuna yaxınlaşır və qeyri-insani impulslarla Brextin mətnindəki son sözləri deyir: "Sizlər, baxmağı yox, görməyi öyrənin. Söhbət etməyi yox, nifrəti öyrənin”. 1963-cü ildə Jan Vilar teatrla müqavilənin müddətin uzatmır. On iki il müddətində Viların rəhbərlik etdiyi Milli Xalq Teatrı Fransanın simvoluna çevrilir. Viların bu teatrdakı son tamaşası R.Boltanın pyesi əsasında "Tomas Mor, yaxud tənha insan” tamaşası olur. Bundan sonra Vilar çoxdankı arzusunu gerçəkləşdirir-sevimli bəstəkarı Verdinin operalarını səhnələşdirir: "Qüds” Venesiya, La Feniçe teatrında (1963), "Makbet” La Skala (1964), "Don Karlos” Verona (1969) və həmin La Skalada Mosartın "Fiqaronun toyu” (1964). Musiqi hər zaman Viların yol yoldaşı olmuşdur. Və təsadüfi deyil ki, çoxları onun bağlı qapı arxasından gələcək işlərini düşünərək fleyta çaldığını qeyd edirdilər. 1967-ci ildə Mədəniyyət Naziri Andre Malro onu Milli Operanın yenidən qurulması üzrə baş Komissar təyin edir. Operaya üçlüyün rəhbərlik etməsi nəzərdə tutulur: Jan Vilar, Moris Bejar və Pyer Bulez. Sonda işə siyasət qarışır. 1968-ci il mayın 15-də general de Qoll elan edir ki, "Respublikanın bütün səlahiyyətlərini qəbul etməyə hazırdır”. Buna etiraz olaraq Vilar istənilən bir inzibati işdən imtina edir. O, özünə yalnız Avinyon festivalını saxlayır. 1968-ci ilin iyul ayında Fransanın Avinon şəhərində üsyançı gənclər yığıldıqdan sonra festivalını müdafiə edən Vilar, çoxsaylı kütləyə qoşulur. Və bu, əlbəttə, izsiz ötüşmür. Payızda rejissor ürək infarktı keçirir. Jan Viların möhtəşəm planları var idi, lakin 25 may 1971-ci il qəfil ölüm bu arzuları yarımçıq qoyur. Rejissor ürək çatışmazlığından elə yuxudaca dünyasını dəyişir. Onu doğma Setdə dənizçi qəbirstanlığında dəfn edirlər. 
Xəbər lenti